Mədəni həyatdan gözlədiklərimiz

Day.Az представляет новость на азербайджанском языке.

Aradan əsrlər keçib və təbii ki, çox şey dəyişib.Halbuki heyət qurmaq və bu sahədə mütəxəssis yetişdirib dövrün məsələlərinin həllini tapmaq olardı. Və beləcə, keçən dörd-beş əsr də əvvəlkilər kimi bizim əsrimiz ola bilərdi. Amma həqiqət budur ki, biz yeddi-səkkiz əsrdir müəyyən şeylərə ilişib qalmışıq.

Bizim bu dediklərimiz uzaq və yaxın sələfi-salehini (saleh əməllər işləmiş sələflərimizi) xeyirlə yad etməyə mane olmur. Allah kainatın zərrələri qədər onlardan razı olsun! Ancaq sələfi-salehini xeyirlə yad etmək bir baxımdan da onlar kimi yaşamaqla mümkündür. Necə ki, onlar yaşadıqları dövrü dərk etmişlər, hətta gələcək dövrlərə də xitab etmişlər; bizlər də eyni şəkildə yaşamaq və onlar kimi olmaq məcburiyyətindəyik.

Sözün buraya qədər olan bölümünü bundan sonrakılara bir müqəddimə, bir giriş qəbul edə bilərsiniz. Millət olaraq təhsil problemlərimizi həll etmək və bütünlüklə insanlığın kültür həyatına öz kültürümüzü hakim hala gətirmək məcburiyyətindəyik. Bu gün bizim təşəbbüsümüzlə universitetlər açma işi - bu hələ bir layihədir - hansı dərslərin, hansı nisbətdə oxudulmasına dair plan və proqramı ilə reallaşdırıla bilsə, dövrlə ayaqlaşma naminə böyük bir addım atılmış olacaq. Yüksək səviyyəli tədqiqat mərkəzlərinin qurulması da çox əhəmiyyətlidir. Buralarda məşğul olan elm adamları elm adına bu günə qədər deyilən hər şeyi yenidən sorğu-suala çəkəcək və elmi bir daha şərh edəcəklər ki, bu olmadığı təqdirdə dualizmdən xilas olmaq mümkün deyil.

Bir cümlə ilə, xüsusilə buna işarə etmək istəyirəm. Müasir dövrdə mövcud olan müsbət elmlər hər sahəsi ilə Qərb materializminə söykənir. Qərbliyə görə, maddə əsasdır. İlk partlayış və termodinamikanın prinsipləri müzakirəsiz qəbul edilən "həqiqətlərdir". Təbii ki, bu zaman biz din naminə bunları aşaraq bir şey deyəndə də məsələləri "yamaqlı boğça" kimi təqdim etməkdən qurtula bilmirik. "Sızıntı", "Zəfər", "Sur" kimi jurnalların bu barədə böyük xidmətləri var. Allah fəaliyyətlərinə səmərə və bu fəaliyyətə könül verənlərə də savab versin! Ancaq bu həqiqəti də görməməzliyə vurmaq doğru deyil.

Görülən işlər qərblinin elm anlayışı ilə sintez edilir və bu da istər-istəməz süni çıxır. Halbuki istənilən həqiqi dəyərləndirmə bu deyil. Və əfsuslar olsun ki, hələ o səviyyəyə çatılmamışdır. Çünki bizim öyrəndiyimiz texniki elmlər hələ bizim meyarlarımız əsasında möhkəm bünövrəyə oturdulmayıb. Hal-hazırda bizim elm tariximizi qələmə alanlar müxtəlif fərziyyələr irəli sürərək bu mövzuda bir nəticə əldə etməyə çalışırlar. Ancaq elmi Qərbdən alıb, ona islami ölçü qazandırma düşüncəsinə söykənən bu fərziyyələrlə də əsaslı bir nəticə əldə etmək olmaz. Zənnimcə, elm nə qədər ki, bugünkü bünövrəsi üzərindədir, onu müsəlmanlaşdırmaq mümkün olmayacaq. Ancaq bir gün müsəlmanlar qərblilərə məxsus mövcud meyarları bir kənara atıb, kəşf edilən hər şeyi təkrar laboratoriyaya salıb araşdıra bildiyi nisbətdə müsbət nəticə əldə edə bilərlər. Hal-hazırda elmin oturdulduğu təməl, bünövrə yanlışdır. Yanlış yolla gedib, doğrunu əldə etmək isə qeyri-mümkündür. Doğru bir məqsədin vasitələri də doğru olmalıdır.

