Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır

26 сентября 2012 15:42 комментариев

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке

Azərbaycanı Avropaya, Avropanı Azərbaycana gətirən mütəfəkkir haqqında tanınmışlar fikir bildirdilər

Azərbaycan dramaturgiyasının banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin bu il 200 illiyi tamam olur. Belə bir tarixi ərəfədə dramaturqun həm ədəbi, həm də mədəni sahələrə təsir gücündən söhbət açmaq qərarına gəldik.

Teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə Mirzə Fətəli Axundzadə fenomeni haqqında bunları dedi: "Nə qədər qəribə və paradoksal səslənsə də, Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır... Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, XX yüzilin maarif və mədəniyyət koordinatlarına daxil olmaq üçün Azərbaycana vəsiqə verdi. Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, milli düşüncədən Avropa maarifçi düşüncəsinə balaca da olsa bir pəncərə aça bildi. Mirzə Fətəli Axundzadə azərbaycanlı təfəkküründə Şərq və Qərb arasındakı körpünün konkretliyidir: onun fikrinin və istedadının ziyasında Azərbaycan ilk dəfə Avropaya adlayır, Qərb isə Azərbaycana təşrif buyurur.

Mirzə Fətəli düz ikicə dəfə, bir "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyasında, bir də "Hekayəti-xırs-quldurbasan" pyesində, iki avropalını, birində həkim sifətilə, digərində isə vəhşi heyvan təlimçisi qismində, Azərbaycana gətirib avropalı ilə azərbaycanlının yaşayış, düşüncə, qavrayış fərqlərini zarafat və kinayə modusunda hamının anlayacağı bir tərzdə xalq müzakirəsinə çıxarır. Bu təqdimatın məqsədi iki fərqli dünyanı bir-birinə yaxınlaşdırmaq, onların dialoquna nail olmaq, "özgəsi" sindromunun xofunu dağıtmaqdır.

Mirzə Fətəli Axundzadə azərbaycanlı mentallığında, azərbaycanlı qavrayışında, milli adət-ənənələr müstəvisində çevrilişdir. Azərbaycanda dövrün və düşüncənin yeni dönəminin təkan impulsu, təkan enerjisi Mirzə Fətəli Axundzadədir. Bu o insandır ki, öz zabit çiyinlərində Azərbaycanı yeni dünyaya daşıyıb, yeni ziyalı məfkurəsi yaradıb və köklü siyasi, ictimai, kulturoloji, mənəvi, bədii-estetik dəyişmələrin təməl proqramını hazırlayıb.

Mirzə Fətəli Axundzadə şövqlə və böyük ehtirasla çox qısa bir müddətdə, 1850-55-ci illər intervalında yazdığı altı komediyaları ilə "Azərbaycan dramaturgiyasının banisi" kimi şərəfli bir ada sahib çıxır və faktiki olaraq klassik Şərq şeiri üslubunda işləyən yerli ədiblərə sübut edir ki, ədəbiyyatın dram janrında da maraqlı, təsirli, polifonik mənalarla yüklənmiş gözəl əsərlər yaratmaq mümkündür.

Mirzə Fətəlinin "Hekayəti-Molla İbrahimxəlil kumyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (1850), "Hekayəti-xırsi-quldurbasan" (1851), "Sərgüzəşti-mərdi-xəsis" və ya "Hacı Qara" (1852), "Mürafiə vəkillərinin hekayəti" (1855) komediyaları Avropada ədəbi bir forma kimi təsdiqlənmiş dram janrının milli mədəniyyət müstəvisində reprezentasiyasıdır. Hərçənd M.F.Axundzadə komediyalarının içi, mahiyyəti, strukturu, semantik paradiqmaları xalq gülüş mədəniyyəti ənənələrinə söykənir, meydan teatrının bədii-estetik mündəricəsini tam və bütöv şəkildə güzgüləyir.

Azərbaycan həvəskar və peşəkar teatrının bütün tarixi dönəmləri öz həqiqi sənət dəyərini M. F. Axundzadənin yaradıcılığı kontekstində tapıb. Məhz bu dramaturqun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasının 1873-cü il martın 20-də Realnı məktəbdə oynanılması günündən Azərbaycan peşəkar teatrının tarixi hesablanır. Bəlkə də, elə buna görədir ki, Azərbaycan teatrı özünün ən çətin məqamlarında Mirzə Fətəli Axundzadə dramaturgiyasında arınıb durula bilir, özünü tanıyıb özünə qayıda bilir. Çünki xalqın meydan teatrının, el-oba tamaşalarının önəmli estetik tendensiyalarını özündə qapsamış məhz bu dramaturgiya Azərbaycan teatrının poetikasını, bədii hüsnünü müəyyənləşdirib.

