Azərbaycanda dəm qazından ölən tanınmışlar

Day.Az представляет новость на азербайджанском языке

Hər il qış fəslində Azərbaycanda dəm qazından çoxlu sayda insan dünyasını dəyişir. Təəssüf ki, problemlə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə, məsələnin gündəmə gətirilməsinə baxmayaraq, vəziyyət düzəlmək bilmir.

Bildirək ki, son illər Azərbaycanda dəm qazından dünyasını dəyişənlər arasında tanınmışlar və onların yaxınları da az olmayıb. Məsələnin aktuallığına insanların diqqətini daha da cəlb etmək üçün son illər Azərbaycanda dəm qazından dünyasını dəyişən məşhurlar və onların yaxınlarının siyahısını hazırladıq...

- Bir neçə il öncə tanınmış publisist, ssenarist, İctimai Televiziyanın şöbə müdiri Rafiq Səməndərin ailəsində faciə yaşanıb. Belə ki, onun oğlu Kamran Ələddinov dəm qazından zəhərlənərək dünyasını dəyişib. K. Ələddinov publisistin yeganə oğlu idi.

- Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Həmin gün onun həyat yoldaşı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

- Millət vəkili Fazil Mustafanın oğlu Elçibəy Mustafayev və qayını Mahir Mirzəyev dəm qazından boğularaq ölmüşdülər. Onun oğlu 7, qayını isə 22 yaşında idi. Hadisə onların yaşadıqları evdə baş vermişdi.

- Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Səidov İsmayıl Valeh oğlu da dəm qazından dünyasını dəyişənlərdəndir.

- Dəm qazından zəhərlənərək ölənlər arasında tanınmış həkim də var. Belə ki, bir müddət öncə tanınmış cərrah-proktoloq, Bakı klinikalarından birində çalışan Rasim Həbibov da yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Mərhumun üç uşağı - oğlu və iki qızı qalıb.

- Dəm qazından zəhərlənənlər arasında tibb elmləri doktoru, professor Əlişir Musayev də var. Ə. Musayev Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur. O, Milli Məclisə keçirilmiş seçkilərdə deputatlığa namizəd olub. Həkimlərin vaxtında müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

- Bir müddət öncə paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada dəm qazından ölən 2 nəfər isə Azərbaycan Tibb Universitetinin müəllimləri idilər.

- Bu ilin əvvəlində tanınmış idmançı, karate üzrə qara kəmər ustası, əməkdar məşqçi Rövşən Veysəlov da dəm qazından boğularaq dünyasını dəyişib. Mərhumun qızı Xədicə Veysəlovanın bildirdiyinə görə, həmin gün anası və qardaşı da dəm qazından zəhərlənib.

Polis polkovniki olan Rövşən Veysəlov pedaqoji fəaliyyətlə də məşğul idi. Qarabağ müharibəsi veteranı olmuş R. Veysəlov Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt şəhər şöbəsinin sədri idi.

- Bakıda dəm qazından ölənlər arasında başqa ölkələrin vətəndaşları da var. Məsələn, bir neçə ay öncə Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verən dəm qazı zəhərlənməsində orada kirayədə yaşayan, Kamerun Respublikasının 5 vətəndaşı ölmüşdü. Ölənlərdən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçu idi.

- Paytaxtın Nərimanov rayonu, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də baş verən bədbəxt hadisə nəticəsində isə Azərbaycan çempionu dünyasını dəyişmişdi. Belə ki, 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kikboksinq üzrə Azərbaycan çempionu idi. Dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev gecə hamamda olarkən dəm qazından zəhərlənmişdi. Onun qardaşı Rolan Quliyev də peşəkar kikboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısı idilər.

Bunları bilmək vacibdir

Təəssüf ki, əksər insanlar dəm qazından zəhərlənənlərə ilkin yardım barədə məlumatlı deyillər. Kimisi belə hadisənin şahidi olan zaman özünü itirir, kimisi zərərçəkmişə yardım etmək əvəzinə göz yaşı tökür və s. Halbuki zəhərlənən şəxsə ilkin tibbi yardım vaxtında göstərilsə, bəlkə də onun həyatını xilas etmək olar. Bunu nəzərə alıb, sonra dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardımla bağlı zəruri məlumatları təqdim edirik.

- İlk növbədə zərər çəkən şəxsi dərhal açıq havaya çıxarın.

- Dərhal "təcili yardım" çağırın.

- Zərərçəkmişi yarıoturaq vəziyyətdə saxlayın. Bununla onun ağciyər ödəminin qarşısını almaq olar.

- Zəhərlənən şəxsin alnına və yaxud sinəsinə soyuq kompres qoymaq vacibdir.

- Zərərçəkmişin əynindəki paltarın yaxasını, kəmərini açın.

- Əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanıbsa, dərhal ürək nahiyəsini masaj edin və ya süni nəfəs verin.

Yeniavaz.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.