Prezident İlham Əliyev: Sabah Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik

Sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək - biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  bunu Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək - biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm.

Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir".