Prezident İlham Əliyev: Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini ləngidir
Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi öz əksini tapıb.
Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.
Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir.
Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре