İdmançımız:

Day.Az представляет новость на азербайджанском языке

Day.Az "Azəryol" voleybol klubunun üzvü Anita Bredisin qafqazinfo-ya müsahibəsini təqdim edir:

Sizi gördüm, bir hadisə yadıma düşdü. Keçən il saytımızda ukraynalı voleybolçu Liza Rubanın şəkillərini vermişdik. Buna görə bizə çox zənglər gəldi. Dedilər, ailəsi əsəbləşəcək, şəkilləri silin... Sizdə belə problem olmayacaq?

- Bizdə də belə problemlər olur. Azərbaycanda belə şeylərə pis baxdıqları üçün klubda da etiraz edirlər. Narahat olmayın, bu müsahibədə olmayacaq.

Adınızı ilk dəfə eşidən hər kəs əcnəbi olduğunuzu düşünür.

- Mən - Anita Bredis. Düzdür, bunu hər zaman məndən soruşurlar. Atam latviyalı, anam Bakı rusudur. Hər ikisi Azərbaycanda doğulub, burada tanış olub və evləniblər. Hələ də Bakıda yaşayırlar. Mən də Bakıda doğulmuşam, azərbaycanlıyam və voleybolu çox sevirəm.

Latviyada qohumlarınız varmı? Ora gedirsiz?

- Atamın atası orada yaşayırdı. Rəhmətə getdi. Ümumiyyətlə, Latviyaya cəmi bir dəfə getmişəm. O da voleybolla bağlı idi. Oynadığım komandanın tərkibində atamın olduğu ölkəyə yollandım.

Voleybola necə gəldiniz?

- Anam voleybolçu olub. Amma bu idman növündə irəli gedə bilməyib. Öz arzularını mənimlə reallaşdırmaq istədi. Ona görə də voleybola getməyimi məsləhət gördü. Əvvəlcə istəmirdim. Həmişə məşqə gələndə ağlayırdım. Çünki oxumaq, universitetə qəbul olunmaq fikrində idim. Sonradan isə voleybolu sevməyə başladım.

Atanız ananıza etiraz etmədi?

- Yox, heç etiraz etmədi. O, elektrik firmasında işləyirdi.

Məktəbi necə oxumusuz?

- Yaxşı. Universitetə girmək istəyim olduğu üçün yaxşı oxuyurdum.

Yəqin ki, sinifdə ən uzun qız idiniz?

- Bəli. Buna görə də daha çox oğlanlarla gəzirdim. Məndən böyük qardaşım var. Onun dostları ilə birlikdə gəzərdik.

Niyə qızlarla yaxınlıq etmirdiz?

- Bilirsiz, mən idmanla məşğul idim. Qızlar adətən idmanı anlamırlar, başa düşmürlər. Ona görə də alınmırdı. Həm də mən uzun idim, onların yanında böyük görünürdüm. İndi də istəyərdim ki, boyum bir az da uzun olsun.

Voleybolçu olmasaydız da, eynisini istəyərdiz?

- Əlbəttə.

Şəhərdə sizə təəccüblə baxanlara tez-tez rast gəlirsiz?

- Rast gəlirəm. Boyum uzun olduğu üçün təəccüblə baxıb, "voleybolçudur" deyirlər.

Xanım idmançıların sevgiyə münasibəti necədir?

- Normal qızlar necədirsə, biz də elə. Sadəcə bir problem var. Biz idmançılar çox vaxt təlim-məşq toplanışında, oyunlarda komanda ilə oluruq. Normal bir oğlanla ailə qursam, o, məni başa düşməyəcək. Amma idmançı oğlan başa düşər. Çünki o da eyni halda yaşayır.

Sevgiliniz var?

- İndi yoxdur, var idi.

O da idmançı idi?

- Bu barədə heç danışmaq istəmirəm.

Belə görünür, sevgilinizin idmançı olmasını istəyirsiz?

- Mənim üçün heç əhəmiyyəti yoxdur. Əslində, istəmərəm ki, idmançı olsun. Çünki elə olsa, o da, mən də təlim-məşq toplanışında olacağıq və bir-birimizə həsrət qalacağıq. Ona görə də idmançı olmasa yaxşıdır.

Xaricdə qadın idmançılar bir müddət sonra modellik təklifi alır və hər iki peşə ilə eyni zamanda məşğul olurlar. Sizə belə təklif gəlsə, qəbul edərsiz?

- Problem olmasa, qəbul edərəm. Hər ikisi ilə məşğul olaram. Mənə görə, problem deyil. Amma qaydaları bilirsiz. Açıq-saçıq fotosessiyalara çəkilə bilməyəcəm. Həm də o qədər marağım yoxdur modellik sahəsinə.

