Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Day.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.