Çin yeni strategiya izində

Day.Az представляет новость на азербайджанском языке

Dövlət başçısı Si Szinpinin Yaxın Şərq ölkələrinə səfərinə dünya KİV-i və mütəxəssislər böyük maraq göstərdilər.

Day.Az newtimes.az-a istinadən bildirir ki ,aparılan danışıqlar və imzalanan sazişlər Pekinin ciddi və geniş planlarının olmasından xəbər verir. Səudiyyə Ərəbistanı, İran və Misir demək olar ki, bütün sahələrdə Çin ilə yaxından əməkdaşlıq etməyə hazırdırlar. Söhbət hətta strateji tərəfdaşlıqdan gedir. Ekspertlər qlobal geosiyasi mənzərənin dinamikasının yeniləşməsi barədə danışırlar. Doğrudan da söhbət Pekinin qısamüddətli proqramlarından deyil, bütövlükdə "Bir Qurşaq, Bir Yol" adlanan strategiyanın tədrici reallaşmasından gedir. Bu kontekstdə Çinin seçdiyi yolun perspektivləri və qarşıya çıxa biləcək maneələr üzərində düşünməyə dəyər.

Pekin inkişaf kursunu dəyişir: "Yeni Dao"

Çinin hər bir addımının dünya geosiyasi mənzərəsinə ciddi təsir etdiyi danılmaz faktdır. Bu səbəbdən Pekinin diplomatik, siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi proqramları ekspertlər diqqətlə izləyirlər. Çin rəhbəri Si Szinpinin Yaxın Şərq ölkələrinə son səfəri də istisna olmadı. Səfər qlobal miqyasda marağa səbəb oldu. Analitiklər və ekspertlər müxtəlif təhlillər apararaq fərqli tezislər irəli sürdülər. Lakin onların hamısını bir məqam birləşdirirdi - Pekin sistemli olaraq xarici siyasətinə yeni çalarlar verməkdədir. Onu mütəxəssislər qısaca "Bir Qurşaq, Bir Yol", "One Belt, One Road" strategiyasının həyata keçməsi kimi qiymətləndirirlər. Onu vurğulayaq ki, Çin fəlsəfəsində ") Böyük Yol" Dao adlanır.

Öncə, Bir Qurşaq, Bir Yol strategiyasının nədən ibarət olduğuna baxaq. Bu barədə 2013-cü ilin sentyabrında bəyan edən ölkə rəhbəri Si Szinpin onu Yeni İpək Yolunun iqtisadi qurşağı kimi təqdim edib. Həmin proqrama üç layihə daxildir: Yeni İpək Yolu, Cənub İpək Yolu və XXI əsrin Dəniz İpək Yolu (bax: Лю Цзея. Стратегии развития нового Шелкового пути в XXI веке // Молодой ученый, 2015, №15, s. 391-394; Андрей Ковалев. Китайский Шелковый путь: как объединить три континента / Ruposters.ru, 28 may 2015).

Bu strategiyada əsas məqsəd Çin iqtisadiyyatını Asiya, Afrika, Yaxın Şərq və Avropa ilə birləşdirməkdən ibarətdir. Onun konkret reallaşması isə Pekinin qənaətinə görə, vahid marşrut zolağı üzrə baş tutmalıdır. Yuxarıda vurğulanan 3 layihə həmin marşrutun ayrı-ayrı hissələrini təşkil edir.

Bir Qurşaq, Bir Yol təşəbbüsünün arxasında Çinin yeni inkişaf strategiyası dayanır. Pekin özünün geridə qalmış əyalətlərinin inkişaf səviyyəsini yüksəltmək üçün xarici ölkələrə yönəlik iqtisadi və energetik proqramları həyata keçirməyi düşünür. O cümlədən hazır məhsulları ixrac edib, əvəzində, Afrika və Yaxın Şərqdən xammalın etibarlı idxalını təmin etmək məqsədini güdür (bax: əvvəlki mənbələrə).

Maraqlıdır ki, proqramın adı əsasən iqtisadi layihələrlə bağlı olsa da, Pekin avtomobil yolları infrastrukturu şəbəkəsi, limanlar, dəmiryolları, sərmayələr və mədəniyyət sahəsində əməkdaşlığı da nəzərdə tutur. Göründüyü kimi, kifayət qədər hərtərəfli və iddialı olan bu strategiyanın həyata keçməsi Çinin inkişafına yeni bir nəfəs verə bilər. Artıq bu istiqamətdə Pekin konkret addımlar da atıb.

Mütəxəssislər Si Szinpinin Yaxın Şərq turnesini də məhz həmin kontekstdə qiymətləndirirlər. Çin rəhbərinin Səudiyyə Ərəbistanı, Misir və İrana səfərinə bu aspektdə baxdıqda, həqiqətən, kifayət qədər maraqlı məqamları müşahidə etmək mümkündür.

Səudiyyə Ərəbistanı ilə Çin müxtəlif sahələri əhatə edən strateji əməkdaşlıq formatına keçmək qərarına gəliblər. Ər-Riyadda iki ölkə başçıları bununla bağlı konkret razılığa gəliblər. Bura enerji, iqtisadi, hərbi və mədəni sferalar daxildir. Təbii ki, tərəflər terrorun istənilən forması ilə mübarizə məsələsini də unutmayıblar. Ümumiyyətlə, Pekin indi bütün ölkələrlə bu məzmunda sazişlər imzalayır. Mütəxəssislər bunu Çinin formasından, məzmunundan və yerindən asılı olmayaraq terrorizmə qarşı olduğunu ifadə etməsi kimi qiymətləndirirlər (bax: Лидеры Китая и Саудовской Аравии решили создать межгосударственный комитет высокого уровня / Russian.news.cn, 20 yanvar 2016).

Geostrateji məqam: perspektivlər və problemlər

Təqribən eyni miqyasda əməkdaşlıq Misirlə də qurulur. Qahirədə Si Szinpin 12 ticarət müqaviləsi imzalayıb. Onlar Misirin demək olar ki, bütün sənaye və kənd təsərrüfatı sahələrini əhatə edir (bax: Китайские и египетские предприятия подписали торговые соглашения более чем на 60 млн долларов США / Russian.news.cn, 20 yanvar 2016).

Si Szinpinin əlaqələrin inkişafı ilə bağlı İranda əldə etdiyi razılaşmalar haqqında da KİV geniş təhlillər verməkdədir. İki ölkə arasında uzunmüddətli və bütün sahələri əhatə edən əməkdaşlığın qurulması müzakirə olunub. Pekin və Tehran iri həcmli müqavilələr imzalayıb onların həyata keçməsi üçün konkret addımlar atmaq barədə razılığa gəliblər (bax: Иран-Китай: Грандиозный дипломатический прорыв / Iran.ru, 25 yanvar 2016). Biz əvvəlki yazılarımızda bu məsələyə toxunduğumuzdan, üzərində geniş dayanmağa ehtiyac görmürük.

Çin dövlət başçısının Yaxın Şərq ölkələrinə səfərləri üçün səciyyəvi olan bir məqamı xüsusi qeyd etmək gərəkdir. Pekin əməkdaşlıq kontekstində xarici ölkələrdə iş yerləri açmağı əsas müddəalardan biri sayır. Çin İctimai Elmlər Akademiyası nəzdində Qərbi Asiya və Afrika İnstitutunun direktoru Yan Quan bununla bağlı deyir ki, Söhbət Misir və İran kimi əhalisi sıx olan ölkələrdən getdikdə, Çin daha çox iş yerləri açmağa imkan verən istehsal əməkdaşlığına üstünlük verməlidir (bax: Специальный репортаж: значение визита Си Цзиньпина на Средний Восток не ограничивается нефтью / Russian.news.cn, 20 yanvar 2016).

Burada əsas məqsəd nədən ibarətdir? Ekspertlər hesab edirlər ki, Pekin bununla xarici ölkələrdə özünün yumşaq gücünü - dili, işləmə üsulu, demoqrafiyanı, mədəniyyəti və s. daha da gücləndirir. Eyni zamanda, ucuz işçi qüvvəsi vasitəsi ilə Çinin inkişafına təkan verir. Başqa sözlə, Pekin daxilindəki problemləri bir növ xaricə ixrac edir. Artıq onu əhalinin həyat səviyyəsini yüksəltmək daha çox maraqlandırır, lakin iqtisadi inkişafın ləngiməsi bunu səmərəli şəkildə təmin etməyə imkan vermir. Bu səbəbdən Çin dünyanın müxtəlif regionlarında geri qalmış sahələrin inkişafına təkan verməklə öz daxilində tərəqqiyə yeni nəfəs verməyi qarşısına məqsəd qoyub.

Mütəxəssislərin rəyinə görə, bütün bunlar olduqca əhəmiyyətlidir. Lakin onları reallaşdırmaq üçün Pekin bir çox maneələri dəf etməlidir. Onların sırasında Çin üçün yaradıla biləcək süni əngəllər xüsusi yer tutur. Məsələn, artıq ekspertlər Yaponiya ilə Çin arasında İran uğrunda geosiyasi-ticari mübarizənin başladığından bəhs edirlər (bax: məs., Altay Atlı. Çin ile Japonyanın İran Yarışı / "Uluslararası Stratejik Araştırmalar Kurumu" (USAK), 6 fevral 2016). Uzaq Şərqdə isə Çinin qarşısında müxtəlif çətinlikləri Amerika yaratmaqdadır. Mütəxəssislər bu prosesin hələ uzun müddət davam edəcəyindən danışırlar.

Belə çıxır ki, Çinin perspektivli və əsasən ağıllı güc məzmunlu geniş inkişaf kursu böyük bir geosiyasi məkanda yeni ixtilafların yaranmasına aparıb çıxara bilər. Bu məqam Pekinin təqdim etdiyi proqramlarda və həyata keçirdiyi siyasi kursun məzmununda olmasa da, kənarda müdaxilə nəticəsində reallaşa bilər. O zaman indi Çinə ümid yeri kimi baxan dövlətlərin necə davranacağı məlum deyil. Digər tərəfdən, Çinin özünün aqibəti qeyri-müəyyən ola bilər. Lakin artıq o da faktdır ki, Pekin Qərbin yol verdiyi səhvləri təkrarlamaq istəmir.

Bu sırada Pekin kimsənin daxili işlərinə qarışmır, diktator deyə ad qoymur və qarşılıqlı səmərəli proqramlar təklif edir. Məsələn, Qərb Zimbabvenin prezidentinə diktator deyirsə, Çin onunla iqtisadi əməkdaşlıq əlaqələri qurur. Amerika və Avropa Yaxın Şərqdə ölkələri üz-üzə qoyursa, Pekin hətta bir-biri ilə ixtilafda olan dövlətlərlə (məsələn, Səudiyyə Ərəbistanı ilə İran və yaxud Suriya) belə eyni səviyyədə əməkdaşlığa üstünlük verir.

Hər bir halda indi Çin kifayət qədər cəlbedici layihələr irəli sürür. Onunla əməkdaşlıq etməyə isə çox dövlətlər can atır. Görünür, Qərbin ikili standartları əksəriyyəti bezdirib. Belə təsəvvür yaranır ki, bəşəriyyət ABŞ-la Çinin timsalında yeni böyük geosiyasi mübarizənin astanasındadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.