Manat ucuzlaşmayacaq

Day.Az представляет новость на азербайджанском языке

"Prezident seçkiləri başa çatdı, bahalaşma başlayacaq!", "Dollar alın, manat dəyərini sürətlə itirəcək!", "Pulunuz varsa, qızıla çevirin!"

Sosial şəbəkələrdə bu tipli "xəbərdarlıq"lar yayılır. Özlərini "xalqa canfəşanqlıq edən, vətəndaşları düşünən" kimi qələmə verməyə çalışanlar belə yazırlar. Onların arasında həmişə olduğu kimi, "ey mənim uca xalqım!" idiomasını çeynənmiş saqqıza çevirənlər xüsusi yer tutur.

Onlar inflyasiyanın olacağını yazır, devalvasiyanın qaçılmazığını vurğulayırlar.

Belədirmi?

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsinin parametrlərinə yenidən baxılmasını istisna etməyib.

Ölkənin büdcə qanunvreiciliyi dövlət büdcəsinin proqnozlarına yenidən baxmağa imkan verir. Fəqət, bu barədə danışmaq hələ tezdir.

Səbəb yetərincə sadədir: Azərbaycanda makroiqtisadi stabilliyi təhdid edə biləcək, manatın azad konvertasiya olunan valyutalara, xüsusilə də ABŞ dollarına, avroya və Britaniya funtuna, habelə Rusiya rubluna olan kursunu əhəmiyyətli şəkildə dəyişə biləcək risklər yoxdur.

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsinin bu il üçün gəlirləri 20,127 milyard manat, xərcləri isə 21,47 milyard manat səviyyəsində təsdiqlənib. Yəni dövlət büdcəsinin kəsiri 920 milyon manat və ya ümumdaxili məhsulun 1,3 faizi səviyyəsində proqnozlaşdırılıb.

Büdcə dünya bazarlarında xam neftin 1 barrelinin 45 dollarlıq qiyməti əsasında hesablanıb.

Beynəlxalq "Fitch Ratings" reytimnq agentliyi isə bəyan edib ki, bu il Azərbaycanda kreditlərə tələbat artacaq. Kreditləmənin artması yüksək kapitallaşma və likvidliyə malik banklarda daha sürətli olacaq.

Fundamental risklər qalsa da, stabilləşmə aşkardır.

Məsələn, Azərbaycanın bank sektorunda kapital əmsalı MDB məkanında ən yüksək səviyyələrdən birinə malikdir. Belə ki, ilkin mərhələ kapitalı 18 faizdir. Kapitalın adekvatlığı da elə bu göstəriciyə bərabərdir.

İndi gələk devalvasiya məsələsinə.

Azərbaycanda milli valyutanın qızıl standart şərtində qızılla dəyərinin aşağı düşməsi və bununla da hakimiyyət dairələrinin manatın kursunu yenidən müəyyənləşdirərək aşağı salmasına indi heç bir səbəb yoxdur.

Nə obyektiv, nə subyektiv.

Mərkəzi Bank real valyuta kursunuü aşağı salmağa yönəlmiş iqtisadi siyasətin yürüdülməsinə ehtiyac duyulması barədə bəyanat yaymayıb.

Milli valyutanın üzən kursu şəraitində manatın dəyərinin birbaşa rəsmi təyinatı olmur. Bu səbəbdən də manatın devalvasiyası üçün bilərəkdən ucuzlaşdırma ilə bağlı hər hansı hazırlıq olsa belə, bu prosesin təzahür amillərini pərdələmək, sadəcə, mümkün deyil.

İnflyasiyaya gəldikdə isə, sosial şəbəkələrdə "haray" çəkənlər iqtisadi proseslərlə bağlı diletant açıqlamalar verirlər. Onlar inflyasiya ilə devalvasiyanı səhf salırlar. Halbuki, inflyasiya yerli məhsul bazarında milli valyutanın alıcılıq qabiliyyətini səciyyələndirən amil, devalvasiya isə milli valyutanın xarici valyutalarla müqayisədə alıcılıq qabiliyyətidir.

Ona görə də Azərbaycanda inflyasiya və devalvasiya yoxdursa, onların barəsində danışmağın, müzakirələr açmağın özü məntiqsizlikdir.

Çünki Azərbaycanın ÜDMP həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyar manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Adambaşına düşən ÜDM 1178,7 manata çatıb.

Bununla yanaşı, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb.

Azərbaycanın ümumdaxili məhsulunun 48,3 faizi (təqribən 5,57 milyard manat) sənayenin, 6,2 faizi (715,57 milyon manat) inşaatın, 2,7 faizi (311,62 milyon manat) meşə, kənd və balıqçılıq təsərrüfatlarının hesabındadır.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.