Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi

16 сентября 2018 09:25

Day.Az представляет новость на азербайджанском языке

1918-ci il 15 sentyabr tarixi Qafqazda ədalətin bərqərar edildiyi, şər qüvvələrin məğlubiyyətə uğradığı gündür. Məhz bu gün Qafqaz İslam Ordusu Bakını erməni-daşnakların, bolşeviklərin, eser-menşeviklərin işğalından azad etdi və beləliklə, erməni-bolşevik ağalığına, azərbaycanlılar öz doğma vətənlərində qarət edilməsinə, soyqırıma məruz qalmasına son qoyuldu. Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun şanlı zəfəri nümayiş etdirdi ki, birlikdən güclü qüvvə ola bilməz və dostlar, qardaşlar bir olduqca düşmənin bütün əməlləri, məkrli planları puç olacaq. Bu gün Azərbaycan və Türkiyənin bütün məsələlərdə bir-birinə dəstək verməsi, dünyada dostluq-qardaşlıq münasibətlərinə ən yaxşı nümunə olması, əl-ələ verərək regionun həyatının tamamilə müsbət mənada dəyişməsinə səbəb olan irimiqyaslı layihələr həyata keçirməsi və bütün sahələrdə sıx əməkdaşlıq etməsinin əsası məhz düz bir əsr bundan əvvəl həmin birgə şanlı zəfərlə qoyuldu.

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycanın istiqlal tarixində Xalq Cümhuriyyətinin qurulmasından sonra ən mühüm hadisə oldu.

I Dünya müharibəsinin nəticələri, Rusiyada hakimiyyət çevrilişləri, Qafqazda müstəqil respublikaların yaradılması, mövcud vəziyyətdən sui-istifadə edən ermənilərin silahlanaraq Bakıda, Qubada və digər bölgələrimizdə dinc sakinlərə qarşı soyqırımlar törətməsi bütün bu gərgin, mürəkkəb duruma son verəcək xilaskar ordunun formalaşması zərurətini yaradırdı. Hələ 1917-ci ilin sonlarında Ənvər Paşa Azərbaycan türklərinin azğınlaşmış düşmənlə savaşmağa istəkli olduğunu, lakin müəyyən səbəblərdən hərəkətə keçə bilmədiklərini bəyan etmişdi. Belə bir şərait Osmanlı dövlətini qardaş xalqa hərbi yardım etməyə sövq edirdi.

1918-ci il martın əvvəllərində Şaumyan Stalinə məktub yazaraq Bakının sürətlə hərbiləşdirilməsinin, daşnakların silahlandırılmasının zəruriliyini vurğulayırdı: "Xahiş edirəm, daşnaklar üçün top məsələsini elə rəsmiləşdirəsiniz ki, məsələnin qəti həlli burada məndən asılı olsun".

Bu zaman Bakıda Birinci Dünya müharibəsi cəbhələrindən qayıdan 8 min silahlı erməni, həmçinin Qafqaz cəbhəsindən və İrandan qayıdan rus əsgərləri cəmlənmişdi. Mart qırğını ərəfəsində Bakıda 20 minlik düşmən qüvvəsi toplanmışdı. Və məlum olduğu kimi, martın 30-dan aprelin 1-dək erməni-bolşevik silahlıları Bakıda 20 min, Şamaxıda 8 min, Qubada 6 min müsəlmanı, ümumilikdə isə 50 mindən çox dinc sakini qətlə yetirdilər.

Vəziyyət getdikcə qəlizləşirdi. Aprelin 5-də Osmanlı İmperiyasının hərbiyyə naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun təşkili ilə bağlı təlimatnaməni təsdiq edir. 16 may 1918-ci ildə "Vozrojdenie" qəzeti yazırdı: "Vehib Paşa... Azərbaycanı bürüyən anarxiyanı nəzərdə tutaraq bildirir ki, Bakını tutmaq və müsəlmanları xilas etmək üçün türk ordusunun göndərilməsi zəruridir".

Mayın 26-da Osmanlı dövlətinin Batumi konfransında sülh nümayəndə heyətinin başçısı Xəlil bəyin təqdim etdiyi memorandumda deyilirdi: "Bakı və ətrafında yüz minlərlə türk, müsəlman özlərinə "inqilabçı" deyən vicdansız quldurların qanlı pəncəsində inləyir... Bu anarxiyanın Osmanlı əhalisi ilə eyni irq və dinə mənsub bir əhalinin asayişinə birbaşa əlaqəsi var".