Oyun vaxtı heç özünüzü itirmisiz?

- Maraqlı bir şey danışacam. Bir dəfə çempionatda hansısa komanda ilə oynayırdıq. Rəqib topu vurandan sonra top üzərimə gələndə sağa baxdım, heç kimi tapmadım, sola baxdım, heç kimi tapmadım və topu tutdum. Azarkeşlər də, hər kəs də buna çox gülmüşdülər. Özümü itirdiyim üçün yox, heç kimi tapa bilmədiyim üçün topu tutmuşdum.

Qolunuzdakı döymənin mənası nədir?

- İspan dilindədir. Azərbaycanca tərcümədə "əməllərə inan, sözlərə deyil" deməkdir.

Niyə ispan dilində?

- Bu dili həddən çox sevirəm. Həmişə ispan dilini öyrənmək arzum olub.

Yəqin ki, İspaniyanı da sevirsiz?

- Yox. Braziliyanı daha çox sevirəm. Məsələn, Rio-de-Janeyro şəhərində olmaq istəyərdim. Olimpiyadaya görə demirəm. Sadəcə gəzmək üçün oraya getmək istərdim.

İdmançı qızların ən gülməli xatirələri adətən oğlan döyməklə bağlı olur. Siz də oğlan döymüsüz?

- Olub. Uşaq vaxtı döymüşəm. Amma indi bunu etmərəm. İstəsəm, döyə bilərəm, sadəcə etmərəm.

Məşhur olduğunuza görə?

- Bəli. Döysəm, yəqin ki, mediada səs-küyə səbəb olacaq.

Ötən mövsüm Türkiyədə oynayırdınız. Niyə Azərbaycana qayıtdınız?

- Həm ailəm, bütün tanışlarım burada olduğu üçün orada çox darıxırdım. Həm də milli komandaya düşmək üçün göz önündə olmalıydım. Bu səbəblər kifayət etdi ki, Azərbaycana qayıdım.

Amma idmançı kimi düşünsəniz, düz etməmisiz. Çünki Türkiyə həm voleybol çempionatının güclü olmasına görə bizdən üstündür, həm də orada əsas heyətdə oynayırdız...

- Bəlkə də. Üç ildir ki, Azərbaycanda çıxış etmirdim. Ona görə geri döndüm. Bir az burada qalmaq niyyətindəyəm. Sonra yenidən legioner həyatı yaşamaq olar. Məsələn, indi "Azəryol"da əsas heyət üzvü deyiləm. Komandada 3 toppaylayıcı var və mübarizə aparmaq çətindir. Sadəcə sona qədər mübarizəmdən əl çəkməyəcəm. Komandada təcrübəli toppaylayıcı olduğu üçün çətindir.

Mövsümün sonunda başqa komandanızı dəyişmək haqqında düşünürsüz?

- Mümkündür. Azərbaycanda başqa komandaya keçə bilərəm. "Lokomotiv"də oynamaq şansım var. Çünki əvvəllər də bu komandanın şərəfini qorumuşam. Keçən il təklif oldu, alınmadı. Mövsümün sonunda baxacağıq.

- Maddi baxımdan Türkiyə sizin üçün daha yaxşı deyildimi? Hazırki vəziyyətdə ora qayıtmağı düşünmürsüz?

- Düzdür, Türkiyədə daha yaxşı qazanırdım. Amma burada da pis deyil.

Komandanızın baş məşqçisi Ziya Rəcəbov gənc olsa da, uğurlu nəticələr qazanıb. Sirri nədir? Adətən bizdə voleybolda nəticə qazanmaqda çətinlik çəkirlər...

- O, müasir məşqçidir. Həm komandaya dəstək olur, məşqləri kifayət qədər yaxşıdır. Gənc olsa da, voleybolda yaxşı təcrübəsi var. Fikrimcə, nəticələr də buna görə gəlir.

Milli komandada sizin mövqeyinizdə Oksana Parxomenko karyerasını bitirəndən sonra yerinə əsas namizəd Kristina Yaqubova göstərilir. Bu sizi qıcıqlandırmır? Çünki o legioner, siz isə yerlisiz...

- Əlbəttə, bu məni qıcıqlandırır. Əvvəllər federasiya ilə bir az problemlər var idi. İndi hər şey qaydasındadır və millidə oynayacam.

Devalvasiyaya görə 2 klub - "İqtisadçı" və "Rabitə" bağlandı. Qorxmursuz ki, eyni aqibət sizdə də olar?

- Yox. Düşünürəm ki, hər şey yaxşı olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.