Mirzə Fətəli Axundzadə milli təfəkkürdə sabaha bir sıçrayışdır, yəni əsl Səbuhidir. O, maarifçiliyi milli özünüdərkin mühüm tendensiyası kimi dəyərləndirirdi; filosof olub fəlsəfi risalələrində öz dünyagörüşünü bəyan edirdi, klassik Şərq poeziyası üslubunda və satirik ruhda eyni bədii mükəmməlliklə şeirlər yazırdı, əlifbanı dəyişdirmək, müşkülü asan eləmək, xalqı maarif işığına çıxarmaq uğrunda çabalar yapırdı, özünü ilk Azərbaycan demokratı və ictimai xadimi kimi aparırdı. Əgər ustadı Mirzə Şəfi Vazeh balaca Mirzə Fətəlinin gözlərindən qəflət (cahillik, avamlıq) pərdəsini götürdüsə, Mirzə Fətəli Axundzadə böyük bir millətin gözlərindən qəflət pərdəsini qaldırmağa nail oldu".

Şair Elçin Mirzəbəyli dramaturqun geniş miqyaslı bir mütəfəkkir olduğunu vurğulayır: "Mənə görə Mirzə Fətəli Axundzadə təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin ən böyük mütəfəkkiridir. Axundzadənin böyüklüyü bu gün bölgədə və ayrı-ayrı müsəlman dövlətlərində baş verən hadisələr fonunda daha böyük və daha aydın görünür. Müasir kommunikasiya və informasiya texnologiyalarının, elmin inkişaf etdiyi, çeşidli mədəniyyətlərin və onların modern təzahürlərinin sərhəd tanımadığı bir dövrdə yaşadığımıza baxmayaraq, hələ də kor cəhalətin, xurafatın, siyasətlə çuğlaşan dini ekspansiyanın qarşısında bir çox hallarda susmaq məcburiyyətində qalır, zülmətin, qaranlığın üzərimizə ayaq açmasına imkan yaradırıq. Bu baxımdan, Mirzə Fətəlinin yaşadığı dövrü göz önünə gətirməklə, dahi mütəfəkkirin nə qədər böyük iradə, cəsarət sahibi olduğunu anlaya bilərik. Düşünürəm ki, bu gün Axundzadə irsinin daha geniş şəkildə araşdırılmasına, təbliğ və tədris olunmasına böyük ehtiyac var.

Axundzadə dramaturgiyası yenidən Azərbaycan teatrlarına qayıtmalı, onun fəlsəfi dünyagörüşü müasir Azərbaycan vətəndaşının formalaşması prosesində aparıcı yerdə dayanmalıdır"

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Mirzə Fətəli Axundzadə komediyalarına olan fərqli baxışını qeyd etdi : "Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və fikir tarixi üçün çox önəmli insanlardan biridir və cəsarətlə söyləmək olar ki, milli nəsil mədəniyyətinin formalaşmasının yeni mərhələsini birbaşa onun adı ilə bağlamaq olar. Axundzadə Azərbaycanda teatrın yaranması və pərvəriş tapması üçün çox böyük addım atdı.

Ən maraqlısı odur ki, Axundzadə dövrünü və cəmiyyətini qabaqlamağa çalışırdı. Azərbaycana ümumiyyətlə, teatr anlayışının gəlməsi o dövrdə qeyri-mümkün sayılırdı. Əslində onun yazdığı pyeslər birbaşa Azərbaycan cəmiyyətini göstərirdi, amma o zaman bu haqda yazmaq, hətta haqqında danışmaq belə cəsarət tələb edirdi. Təbii ki, mili teatrın yaranışı birbaşa Azundzadənin adı ilə bağlı idi.

Dünya dramaturgiyası nəzəriyyəsi haqqında kifayət qədər fikirlər var və dünyada çox az dramaturq tapılar ki, dramaturji modellərin rəngarəngliyindən istifadə edə bilir. Axundzadə məhz altı komediyasında bir neçə dramaturji modellərdən cəsarətlə istifadə etməyi bacarıb. Misal üçün, rus ədəbiyyatı ilə də müqayisə edək. Rus dramaturgiyasının banisi olan Fonvizin Axundzadənin etdiklərinin heç əlli faizini edə bilmədi. Amma Axundzadə çox fərqli bir mövzulara toxundu və çox qəribədir ki, onun pyeslərinin adları belə ciddi sosial mesaj və çox ciddi bir çağırışdır.

