Perspektivsiz Müsavat...

Day.Az представляет новость на азербайджанском языке

Day.Az SİA-ya istinadən yazını təqdim edir.

Müsavat partiyası son vaxtlar böhran içindədir desək, yanılmarıq. Narazılıqlar qarşıdurmalara çevrilir ki, bunun da sonu parçalanmalarla nəticələnir. Partiya daxilində fikir ayrılıqları hökm sürdüyü üçün elə bir xaos yaranıb ki, başqandan, onun müavinlərindən tutmuş sıravi üzvlərə qədər çaşqınlıq içindədirlər. Belə olan halda, partiyanın durumu haqqında optimist düşünməyə heç bir əsas qalmır. Əksinə, hadisələr acınacaqlı sonluqdan xəbər verir və ən yaxın zamanda Müsavat partiyasının sıralarında nümunə üçün bircə nəfərin belə qalacağına güman yeri yoxdur.

Mövcud vəziyyət, yəni intriqalar, qarşıdurmalar, konfliktlər problemlərin daha da artması deməkdir və bu da, öz növbəsində, Müsavat partiyasının acınacaqlı vəziyyətindən xəbər verir. Arif Hacılının təşkilatçı, yaxud rəhbər kimi öz funksiyalarını yerinə yetirə bilməməsi, bacarıqsızlığı nəticə etibarı ilə Müsavatın yerli rayon təşkilatları ilə aralarında ciddi narazılıqlar yaradıb. Hətta başqanın uğursuz fəaliyyəti müsavatçılarda ruh düşkünlüyünə səbəb olub və təmsil etdikləri partiyaya inamsızlıqları da göz qabağındadır. Bu inamsızlığın fonunda Müsavatın Lənkəran və İmişli təşkilatlarında bir neçə nəfər istefa verərək, partiya sıralarını tərk edib və Qubad İbadoğlunun rəhbərlik etdiyi "Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulub. Belə məlum olur ki, müsavatçıların A.Hacılıdan gözləntiləri heçə enib və artıq partiyada da, bu səbəbdən qalmaq fikrində deyillər. Partiya sıralarını tərk etmək və bu istefa dalğasının hələ bundan sonra daha hansısa bölgələri əhatə etməyəcəyinə heç kim zamin dura bilməz. Əksinə, görünür, rayon təşkilatları Müsavatın fəaliyyətindən tamamilə narazıdır və bu, özünü yaxın gələcəkdə açıq-aydın şəkildə büruzə verəcək.

A.Hacılının qısa bir zaman kəsiyində Müsavat daxilində bu qədər xaosa səbəb olması başqanın özü üçün çox acınacaqlıdır və imicinin olmamasından xəbər verir. İsa Qəmbər başqan vəzifəsindən uzaqlaşdıqdan sonra Müsavat söz-söhbət və hərc-mərclik partiyasına çevrilib. Amma Hacılının onun qanadı altında olduğu da ictimaiyyət üçün sirr deyil və nəzərə alsaq ki, sabiq başqanın nəzarəti bu vaxta qədər başqanın və üzvlərin üzərində olub, deməli, onun xəstələnməsi, siyasi fəaliyyətlə məşğul olmaq imkanının olmaması nəzarətin itməsinə və müsavatçıların dağılışmasına gətirib çıxaracaq. Belə çıxır ki, əgər həkiminin dediyi kimi olacaqsa, eks-başqan siyasətdən, siyasi fəaliyyətdən uzaqlaşacaqsa, Müsavatı daha acınacaqlı nəticə gözləyir. Bəlli olur ki, əgər İ.Qəmbər səhhəti ilə əlaqədar neytral mövqedə olsa, Müsavatın rayon təşkilatları bir-bir parçalanacaq, yaxud öz fəaliyyətlərini dayandıracaq və daha xırda qurumlara belə üz tutacaqlar.

