Daşkəsən dəmir filizi yatağının istismara verilməsi üçün ilkin olaraq üç milyon manat ayrıldı

Prezident İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Day.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.64-cü bəndində göstərilmiş məbləğdən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.