"Kəpəz" TV yeni film çəkib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, "Kəpəz" Televiziyası "Əlifba yaradan müəllim" adlı yeni sənədli-bədii və tarixi araşdırma filmini istehsal edib.

Əsərdə dahi mütəfəkkir Mirzə Abbas Abbaszadənin həyat və fəaliyyəti haqqında tarixi reallıqlar öz əksini tapıb. Sənədli film tezliklə kanalın izləyicilərinə təqdim olunacaq. Qeyd edək ki, bu film telekanalın bu səpkidə istehsal etdiyi sayca 7-ci filmdir.

Filmin çəkilişləri Gəncədə və Gəncəbasarın kəndlərində 18 və 19-cu əsrlərə məxsus qədim tikililərdə, keçmişi xatırladan məkanlarda aparılıb. Çəkilişlərdə yerli kənd sakinlərinin də böyük dəstəyi olub.

Hətta onların bir çoxu çəkilişlərdə özlərini aktyor qismində sınayıblar. Sənədli filmdə görkəmli pedaqoq, folklorşünas, xeyriyyəçi və maarifçi, adını çox eşitdiyimiz, lakin yaradıcılığı, ictimai fəaliyyəti ilə əsasən müstəqillik illərimizdə tanış olduğumuz Mirzə Abbas Abbaszadənin xalqımıza verdiyi töhfələrdən söz açılıb. Bu cür əsərlərin işıq üzü görməsi isə cəmiyyətimizdə vətənpərvərlik hisslərinin möhkəmlənməsinə xidmət edir.

Mirzə Abbas Abbaszadənin nəvəsi Abbas Abbaszadə: "Babam haqqında çəkilən bu sənədli filmdə ən əsası o idi ki, orada bizim tariximiz əks olunub. Bizim gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, pedaqoji fikir tariximizi yaxşı bilməlidir. Bunları bilməsələr irəliləyə bilməzlər".

Gəncəli xadimlər haqqında çəkilən silsilə filmlər Gəncə Regional Elmi Mərkəzin əməkdaşları tərəfindən də böyük rəğbətlə qarşılanıb. Mərkəzin Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri Ruziya Quliyevanın sözlərinə görə, müasir zamanlarda gənclər daha çox vizual informasiya mənbələrinə üz tuturlar və tariximizi daha dərindən tanıtmaq üçün belə filmlərin xüsusi yeri var.

Gəncə Regional Elmi Mərkəzin Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri Ruziya Quliyeva: "Mirzə Abbas Abbaszadə Gəncəmizin böyük şəxsiyyətlərindən olub. Onun yaradıcılığının, həyatının qaranlıq səhifələrini vərəqləmək hər birimizin borcudur. Ona görə də Mirzə Abbas Abbaszadə haqqında çəkilən filmi də təqdirəlayiq hesab edirəm.
Bu ictimai bir hadisədir, siz onu həyata keçirmisiniz".

Filmdə Gəncə Dövlət Dram Teatrının dəstəyi ilə müxtəlif dekorasiyalardan, həmin dövrə aid atributlardan istifadə olunub.
Səhnələrin çəkilişləri isə tarixi məkanlarda aparılıb.

Filmin müəllifi və aparıcısı Ayaz Əbülfəzoğlu əsərin məqsədi haqda bunları söylədi: "Biz bu filmə qədər bir neçə film istehsal etmişik. Biz Difai haqqında səlnamə filmlərini də ərsəyə gətirmişik. Hazırda Mirzə Abbas Abbaszadənin filiminin çəkilişlərini yekunlaşdırmışıq. Tezliklə film ekranlara çıxacaq".

Filmin quruluşçu rejissoru Elçin Xəyyam Əliyev isə bildirib ki, çəkilişlərdə əsas çətinlik aktyorları tarixi personajlara uyğun seçmək olub: "Sənədli filmlərin çəkilişində seçilən atributlar tarixi reallığı özündə əks etdirir. Bu filmdə Gəncə və Gəncəətrafı kəndlərdən olan insanlar çəkilib. Filmdə 50-yə yaxın peşəkar və həvəskar aktyor iştirak edib. Onların hamısı öz vəzifələrinin öhdəsindən layiqincə gəlib".

Mirzə Abbasın varisləri də böyük şəxsiyyətin adına layiq davamçılar olub. Onun böyük oğlu Mehdi Abbaszadə Lenin ordenli SSRİ xalq müəllimi, kiçik oğlu isə 2-ci dünya müharibəsi illərində Armando ləqəbi ilə İtaliya partizan hərəkatının fəal üzvü və İtaliyanın milli qəhrəmanı adına layiq görülən Azərbaycan övladı idi.

Milli azadlıq hərəkatının başlanğıc dövründə - 1989-cu ildə Mirzə Abbasın xatirəsi əbədiləşdirilib. Onun yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Keçmiş Çaparidze küçəsinə və 20 saylı orta məktəbə onun adı verilib.

Böyütmək üçün şəkillərə klikləyin.