Bu əhəmiyyətli missiya üçün də inqilabçı, yenilikçi ruha malik insanlar lazımdır. Onlar hal-hazırda mövcud olan hər düşüncə və anlayışı, islami məsələlər daxil, yenidən gözdən keçirəcək, kitab və sünnə ilə təsbit edilmiş nəsslərin (hökmlərin) xaricində hər şeyi bu yeni anlayışla ölçüb-biçəcəklər. Belə olduğu təqdirdə, biz də elm adına dual (ikili standartlarla) yaşamaqdan xilas olacağıq. Buna necə etiraz edilə bilər ki? Bu kainat Allahın qüdrət, iradə və elmi ilə meydana gəlmiş bir kitabdır. Qurani-Kərim də bu kainat kitabının bir bəyanıdır. Bu iki kitab arasında əsas etibarilə heç bir ziddiyyət yoxdur. Bizim istədiyimiz anlayış da məhz budur. Bu reallaşdırılsa, dövr fəth edilmiş olacaq.

Bu gün artıq akademik səviyyədə işlərə girmək qaçılmazdır. Bu işləri yalnız elm və texnika ilə məhdudlaşdırmaq nöqsan olar. Hədis, fiqh, təfsir, kəlam kimi bütün islami elm sahələri də bu akademik araşdırmalara daxil edilməlidir. Bunun üçün də texnikanın yüksək səviyyəli imkanından mütləq faydalanmalı və məsələn, mövzu hədis isə, rical (hədisləri söyləyən ravilər silsiləsinin hər birinin ayrı-ayrılıqda tərcümeyi-halı) kitablar təkrar nəzərdən keçirilməli, mətn mətnin kriteriyalarına görə yoxlanılmalıdır. Çünki bəzi şeylər gözdən qaçmış ola bilər. Belə ki, bəzi alimlər sələflərinin gözündən qaçan rical ilə bağlı bir çox məsələni təsbit edib, kitablarına daxil etmişlər. Buna Darekutni, Hakim və İmam Beyhaki kimi şəxsləri nümunə göstərmək olar. Bu nə İmam Buxarinin, nə də İmam Müslimin böyüklüyünə xələl gətirməz. Ancaq bu gün kompyuter vasitəsilə aparılan təsbitlər, zənnimcə, keçmiş təsbitlərdən daha sağlam olacaq.

Bəli, məsələ, sadəcə, inananları cənnətə yönəltmək məsələsi deyil. Məsələ Cənnətə gedərkən dünyanın bütün qapılarını Firdövslərə (Cənnətin uca bir mərtəbəsinin adıdır) açmaqdır ki, məncə, asas olan da məhz budur. Bu da elmlə, mədəniyyətlə və miras qoyulan islami anlayışla, hətta onu həyata həyat etməklə və onu hər kəsin hüsnü-qəbul görəcəyi (sevə-sevə qəbul edəcəyi) bir sistem halında təqdim etməklə mümkün olacaq. Bu isə ancaq bütün islami məsələləri akademik səviyyədə tədqiq etməklə mümkündür. Avam düşüncə və avam görüşlərin bu məsələdə nəsə vəd edəcəyini ehtimal etmək ən zəif ehtimaldır.

Kültürümüz həqiqi kültürə malik insanlar tərəfindən dirçəldilib həyata keçiriləcək və yenə onlar tərəfindən canlılığı qorunub davam etdiriləcəkdir. Təbii, belə bir missiyanı daşıyan nəsilləri yetişdirmək də yenə bizim vəzifəmizdir.

"Zaman Azərbaycan"