Tikintidə faciəyə səbəbkar olmuş şəxs məhkəmə qarşısına çıxdı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəməsi başlayıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Rövşən Hüseynli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi.

O, hadisə baş verməmişdən əvvəl tikinti aparılan yerə gəldiyini qeyd etdi: "Həmin vaxt beton tökülürdü, fəhlələrdə işləyirdi. 2-3 dəqiqə keçməmişdi ki, beton tökülən yerdə uçqun oldu. Həmin vaxt 6-7 nəfər fəhlə işləyirdi".
 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bağ evinin tikintisi üçün layihəni hazırlayıb və həm də tikintiyə ümumi rəhbərlik edib. O, qeyd etdi ki, fəhlələrə iş zamanı ehtiyatlı olmağı tapşırıb: "Fəhlələrlə əmək müqaviləmiz yox idi. Çünki fəhlələr tez-tez dəyişirdi. Hər fəhlə tikintidə 4-5 gündən artıq işləməyib. Onları hər dəfə əmək mühafizəsi qaydaları ilə tanış etmişik. Fəhlələrə tikintidə mühafizə olunan geyimlərdə vermişdik. Istəyən geyinirdi, istəməyən geyinmirdi".
 

Zərərçəkmiş Mustafa Taşqran bildirdi ki, heç kimdən şikayətçi deyil. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədi. Mustafa Taşqranın sözlərinə görə, tikintidə nəzarətçi olub:

"Tikinti inşa olunan zaman Azərbaycanda olmamışam. Ramazan bayramı ilə bağlı Türkiyəyə getmişdim. Türkiyədən qayıtdıqdan sonra inşa olunan bağ evinə getdim. Orada beton tökülürdü. Beton tökülən tikilinin altında dayanmışdım. Həmin vaxt uçqun oldu, üstümə beton töküldü. Möcüzə nəticəsində sağ qalmışam. Mənim yanımda olan fəhlə öldü. Bu hadisə ehtiyatsızlıqdan baş verib".
 

Mustafa Taşqran bildirdi ki, Azərbaycanda 18 ildir tikinti sektorunda çalışır. Onun sözlərinə görə, bundan da ağır işlər görüblər. O, ilk dəfədir belə faciə ilə rastlaşdığını bildirdi. Məhkəmə iclası dekabrın 10-da davam etdiriləcək.
 

İttihama görə, Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyev bağ evinin tikilməsi üçün Rövşən Hüseynli ilə müqavilə bağlayıb.
 

Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası ilə həmin ünvanda bağ evinin inşasına başlayıb. Bu ilin avqustun 20-də tikilməkdə olan bağ evinin beton örtüyü uçub. Orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqunun altında qalıb. Hadisə zamanı Emin Hüseynov ölüb, Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.