Prezident İlham Əliyev: Su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil

Su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı bildirib:

"İndi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik. Mən bir müddət bundan öncə bütün bu işləri nəzərə alaraq və bu sahədə vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri təmsil olunur və artıq mənə verilən ilkin məlumata görə, konkret tədbirlər planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilibdir. Yaxın zamanlarda biz çox geniş tədbirlər planını təsdiqləyib, icra etməyə başlayacağıq. İstisna edilmir ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam etsin. Çünki dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb. Mənə, məsələn, Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək. Eyni zamanda, koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik".