Prezident seçkisi: müstəqilliyə və inkişafa verilən səs!

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda keçirilən prezident seçkisinə marağın böyük olacağı öncədən proqnozlaşdırılırdı. Bu hadisəyə fərqli yanaşmaların da ola biləcəyi gözlənilirdi. Seçki prosesinin tam demokratik tələblərə cavab verməklə şəffaf baş tutacağına qətiyyən şübhə yox idi.

Day.Az newtimes.az-a istinadən xəbər verir ki, obyektiv mövqe tutanlar da bunu təsdiq edirlər. Lakin elə dairələr mövcuddur ki, onların qərəzli və böhtançı qiymət verə biləcəyini istisna etmək olmazdı. Doğrudan da, növbəti dəfə Azərbaycanın uğuruna qısqanc münasibət özünü göstərdi. Bəzi müşahidəçilər özlərindən qüsurlar uydurmağa çalışdılar. Onların davranışları göstərdi ki, Azərbaycanın nailiyyətlərini həzm edə bilməyənlər hələ də vardır. Lakin həqiqəti heç kəs inkar edə bilməz. Azərbaycan müstəqil dövlət quruculuğunu qətiyyətlə davam etdirir. Ölkənin idarəçiliyi əmin, etibarlı əllərdədir. Azərbaycan xalqı öz Prezidentinə inanır və onun arxasınca getməyə hazırdır.

Qısqanclıq: bir sıra dairələrin köhnə mərəzi

Müstəqil Azərbaycanda keçirilən seçkilərə dünyada maraq həmişə çox olub. Sirr deyil ki, müəyyən dairələr ondan Azərbaycana qara yaxmaq üçün istifadə etmək üçün dəridən-qabıqdan çıxıblar. Budəfəki prezident seçkisinə hansı reaksiyanın olacağı bu baxımdan öncədən maraq doğururdu. Təbii ki, bizim üçün vəziyyət kifayət qədər şəffaf idi. Azərbaycan xalqı siyasi cəhətdən yetkindir və kimə səs verməli olduğunu çox gözəl bilir. Haqlı olaraq da İlham Əliyev növbəti dəfə dövlətə başçı seçildi. Onun 86,03 faiz səs toplaması da tamamilə gözlənilən idi. Müxtəlif analitik-sorğu mərkəzlərinin apardığı araşdırmalar da bunu proqnozlaşdırırdı.

Lakin məsələnin başqa tərəfi də vardır - beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkiyə hansı münasibəti bildirəcəkdilər? MDB və ŞƏT-dən olan müşahidəçilər prosesin demokratik tələblərə tam uyğun keçdiyi barədə fikir bildiriblər. Biz vətəndaşlar da şahidik ki, seçki məntəqələrində bir şəffaflıq, azad səsvermə imkanları, demokratik abı-hava vardı. Vətəndaşlar sərbəst qaydada məntəqələrə gəlir və kimə istəsələr səs verirdilər.

ATƏT-in müşahidəçiləri isə bütün bunları bir kənara qoyaraq, uydurma arqumentlərlə çıxış etməyə üstünlük verdilər. Onlar keçirdikləri brifinqdə 12 məntəqədə qüsurların olduğu barədə danışdılar, seçkidə rəqabətin kifayət qədər olmadığını söylədilər. Doğrudur, Azərbaycan jurnalistləri bu haqsızlığa etiraz səslərini ucaltdılar. Bu kimi hərəkətlərin qərəzli xarakter daşıdığını müşahidəçilərin diqqətinə çatdırdılar. Təbii ki, seçkinin nəticələrinin reallığı əks etdirdiyi fikri müşahidəçilərin böyük əksəriyyətində var idi. Ancaq məsələ ideoloji baxımdan diqqəti çəkir.

Bununla bağlı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Twitter" səhifəsində maraqlı və ədalətli fikirlər ifadə edib. Novruz Məmmədov qeyd edib ki, "Beynəlxalq" Seçki Müşahidə Missiyasının prezident seçkiləri ilə bağlı bəyanatının məhz indiki variantda verilməsi təəccüblü deyil. Bundan başqa, Missiyanın tərkibində olanların əksəriyyəti seçki haqqında müsbət fikirdədir. Bəs bu məqam niyə nəzərə alınmır? Alınmırsa, bu müşahidə missiyası necə demokratik adlana bilər? Ayrıca, Novruz Məmmədov yazır ki, həmin hesabat əvvəlcədən hazırlanmışdı. Bu da "tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir".

