Zamanın özü, yazıçının sözü: кim idi Qantəmir? Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Ötən əsrin 20-ci illərində imzası qəzet və jurnal səhifələrində tez-tez görünən gülüş dolu kiçik hekayələri ilə diqqət cəlb edən Qantəmir Azərbaycan ədəbiyyatında nəsrin, xüsusilə də satirik hekayə janrının yaranma və inkişafında müəyyən xidməti olan görkəmli yazıçılarımızdan biridir. Onun hekayələrini oxuduqca tamamilə əmin olursan ki, o dövrün ab-havasından, zamanın, quruluşun diktəsindən, ziddiyyət dolu həyatın əsl üzündən xəbər tutmaq istəyirsənsə, gərək Qantəmirin yaradıcılığına müraciət edəsən. Adətən onun satirik üslubda yazdığı nəsr nümunələrində tipin dili ilə dövrün bütün ziddiyyətləri, baş vermiş mürəkkəb proseslər, müxtəlif hadisələr olduğu kimi qələmə alınıb.

Kim idi Qantəmir? Əslində onun adı Qafur, soyadı Əfəndiyevdir. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.

Təhsilini başa çatdırdıqdan sonra Qafur Əfəndiyev bir müddət "İqbal" məktəbində müəllimlik edib. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib. Uzun müddət Sabirin şeirlərinin təsirindən çıxa bilməyib. Qantəmirin əsərlərini oxuduqca hekayələrində məhz Sabir ruhunun təsirini aydın duymaq olur. Doğrudur, Qantəmir əsasən şeir yox, hekayə yazırdı, sadəcə fərq bundan ibarət idi. Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı.

Maraqlıdır ki, Qafur Əfəndiyev 1911-ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Türkiyə mühiti gəncin həyatında xüsusi bir mərhələ təşkil edib. O, burada da yaradıcılıqla məşğul olur, kiçik hekayələr yazırdı. Yəqin ki, elə Qantəmir imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına, mühitinə İstanbul ruzigarı gətirənlərdən biri də məhz unudulmaz və sevimli yazıçımız Qantəmir olub. Gəncliyində yazdığı bir-iki şeiri nəzərə almasaq, bu yazıçı ədəbiyyatımızda əsasən satirik hekayələr müəllifi kimi öz adını əbədi həkk etdirib.

Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Qantəmir xalqın savadlanması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib.

Bir maraqlı faktla da üzləşdik ki, aldığı müfəssəl təhsillə heç zaman kifayətlənməyən Qantəmir 1924-cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Müəllim, yazıçı olan Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan Qantəmir həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.

Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.

Bir sıra tədqiqatçılar onu sovet yazıçısı adlandıraraq bu təmayüllü ədəbiyyatın inkişafında böyük rolu olduğunu bildirirlər. Belə yazanlar da var: "Onun əsərlərində yeni həyat tərənnüm olunur, ictimai tərəqqiyə malik olan köhnəlik və azadlıq düşmənləri kəskin satira atəşinə tutulur". Doğrudur, sovet zamanında yaşayıb yaratmışdı Qantəmir. O, quruluşa nə dərəcədə inanırdı, rejimin diktəsi və təzyiqləri altında hansı əzabla çalışırdı, yalnız özü bilərdi. Sovet dövründə yaradan yazıçıların ünvanına çamır atmaq ən azı ədalətsizlikdir.

Bir məsələni etiraf etmək lazımdır ki, sovet dövründə ədəbiyyata məhz istedadlılar gəlirdi. İndi isə çoxu gəlir. Zamansa hər şeyi ələyib sınaqdan keçirir. Əsrdən-əsrə keçib qalmaq, yaşamaq o qədər də asan deyil. Bu gün də Qantəmirin əsərləri ideyasına, ictimai məzmununa, bədii dəyərinə görə öz əhəmiyyətini itirməyib. Müəllifin "Buğda qurusu" adlı hekayəsinin proloqunda oxuyuruq: "Adam da var adam da. Kiminin dili var, qələmi yoxdur, kimininsə qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi. Bu cür adama bizlərdə kənd ağsaqqalı deyərlər. Alim məclisində, üləma yığıncağında ağsaqqal dinməz, danışmaz, qulaq asar. Ona baxar, qeyriləri də danışmaz. Böyük var, kiçik var, alim var, üləma var, axund var... ölkə sahibsiz deyil ki? Dünya bir qıldan asılıdır və o qıl da qılıncdan kəskindir. Küləyi, suyu, daşı, torpağı, ağacı, heyvanı əlbəttə, bir yaradan var".

