Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun təmirinə 9,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.