Müsavat İsa Qəmbərin formalaşdırdığı komandadır və siyasətdən uzaqlaşması bu komandanın dağılması deməkdir

Sirr deyil ki, hazırda Müsavatda təmsil olunanlar vaxtilə İsa Qəmbərin özünün formalaşdırdığı komandadır. Sabiq başqanın səhhətinin pozulması, nəticədə, siyasi fəaliyyətdən uzaqlaşması, görünür, bu komandanın dağılması deməkdir. Nəzərə alsaq ki, A.Hacılının bu komandanın formalaşmasına aidiyyatı yoxdur və komandanın üzvlərinin başqanla, onun təyinatı ilə heç əlaqəsi yoxdur. Deməli, parçalanma hələ yenicə başlayıb və bu parçalanma bumunu ictimaiyyət hələ bundan sonra da müşahidə edəcək. Onsuz da cərəyan edən bəzi hadisələr məntiqi nəticəni vəd edir və görünən odur ki, bəzi fəallar belə, Müsavatın ən yaxın ətrafı belə partiyadan, onun tədbirlərindən böyük sürətlə uzaqlaşmaqdadır. Yalnız aidiyyəti olmayan bir çoxları, sanki leş qarğaları misalında Müsavata yaxınlaşır ki, buna yaxınlaşmaq yox, süqutun əlaməti kimi baxmaq daha doğru olar.

Əhrar partiyasının sədri Vaqif Hacıbəyli ancaq Müsavatda gəzib-dolaşır. Sözün əsl mənasında, elə əl-ayağa dolaşır. Müsavatın bu günə qalmasına təəccüb etməyə dəyməz və bu Arif, Vaqif və Mustafa qardaşları partiyanı, əqidəni gör nə qədər cılız başa düşürlər ki, özü partiya sədri olan biri, digər partiyada dolaşır və sədrlik etdiyi partiya barədə düşünmür. Hər qardaşın da bir partiyası var və belə getsə, Azərbaycanda partiyaların sayı əhalinin sayı ilə eyni olacaq. Sonra da deyirlər ki, söz azadlığı, ifadə azadlığı pozulur, insanların fəaliyyətinə mane olurlar. Təbii ki, bu ittihamlar reallıqla heç uzlaşmır və ictimaiyyət bunu çox layiqincə qiymətləndirir. Böhtançıların da qara-qışqırığına, həm də elə bu səbəbdən, məhəl qoyan yoxdur. Çünki həqiqət və reallıq, Azərbaycanda söz, ifadə azadlığı göz qabağındadır ki, bunu təkzib edənlər özlərini faş edir və böhtançı olduqlarını təsdiq edirlər. Qeyd etdiyimiz kimi, Müsavatda gəzib-dolaşan Vaqif Hacıbəyli utanmadan, ar etmədən hələ bir Müsavat adından da çıxış edir. Hətta bir çox hallarda A.Hacılının adından da danışır. Sanki bu adam Əhrar partiyasının sədri yox, Müsavatın, A.Hacılının sözçüsü rolunda çıxış edir. Yəni V.Hacıbəyli rəhbərlik etdiyi partiyanın sədri kimi deyil, başqa bir ampluada, Müsavatda özünü görür. Görünür, qardaşlar Müsavatı ailə partiyası etmək niyyətindədirlər. Yəqin aksiyalarda toplaşanların qohum-əqrəbadan ibarət olduğunu gördükdən sonra, belə düşünüblər ki, onsuz da tədbirlərində qohumları iştirak edəcəksə, partiya da elə qohumların, yaxud qardaşların partiyası olsun.

Pənah Hüseyn isə Arif Hacılıya əvvəlki kimi yaxınlıq etmir və dəstək də vermir. Hətta son üç ayda heç bir tədbirlərinə qatılmır da. Bu, o deməkdir ki, P.Hüseyn də Müsavatın dürümünün nə yerdə olduğunu qəbul edir və bu partiyadan heç bir umacağı, gözləntisi yoxdur. Daha doğrusu, başa düşür ki, Müsavatda umacaq bir şey qalmayıb və ummaq da mənasızdır. Təbii ki, Pənah Hüseynin də, öz növbəsində, bundan sonra Müsavata dəstək verəcəyinə heç Müsavatın da ümidi yoxdur.

Bu gedişlə Müsavat partiyasının vəziyyəti bundan sonra daha acınacaqlı olcaq və nəzərə alsaq ki, tərəfdarları belə üz döndərir, deməli, hələ çox üzvü partiya sıralarını tərk edəcək. Üzvlərinin belə tərk etdiyi, inanmadığı, etibar etmədiyi partiyanın perspektivləri barədə danışmağa belə dəyməz. Yəni belə bir partiyanın, nəinki perspektivi ola bilməz, hətta kağızda, sənəddə qalsa da, yaddaşlardan da silinəcəyi də günün reallığıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.