"Aquavita"dan gənclər üçün yeni “Könüllü ol, təcrübə qazan” layihəsi

Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda ilk yaradılan "TAC" şirkəti gənclər üçün yeni "Könüllü ol, təcrübə qazan" layihəsinə start vermişdir.

"TAC" şirkəti uzun illərdir Azərbaycan bazarında göstərdiyi fəaliyyət nəticəsində su istehsalı, satış və marketinq sahəsində böyük təcrübə toplamış, güclü idarəetmə sistemi qurmuş və təcrübəli müəxəssislər yetişdirmişdir. Biznesin genişləndirilməsi, yeni təkliflərin hazırlanması, satışların artırılması və müasir texnologiyaların tətbiq edilməsi ilə yanaşı şirkətin qarşısına qoyduğu məqsədlərdən biri də 21 il ərzində toplanmış təcrübəsini gənc nəsil ilə bölüşməkdir.

"Könüllü ol, təcrübə qazan" təcrübə proqramı çərçivəsində 18-30 yaş arası gənclər "TAC" şirkətinin müxtəlif struktur bölmələrində təcrübəyə cəlb ediləcəklər, şirkətin mütəxəssisləri tərəfindən peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələnəcəklər.

"Şirkətimizə daxil olan çox saylı müraciətlər və təkliflər yeni layihənin yaranmasına təkan verdi. Biz könüllülərin müəssisəmizdə təcrübə toplamaq istəklərinə qarşılıq vermək qərarına gəldik. Məqsəd gələcəyi düşünərək yeni kadrlar yetişdirmək və onlara gələcək həyata və karyeraya yol açmaqda yardımçı olmaqdır. Əlbəttə ki, maraqlarımızdan biri də şirkətimizin gənc və bacarıqlı kadrlarla təmin olunmasıdır. Təcrübə dövründə könüllü şirkətin fəaliyyəti ilə yaxından tanış olur, işə marağı yaranır və şirkətimizdə işləmək istəyində olur", - deyə "TAC" şirkətinin kadrlar şöbəsinin rəhbəri Polad Cahangirov bildirir.

İlk dəfə 2017-ci ilin iyun ayında start verilən layihəyə 12 nəfər gənc qoşularaq insan resursları, informasiya texnologiyaları, mühasibatlıq, uçot, marketinq, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçmək imkanını qazanmışdılar. İki aylıq təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim olundu. İki nəfər gənc isə "TAC" şirkətində daimi işlə təmin edilmişdir. 

Qeyd etmək lazımdir ki, hal hazırda "TAC" şirkəti "Könüllü ol, təcrübə qazan" layihəsini davam etdirərək 01.02.2018-ci il tarixindən etibarən gəncləri təcrübə proqramına qatılmağa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər şirkətin müxtəlif sektorlarında və xidmət bölmələrində iki ay müddətində iqtisadiyyatçı, mühasib, hüquqşünas, avadanlıq üzrə operator, proqramçı, elekronçu, ticarət təmsilçisi, kimyaçı, texnoloq və ofis işçiləri kimi təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan 18-30 yaş arası gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Hər bir könüllü gündəlik yol və nahar xərcləri ilə təmin ediləcək. Müddətin sonunda könüllülərə sertifikat təqdim olunacaq. Fərqlənən könüllülər isə daimi işlə təmin olunacaqlar.

Könüllü olaraq təcrübə proqramına qoşulmaq gənclərə nə verir?

Bir çox ölkələrdə könüllülük mədəniyyəti norma sayılır. Gənclər üçün gələcəkdə işə qəbul edilərkən onların iş təcrübəsinin olması üstünlük yaradır. Bundan başqa böyük və tanınmış şirkətin verdiyi xasiyyətnamə və tövsiyyə də əlavə üstünklüklər verir. Axı ali məktəbi bitirmiş gəncin praktiki iş təcrübəsinin olması qeyri mümkündür, özəlliklə də böyük müəssisədə.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin təcrübəsi göstərir ki, Avropa Oyunları və Formula1 kimi yarışlarda iştirak edən gənclər böyük həvəslə xüsusi formanı daşıyır və məmnuniyyətlə komandada çalışırdılar. Hətta Bakıda keçilirən Formula1 yarışına belnəlxalq şirkətlərin işçi heyəti də könüllü olaraq qatılırlar. Bu komanda ruhunun yüksəlməsi və birlikdə eyni məqsədə yetmək üçün ən yaxşı seçimdir.

Könüllü olaraq təcrübə proqramında iştirak edən gənclər təcrübəli mütəxəssislərlə ünsiyyətdə olaraq, onlardan məlumat alır, peşəkar inkişafda daha doğru səmtə yönəldilirlər. Araşdırmalar göstərir ki, təcrübə zamanı könüllülərin ünsiyyət səriştəsi dəfələrlə yüksəlir. Bir komandanın üzvü olaraq yeni dostlar əldə edirlər. Məhz buna görə utancaqlıqdan əziyyət çəkən, yaxud az dost, yoldaşları olan və şəhərə yeni köçən şəxslər üçün belə lahiyələr gözəl bir imkandır.

"TAC" şirkətinin "Könüllü ol, təcrübə qazan" layihəsi gənclərə təcrübə toplayaraq praktiki ixtisasartırma, peşəkar inkişaf əldə etmək, hətta iş tapmaq imkanı yaradır. Bundan əlavə gənclər kollektivdə işləmək, buna alışmaq və gələcəkdə yeni iş yerində tətbiq edərək daha sürətlə irəliləmək imkanı əldə edirlər.

"TAC" MMC 1997-ci ildən başlayaraq artıq 21 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət daxili bazarı "Aquavita" və "Şahdağ" keyfiyyətli təbii mineral sular, geniş çeşiddə "Gülüstan" limonadları, "Jingo" təbii şirətərkibli içkilər, "Nicetea" soyuq çaylar və "Kvas" alkoqolsuz içkilər ilə təmin etməkdədir.

"Aquavita" suları Azərbaycanın gözəl güşələrindən olan Xaçmaz rayonunun Şuşaqışlaq kəndinin ekoloji cəhətdən təmiz meşəlik ərazisində yerin 420 metr dərinliyindən çıxarılır. Bu məkan bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunmuş xüsusi zonadır. Şirkətin mükəmməl dada və gözəl tərkibə malik məhsullarının istehsalında yüksək keyfiyyətli xammal və texnoloji yeniliklərdən istifadə olunur və eyni zamanda bu prosesdə su tərkibinin zənginləşdirilməsinə dair Rusiya, Almaniya, Fransa və Türkiyədən olan təcrübəli mütəxəssislər də yaxından iştirak edirlər.