1927-ci ildə yazılıb bu hekayə. Əlavə izahata ehtiyac yoxdur. Yaxud da başqa bir hekayəsində ("Dəfatirati-üzviyyə") müəllif öz qəhrəmanını belə təqdim edir: "22-ci ildən bəri firqəçi olduğu halda... hamı ona komsomol Məhəmməd Cəfər deyir. O, bütün mənası ilə ziyalı bir firqəçidir... bizlərdə belə bir məsəl var: "Əməlisaleh olan övlad dayısına oxşar". Məmməd Cəfər də rəhmətlik dayısı Hacı Səttar bəyə çox oxşayır. Deyirlər ki, Hacı Səttarın danışdığı sözlərin yüzdə doxsan beş hissəsi yalandır". Fikir verirsinizmi, komsomolçunun, firqəçinin portretini necə ustalıqla yaradıb. Müəllif 1930-cu ildə yazıb bu hekayəsini. O dövr üçün bu, heç də asan bir məsələ deyildi. Əsl həqiqəti çox ustalıqla tipin dilindən söyləyərək gələcək üçün mənbə hazırlayıb.

Dövrün, zamanın eybəcərliklərini çox məharətlə hekayələrində verməyi bacaran Qantəmirin "Vəsiyyət" adlı başqa bir əsərinə diqqət yetirək: Ata ölümündən əvvəl bir vəsiyyətnamə yazdırıb. On bir bənddən ibarət həmin vəsiyyətin onuncu bölümündə oxuyuruq: "Namazımı xəlvət qıldırın. Amma özümü muzıka ilə dəfn edin. Bunun sizə faydası olar". Bəli, şura hökuməti dini qadağan etdi, namazın, orucun üstündən xətt çəkdi. Dünyasını dəyişənlərimizi şəriətlə, adətlə yox, məhz "müasir" formada, hətta musiqi ilə dəfn etməyi zorla həyata keçirirdi. Buna əməl etməyənləri isə zindanlar, Sibirə sürgünlər gözləyirdi. Övladlarını bu çək-çevirdən qorumaq üçün ata "mənim namazımı xəlvətcə qılın" deyirdi. Bu arzunu, bu etirazı yaddaş kimi qələmə alan Qantəmir öz əsərində atanın dili ilə onu da bildirirdi ki "ağlımı itirməmişəm, huşum yerindədir bu vəsiyyətləri edirəm". Bu vəsiyyətin böyük əhəmiyyəti ondadır ki, onun hər bir bəndində dövrün sərt havası, şura hökumətinin minbir davası çox açıq-aydın duyulur.

Məsələn, "əgər qardaşlardan biri tutulsa, familiyanızı elə dəyişdirin ki, qardaş olduğunuz bilinməsin". Repressiyaya qarşı dərin nifrətin bundan dürüst ifadəsi necə ola bilər?! Bir də sonda görün ata nə deyir: "Tinlərdə danışılan sözlərə qulaq verməyin... Düz on il olur ki, Azərbaycan şuralaşıbdır. Əgər dağılsaydı, indiyə qədər dağılardı". Amma atanın atmacalarından, iradlarından bir məsələnin mahiyyəti tam aydınlaşır. Əbədi heç nə yoxdur...

"Qisas alındı" hekayəsində də müəllifin məqsədi aydındır. Şura hökuməti qurulandan sonra bir çoxları öz qan düşmənlərindən intiqam almaq üçün yaxşı fürsət əldə etdilər. Hekayədə oxuyuruq: "Azərbaycanda aprel inqilabı oldu. Cəfərqulu Fərhad bəyin evlərini zəbt və özünü isə həbs etdirdi. Həbs etdirmək üçün iki nəfər qırmızı ordu əsgərlərindən götürüb tapançasını hazırladı. Cəfərqulu evi zəbt edəcək və Fərhad bəyi "inqilab komitəsinə" sağ gətirməyəcəkdi. "Qaçırdı, yolda vurdum" - deyəcəkdi.

Bir başqa hekayəsində isə iki tipin danışığı diqqət çəkir:

- Bir sən məni başa sal görüm, axı Lənkəranda aldığım kaverkot paltarlar, şevyot kostyumlar necə olub ki, indi belə köhnə paltarda gəzirsən? Məsələn, mənimlə bərabər tikdirdiyin 43 manatlıq tufliləri nə əcəb geyməyib belə sarı sandalda dolanırsan?

- Nə şevyot, nə kaverkot? Məgər sənin dünyadan xəbərin yoxdur? Adamın həştati-püşti yandırılan günləridir. Hələ gəlib burada səninlə çay içdiyimi qənimət saymırsan? Özün də sus, yavaş danış.

Qantəmir satirik yazıçı olduğundan onun yaradıcılığında yumor çox qüvvətlidir. Və bu gülüşün ahəngindəki həqiqətlər bu gün bizə bir çox qaranlıq mətləblərin aydınlaşmasında kömək edir. Onun əsərlərindəki psixoloji anlar, dialoq və münaqişələr elə bir tərzdə qələmə alınıb ki, təkcə öz dövrü üçün deyil, bütün zamanlarda həyatı düzgün, bədii əks etdirməsinə görə Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilməyə layiqdir.