Axundzadə dörd komediyasına hekayət, qalan iki komediyasına isə sərgüzəşt deyə qeyd edib. Bu fikir məni çox düşündürdü və suallara cavab axtardım. Ciddi bir dramaturqun qoyduğu adlarda belə fərqlər səbəbsiz ola bilməzdi. "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri dünya dramaturgiyasında çox nadir hallarda dövlətçilik problemlərini qaldıran bir pyesdir. Bu sadəcə bir komediya deyil, Lənkəran xanının haqqında dastan deyil. Burada Axundzadə Azərbaycan dövlətçilik ənənəsini, ümumiyyətlə, dövlətçilik problemini bütün cəhətləri ilə ortaya qoyur. Axundzadə Azərbaycan dövlətçiliyi haqqında arzularını, istəklərini və mövcud olan problemləri əsəri vasitəsilə çatdırır. Əsərin dramaturji quruluşu kifayət qədər mükəmməldir.

Əsərdə olan konflikt və toqquşma pyesin teatral çəkisini artırır. Eyni zamanda qeyd edim ki, bu, sadəcə komediya deyil, Azərbaycan teatr səhnəsində çox az halda uğurla tamaşaya qoyulub. Bu əsəri Azərbaycan Milli Dram Teatrında uğurla tamaşaya qoyanlardan biri də əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur. O, Axundzadənin əsərində demək istədiyi problemi tuta bildi.

Axundzadənin digər bir əsəri olan "Sərgüzəşti mərdi xəsis" dir. Ümumiyyətlə, mən hesab edirəm ki, bu əsər haqqında çox az araşdırmalar aparılıb və münasibət birmənalıdır. Hacı Qara xəsis deyil, o mərdi-xəsisdir. O Şillerin, Molyerin qəhrəmanları kimi deyil, bu adam bizə birinci oxunuşda mənfi qəhrəman kimi görünür, amma diqqətlə oxuyanda fərqli məqamlar meydana çıxır. Hacı Qara o dövr üçün olmayan normal biznesmen obrazını yaradır. Təəssüf ki, Axundzadənin əsərlərinin səhnə təcəssümü o qədər də uğurlu olmayıb.

Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda olan teatr peşəkarlığa doğru gedirdi. Amma peşəkar yolu rejissorların bura gəlməsi ilə tapdı. O vaxt da düşdü sovet hakimiyyətinin gurultulu vaxtına və Axundzadəyə olan münasibət sovet ideologiyası əsasında quruldu, Hacı Qara da dönüb oldu mənfi qəhrəman. O əsərin ekran məsələsi də çox bərbad şəkildə həllini tapdı. Bunu bir həqarət kimi qələmə vermək olar, səbəb də rejissorun Axundzadənin tam olaraq nə demək istədiyini anlamaması idi. Mən bu günahı təkcə rejissorlarda görmürəm, əsərə, Axundzadəyə münasibətdə bizim yanlışlıqlarımız var.

Axundzadə dramaturji baxımdan nə qədər mükəmməldirsə, obrazlar qalereyası baxımından daha mükəmməldir. Axundzadə Azərbaycan xalqının bütün dərdlərini yaxından anlayan bir dramaturq olub. Onun dramaturgiyası ədəbiyyat üçün fundamentdir, özüldür".

Azərbaycan Yazıçılar Birliyinin cənub şöbəsinin rəhbəri, şair Sayman Aruz dramaturq haqqında öz fikirlərini bölüşdü: "M.F.Axundzadə öz yaradıcılığı ilə onilliklər öncədən Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərini, onun ideya və bədii axtarışlarının yönünü müəyyən etdi. O, Azərbaycan mədəniyyətinin sekulyarlaşması prosesinin əsasını qoydu. Onun parlaq və çoxcəhətli istedadı sayəsində Azərbaycanın elmi və fəlsəfi fikri orta əsrlərin klerikal-mistik doqmalarının buxovlarını qıraraq, öz inkişafında kəskin irəliləyişlər etdi. İslamın tənqidi onun məqsədi deyildi, doğma xalqının inkişafı və tərəqqisi yolunda bir vasitə kimi hesab edirdi. O, hər şeydən əvvəl öz vətəninin patriotu, yalnız bundan sonra müsəlman idi".

/teleqraf.com/

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!