Novruz Məmmədovun bu qənaəti özünün tam təsdiqini tapdı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) prezident seçkilərini müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi bəyan edib ki, DTİHB-nin missiya rəhbərinin müavini Stefan Krause bu qərəzli hesabatın hazırlanmasında fəal iştirak edib. Üstəlik, o, seçkidən sonrakı faktlara baxmayaraq, sadəcə, öncədən hazırlanmış materialı oxuyub. Bu necə müşahidəçilikdir? Bu necə demokratiyadır?

Təcrübə göstərir ki, Qərbin bir sıra təşkilatları Azərbaycana qarşı subyektiv mövqelərindən çəkinə bilmirlər. Onlar göz görə-görə çox haqsız mövqe tuturlar və bir qayda olaraq antiazərbaycan kampaniyasının bir parçasına çevrilirlər. Özü də bunu Azərbaycan üçün əhəmiyyətli olan tədbirlərdə daha çox edirlər. Xatırladaq, Azərbaycan hər hansı mötəbər beynəlxalq tədbir keçirəndə Avropanın bəzi dairələrindən qarayaxma kampaniyası start götürür. "Avroviziya" mahnı müsabiqəsi zamanı bunun şahidi olduq. Beynəlxalq səviyyəli idman tədbirləri keçiriləndə də analoji reaksiyalar müşahidə edildi. Müxtəlif uydurmalarla həmin tədbirlərin əhəmiyyətini azaltmağa çalışırlar.

Seçkilər isə bu prosesdə xüsusi yer tutur. Adətən Ermənistan və Gürcüstanda keçirilən seçkilərə müsbət qiymət verirlər, bunların fonunda isə Azərbaycandakı seçkini mənfi qiymətləndirirlər. 2008-ci ildə Ermənistanda seçki zamanı meydanlarda etiraz edən insanları gülləboran etdilər. Bu hadisəyə beynəlxalq təşkilatlardan elə bir sərt təpki olmadı. Əksinə, Ermənistandakı seçkini müsbət qiymətləndirdilər. Hətta Ermənistanı regionda demokratik dövlət adlandırdılar. Guya Rusiyanın bu vassal ölkəsi "qismən azad" ölkədir.

İndi də Ermənistandakı parlament və prezident seçkiləri barədə söz deyən yoxdur. Orada müxalifətin etirazları ilə bağlı təhqiqat aparmaq fikrinə düşən də gözə dəymir. Həmin ATƏT ağzına su alıb durur. Buna rəğmən, Azərbaycandakı prezident seçkisi haqqında reallığa uyğun olmayan və iftira xarakterli informasiyalar yaymaqdadırlar. Səbəb nədir?

Gələcəyə inamla: xalqın səsi

Əsl səbəb odur ki, Azərbaycan milli maraqlara xidmət edən müstəqil siyasət yeridir. Kənardan kimsənin əmrlərinə boyun əymir. Rəsmi Bakı bütün situasiyalarda ilk olaraq dövlətin maraqlarını gözləyir. Bu da bir sıra dairələri heç cür qane etmir. Bir müsəlman respublikasının bu qədər qürurlu durması gözlərinə ox kimi sancılır.

Digər səbəb Azərbaycanın daxili siyasətdə ciddi uğurlara imza atması ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, İlham Əliyev ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanda dünyanın diqqətini çəkən irəliləyişlər əldə edilib. İnfrastruktur tamamilə yeniləşib. Bütün sahələr üzrə idarəetmədə islahatlar aparılıb. İqtisadi və enerji sferalarında sürətli inkişaf özünü göstərib. Azərbaycan cəmiyyəti modernləşmə sayəsində bütövlükdə inkişaf edib. Daxili sabitlik hökm sürür. Ölkədə yaşayan bütün insanların hüquqları təmin edilir. Harmonik inkişaf tempi azalmır. Cəmiyyət sürətlə güclənir və müstəqillik möhkəmlənir.

