Bakıda gölün ortasından yol çəkilir

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Day.Az-a verilən məlumata görə, Bakının Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasının başlanılıb. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir.

Belə ki, 2,7 km uzunluğunda olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni 15 m təşkil edəcək. İstiqamətləri ayırmaq məqsədi ilə 1 m enində yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 m olacaq.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 m təşkil edəcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən, günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.