Neftçalanın 19 kəndini əhatə edən yol yenidən qurulur - FOTO
Day.Az представляет новость на азербайджанском языке
45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.
Bu barədə Day.Az-a Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib.
Yolun uzun müddətdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilməməsinin nəticəsində yol boyu gediş-gəlişi çətinləşdirən qabarma və çökmələr yaranmışdı. Bu üzdən yolun sürətlə yenidən qurulması 44 mindən artıq əhalinin ürəyincə olub.
"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan tikinti layihəsinə uyğun olaraq, Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub.m sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının qum-çınqıl və optimal qırmadaş qarışıqlarından tikintisi işləri aparılır.
Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir. Bunun ardınca 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından örtüyün üst qatı döşənəcək. Asfaltlanma işləri 280 min kv.m sahəni əhatə edəcək.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün 80 ədəd yol nişanı, 47 ədəd km göstəricinin quraşdırılması, 141 km uzunluğunda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Bütün bu işlərdən sonra yol boyu müasir infrastruktur yaradılmış olacaq. Bunun nəticəsində vətəndaşların rayon mərkəzinə rahat gediş-gəlişi təmin olunmaqla onların yetişdirdikləri məhsulları tez və xarab olmadan bazarlara daşınmasına şərait yaradılmış olacaq. Bu isə yol boyu yaşayan vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре