Prezident İlham Əliyev: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik

Biz İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfərini daha bir dəstək göstəricisi kimi nəzərdən keçiririk.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bizim siyasi münasibətlərimiz çox yaxşıdır. Biz möhkəm əməkdaşlığımızı davam etdiririk və bu əməkdaşlıq münaqişə vaxtında sınaqdan keçdi. Biz İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfərini daha bir dəstək göstəricisi kimi nəzərdən keçiririk. Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Biz onları İtaliya səfirliyi vasitəsilə dəvət etdik. Bizim əvvəlki təmaslarımız da olub, çünki İtaliya şirkətləri burada neft-kimya, neft emalı, tikinti, memarlıq sahələrində böyük layihələrdə iştirak edib. Müharibədən sonra dediyim kimi, biz dost ölkələrdən şirkətləri dəvət edəcəyik. Bu da təbiidir, çünki müharibə dövrü bizə "kimin kim olduğunu" göstərdi. Müharibə hər şeyi aydınlaşdırdı".