Yazısı olmayan bir dilin əlifbası bərpa edildi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan öz mədəni zənginliyi ilə dünyaya nümunə ölkələrdən biridir. Ölkəmizdə ayrı-ayrı millətlərin nümayəndələri mehriban şəkildə illərdir birgə yaşayırlar. Eləcə də kiçik etnik qruplar da Azərbaycanın tolerant mədəniyyətindən öz nəsiblərini alırlar. Növbəti xəbərimizdə Qubada yaşayan Buduqlulardan, daha doğrusu bu kənd sakinlərinin dilindən danışacağıq. İndiyədək şifahi şəkildə qorunub saxlanan bu dilin latın qrafikası ilə əlifbası tərtib olunub.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yazısı olmayan bir dilin əlifbası bərpa edildi.

Söhbət Quba rayonunun ucqar Buduq kəndindən gedir. Qədim tarixə malik Buduq kəndində özlərini budadlar adlandıran etnik buduqlular yaşayır. Özlərinə məxsus dilə malik olan kənd sakinləri indiyə qədər bu dili şifahi şəkildə qoruyub saxlayıblar. Dilin əlifbası olmadığı üçün bu dildə yazmaq və dili gələcək nəsillərə ötürmək mümkün olmurdu.

Quba rayon Alekseyevka kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Adıgözəl Hacıyev Buduq dilinin latın qrafikası əsasında əlifbasını tərtib edib.

Adıgözəl Hacıyev deyir ki, buduq dili geneloji təsnifatına görə İber-Qafqaz dil ailəsinin Dağıstan qrupunun Şahdağ dilləri yarımqrupuna daxildir və qədim türk dillərindən biridir. Bu dildə boğaz səsləri çoxluq təşkil etdiyi üçün əlifba tərtib olunarkən xüsusi ştrixlərdən də istifadə olunub. Bu ştrixlər sayəsində səslər bir-birindən fərqləndirilir.

Buduq dilinin zənginliyi həm də ondan ibarətdir ki, burada feil, əvəzlik və digər nitq hissələri kişi, qadın, qız və cansız olmaqla 4 cinsə görə fərqləndirilir.

Adıgözəl Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda 15 minədək buduqlu yaşayır. Onlardan yalnız 1000 nəfərə qədəri buduq dilində danışa bilir. Bu əlifbanın tərtib olunmasında məqsəd də qədim mədəniyyətin daşıyıcısı olan bir dilin itməsinin qarşısını almaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.