Rəcəb Tayyib Ərdoğan: Qırx dörd günlük müharibə nəticəsində Qarabağ sahiblərinə qovuşdu

Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı bildirib:

"Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anlamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təəssüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan etdikləri bir bina.

15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevi rəhmətlə anırıq, ruhu şad olsun deyirik.

Bildiyiniz kimi, qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz söz, çox şükür, yerinə yetirildi.

Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşacaq. Təkbətək görüşdə də əziz qardaşım bunları mənə xüsusilə danışdı. Hava limanına, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və inanıram ki, bu bölgə o dövrdə turizmdə də ciddi bir sıçrayışı yaşayacaq.

".