Arif Abdullazadə yazıçının 1972-ci ildə çap edilmiş "Seçilmiş əsərləri"nə yazdığı ön sözdə bildirir: "Qantəmir realist yazıçıdır. Bu realizmin gücü hər şeydən əvvəl Azərbaycan xalqının 1905-ci inqilabından sonrakı və xüsusən sovet dövrü həyatını, məişətini yeni cəmiyyətin bir çox ictimai xüsusiyyətlərini (bəlkə də ən çox bəlalarını - F.X.) real, bədii cizgilərlə əks etdirməsindədir". Qantəmirin realizmində həyatın təsviri tənqidi mövqe, satirik gülüş və yumor ilə üzvi surətdə bağlanır. Ədibin yaradıcılığında satira daha qüvvətli olduğundan, yumor, gülüş özünün ən yüksək ifadəsini yalnız bu satirada tapır. Ciddi və aydın kompozisiya, rəvan və duzlu dil, tam portretli və bitkin xarakterli obrazlar qalereyası Qantəmir yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdir".

Qantəmirin bədii yaradıcılığı haqqında tam və ətraflı bilgiyə nail olmaq üçün əsərlərini bu günün gözü ilə mütaliə etmək gərəkdir. Onda əmin olursan ki, o, həqiqətən də uzaqgörən və müdrik bir insan imiş. Hekayələrinin hər birinin ayrıca mövzusu, obrazları və işlənməsi, təsviri olmasına baxmayaraq bütün əsərlərinin bir ümumi cəhəti diqqət çəkir. O, ictimai mövqeləri, mənəvi xüsusiyyətləri ilə əks-cəbhələrdə dayanan obrazlar qrupunu o qədər maraqlı, bədii və təbii yaradıb ki, məhz bu qrupların münasibətində yaranan təzadlı mənzərədə dövrün coğrafiyası olduğu kimi görünür.

Müəllifin yaratdığı obrazlar öz daxili aləmlərini nitqləri vasitəsilə bəyan edirlər. Onun hər bir hekayəsində satirik tipin xüsusiyyəti həm də əsərin ideyasını aydınlaşdırır. Bu da bir həqiqətdir ki, müəllifin satirik hekayələrində həm də Mirzə Cəlil üslubunun təsiri hiss edilir. Heç ola bilməzdi ki, Qantəmir "Molla Nəsrəddin" ədəbi məktəbinin təsirini öz yaradıcılığında hiss etdirməyəydi. Elə bu məktəbin ən qabil nümayəndələrindən biri də məhz Qantəmir idi. Arxivlərdə olan fotolara baxanda Qantəmiri Abdulla Şaiq, Hüseyn Cavid kimi ədiblərlə qoşa şəklini də görmək olar. Bu, sadəcə ömrün bir anı deyil. Saralmış kağızlardan boylanan baxışlarda yaxın dostluğun, ideya birliyinin, əqidə həmrəyliyinin hekayəti boylanır...

Qantəmirin geniş ədəbi fəaliyyət illəri qırmızı ordunun Azərbaycanda həyata keçirdiyi işğalçılıq dövrünə təsadüf etdi. Quruluş dəyişdi, millətin ziyalıları vətəndən didərgin düşdü, şair və yazıçılar, ictimai xadimlər, açıq fikirli insanlar həbs edildi. Belə çətin, mürəkkəb bir zamanda Qantəmir yaradıcılıqda satira yolunu tutaraq ədəbi fəaliyyətində bu müəmmalı qarışıqlıqdan qalib çıxmağı bacardı. O həm də həssas insan idi. Yumoru da, kəsərli satiranı da yerində işlətməyi bacarırdı. Onun istehza ilə güldüyü tiplər kim idi - meşşanlar, nadanlar, fırıldaqçılar, yeniliyi sevməyənlər, xalqa kələk gələnlər və başqaları. Qantəmiri bu gün də yaşadan və sevdirən cəhət məhz onun həyat həqiqətinə sadiqliyi oldu. Yaşadığı dövrün bütün ziddiyyətlərini bədii vasitələrlə öz əsərlərində olduğu kimi əks etdirməyi bacaran Qantəmir əslində müxtəlif ştrix və cizgilərlə dövrün ədalətsizliyini, zamanın dəyişkənliyini son dərəcə canlı və təbii yarada bildi.

Ötən əsrdə ona sovet yazıçısı kimi epitet vurulsa da, əslində Qantəmir bütün varlığı ilə öz millətinə bağlı, xalqını ürəkdən sevən, onun ağrılarına can yandıran, üzləşdiyi haqsızlıqlardan əzab çəkən, amma sidq ürəklə aydın sabahlara inanan, milli duyğu və düşüncələrə sahib olan uzaqgörən, müdrik bir şəxsiyyət idi. Bu gün unudulmuş bu unudulmazı xatırlamaq da bizim Qantəmir yaradıcılığına olan ehtiram və məhəbbətimizin ifadəsidir. Təzyiqlə dolu bir zamanın ucalığında dayanmaqla öz sözünü deməyi bacaran Qantəmir elə əsərlərə imza atdı ki, əbədiyaşarlıq qazana bildi. Çox yaxşı olardı ki, onu gənc nəsil də tanıyardı. Qantəmirin "Seçilmiş əsərləri"i, eləcə də Türkiyədə yazdığı, lakin çap olunmayan hekayələri latın qrafikası ilə nəşr edilərək oxuculara çatdırılardı. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.

"Azərbaycan" qəzeti