Almaz Mustafayeva: "Bu serial ilə ikinci həyatımı yaşayıram"

Day.Az представляет новость на азербайджанском языке.

 

Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva "3 bacı" serialındakı rolundan çox məmnundur. Aktrisa bu haqda fikirlərini Milli.Az ilə bölüşüb.

"Serialda Kubra adlı haker bir qadın rolunu oynayıram. O, cavan uşaqlar ilə internetdə yazışır, Skype-da danışır. Kübra bütün günü belə işlərlə məşğuldur. Bir də görürsən ki, bu qadın hakerlik edib kiminsə internet səhifəsini dağıdır. Kübra həyatda mənə tam yad olan bir obrazdır. Düzdür, mən Facebook-dan istifadə edirəm, amma elə şeylər ilə məşğul deyiləm (gülür).

Kübra uşaqlarla telefonla danışır, konturu qurtaran zaman cavan oğlanlar ona kontur da göndərirlər. Keçən dəfə metroda kartımı aparata yaxınlaşdırdım, gördüm ki, gediş qalmayıb. Bir oğlan mənə yaxınlaşıb dedi ki, o internetdə danışdığınız oğlanlara deyin də, sizin kartınıza pul keçirsinlər (gülür). Deyirəm, o, filmdədir, mən həyatda tamamilə başqa insanam.

Tərəf-müqabilim Maarif rolunun ifaçısı isə aktyor Cəfər Namiq Kamaldır. Kübra ilə Maarifin arasında gizli məhəbbət var.

Nəhayət ki, uzun illərdən sonra tamaşaçılar məni dəyişkən bir rolda gördülər. Məni bu seriala dəvət etdiklərinə görə Siyavuş və Oqtay müəllimə öz təşəkkürümü bildirirəm. Çəkiliş günlərini çox səbirsizliklə gözləyirəm, mənə artıq yeni bir nəfəs gəlib. Bu serial ilə mən ikinci həyatımı yaşayıram", - deyə aktrisa bildirib.