Dövlət strukturları ictimai təşkilatlarla aktiv surətdə qarşılıqlı əlaqədədirlər. Dövlət proqramlarının reallaşmasına ictimai nəzarət həyata keçirilir. Bu da cəmiyyətin idarə edilməsində şəffaflığı yüksəldir. Qeyri-neft sektoruna diqqət daha da artır. Bu sferada olan inkişaf özünü getdikcə daha çox göstərir.

Prezident İlham Əliyev cəmiyyətdə sosial münasibətlərdə harmoniyanın təmin edilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycanda multikultural cəmiyyət modeli artıq bir nümunəyə çevrilib. Burada müxtəlif etnik qruplara mənsub olan insanlar, fərqli dinlərə etiqad edənlər, müxtəlif mədəniyyət daşıyıcılar dinc yanaşı yaşayırlar. Artıq düşmən də anlayır ki, Azərbaycanda daxili ixtilaflar yaratmaq qeyri-mümkündür.

Bunlardan başqa, Prezident İlham Əliyev regional əməkdaşlıq istiqamətində yeni təşəbbüslərlə çıxış edir. Onun təklif etdiyi üçtərəfli və dördtərəfli əməkdaşlıq modelləri özünü tamamilə doğruldub. İndi Azərbaycan regionun bütün böyük dövlətləri ilə konstruktiv əməkdaşlıq edir və bu proses getdikcə daha da genişlənir. Enerji və nəqliyyat sahələrində həyata keçirilən beynəlxalq layihələr dünya miqyasında öz töhfəsini verir. Azərbaycan artıq özü təhlükəsizlik modellərinin təşəbbüskarıdır. Bunu mütəxəssislər dövlətin müstəqilliyi və suverenliyi aspektlərində yüksək qiymətləndirirlər.

Burada Prezident İlham Əliyevin münaqişələrin həllinə ədalətli yanaşmasını da mütləq vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti münaqişələrin sülh yolu ilə həllinə daim sadiqdir. İlham Əliyev regional əməkdaşlıqdan da bu məsəldə istifadə etməyin əleyhinə deyil. Lakin başlıca şərt belədir: müstəqil dövlətlərin daxili işlərinə qarışılmamalı və ölkələrin ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir!

Bunların fonunda mütəxəssislər Azərbaycanda ordu quruculuğunun dinamikasına da diqqət yetirirlər. İlham Əliyev bu istiqamətdə sistemli və davamlı addımlar atır. Nəticədə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü olub və təhlükəsizliyin keşiyində dayanıb.

Bütün bunlardan belə nəticə çıxır ki, Azərbaycanda İlham Əliyevin yenidən dövlətə başçı seçilməsi daha çox xarici dost olmayan dairələri narahat edir. Onlar ehtiyat edirlər ki, Heydər Əliyevin varisi Azərbaycanı daim inkişaf etdirəcək və qətiyyətli siyasəti ilə daha böyük uğurlara imza atacaq. Bunun fonunda Ermənistan zavallı və aciz durumda qalmaqda davam edəcək. Azərbaycan gec və ya tez ərazi bütövlüyünü bərpa edəcək və erməni təcavüzünə son qoyacaq.

Bunlardır İlham Əliyevin yenidən Prezident seçilməsindən bir sıra dairələrin narahat olmalarının başlıca səbəbləri. Onların demokratiya, azadlıq, insan haqları kimi gəlişigözəl sözlərdən bəhs etməsi gözə kül üfürməkdən başqa bir şey deyildir.

Ancaq bir həqiqəti mütləq vurğulamaq gərəkdir. Hansı qüvvələrin nə demək istədiyindən asılı olmayaraq, Azərbaycan müstəqil xarici və daxili siyasətini yeridəcək. Prezident İlham Əliyevin dəqiq müəyyən edilmiş dövlət quruculuğu konsepsiyası mövcuddur. Ulu Öndər tərəfindən müəyyən edilmiş həmin kurs müasir çağırışlara uyğun olaraq yeniləşir və zamanın tələblərinə cavab verir. Azərbaycanın bu yoldan dönməsi mümkün deyildir!

Bizcə, son prezident seçkisinin əsas dərsi bundan ibarətdir. Azərbaycan xalqı öz səsi ilə bir daha bütün dünyaya mesaj verdi ki, müstəqillikdən və dinamik inkişafdan onu kimsə çəkindirə bilməyəcək! Bu yolda xalq öz Prezidentinin arxasınca gedəcək!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.