Nuru Paşa

4 iyunda Batumidə Osmanlı dövləti və Azərbaycan arasında "Sülh və dostluq haqqında" müqavilə imzalandı. Müqavilənin şərtinə əsasən 5-ci Qafqaz firqəsi Azərbaycana göndərilir, həmin diviziya və general-leytenant Əli ağa Şıxlinskinin komandanlığı ilə əsası hələ 1917-ci ildə qoyulan Azərbaycan hərbi qüvvələri (Müsəlman korpusu) Qafqaz İslam Ordusu ilə vahid strukturda birləşdirilir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə milli ordunun formalaşdırılmasına başlanılır və əsasən azərbaycanlılardan ibarət olan Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırılır, Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edilir. Əlahiddə Azərbaycan korpusunun komandanı Əli ağa Şıxlinski təyin edilir. Bununla da Cümhuriyyət ordusunun əsası qoyulur. Azərbaycan Milli Ordusunun ilk hərbi birləşmələri isə xalq könüllü dəstələri ilə birlikdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Bakıda hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hərbi qüvvələrinə qarşı, daşnak-bolşevik rejiminin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımın qarşısını almaq, Azərbaycan torpaqlarını azad etmək məqsədilə döyüşlərə qatılır.

Düşmənlə ilk böyük qarşıdurmanın 1918-ci il iyulun 1-də qeydə alındığını desək, yanılmarıq. Belə ki, 4 günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi: Göyçay altındakı döyüşdə bolşevik-daşnak qüvvələrinin Gəncəyə yüruşünün qarşısı alındı, Qafqaz İslam Ordusu Bakı istiqamətində hərəkətə keçdi.

Şaumyan V.İ.Leninə ünvanladığı teleqramda deyirdi: "Rusiyadan ciddi bir yardım gəlməsə, vəziyyəti düzəltmək mümkün olmayacaq. Cəbhədə vəziyyətimiz pisdir... Rusiyadan ciddi yardım göndərilməsi zəruridir. Bunun üçün bütün nüfuzunuzdan istifadə edin. Vəziyyət çox qarışıqdır".

İyulun 19-da Azərbaycanda yaranmış mürəkkəb və gərgin şəraiti nəzərə alan hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edir. Qafqaz İslam Ordusu isə irəliləməyə davam edir: iyulun 20-də Bakı istiqamətində mühüm strateji əhəmiyyətə malik Şamaxı azad edilir.

1918-ci il iyulun 30-da Ənvər Paşa Bakı Sovetinə göndərdiyi bəyannamədə deyir: "Qəhrəman türk ordusu Bakıya girərkən xristian xalqı müqavimət göstərməsə, müsəlmanlarla birlikdə bütün haqlardan istifadə edəcəklər. Əks təqdirdə, biz bu gözəl və zəngin şəhəri hücumla alacağıq".

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əmrinə əsasən, avqustun 5-də səhər saatlarında Bakıya birinci hücum təşkil edilir, erməni, rus və ingilislərdən ibarət düşmən qüvvələri geri çəkilmək məcburiyyətində qalır. Bayıl təpələri ələ keçirilir. Həmin gün Bakı ətrafındakı döyüşlərdə 9 zabit, 139 əsgər şəhid olur, 19 zabit, 444 sıravi əsgər yaralanır.

Avqustun 17-də general L.Denstervillin komandası altında Britaniya qoşunu Bakıya girir. Bakının müdafiə xətlərini tədqiq edən general Çanaqqalanı xatırladaraq bildirir: "Bakını türklərin hücumundan fələk də qurtara bilməz".

Avqustun 31-də Bakıda sovet hakimiyyəti iflasa uğrayır.

General Denstervillin xatirələrindən: "Sentyabrın 1-i, sübh saat 6-da türk qüvvələri Digahda möhkəmlənən rus, erməni və ingilis birliklərinə hücum etdilər. Ruslarla ermənilər öz mövqelərində bir saata qədər qala bildilər, sonra isə qaçmağa başladılar..."

Sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür.

1918-ci il sentyabrın 13-nə olan məlumata əsasən, Bakının azad edilməsi əməliyyatında iştirak etmək üçün təqribən 8 min Osmanlı əsgəri və Azərbaycanın 7 minə qədər yerli qüvvəsi toplanmışdı.

Bir gün sonra, gecə saat 2-də 5-ci Qafqaz firqəsi Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı sayılan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri isə Keşlə stansiyasını tutur. Açıq döyüşdən qorxub qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər.

Həmin gün general Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

1918-ci il sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayında Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın teleqramı dərc olunur: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu".

Qafqaz İslam Ordusu Bakı döyüşündə təxminən 2 min şəhid verir...

Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Qafqaz İslam Ordusunun azad etdiyi Bakıya köçür. Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri xilaskar ordunu böyük hərarətlə qarşılayır.

Beləliklə, Bakının azad edilməsi ilə həm də Azərbaycanın müstəqilliyi tam təmin olunur.

70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı baxımından mühüm əhəmiyyətə malikdir. Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100-cü ildönümünə həsr olunmuş parad da bu dostluğu, qardaşlığı, bu birgə gücü bütün dünyaya nümayiş etdirdi.

100 il əvvəlki şanlı zəfər hələ davam edəcək və heç şübhəsiz ki, Azərbaycan erməni işğalı altında olan bütün ərazilərini azad edərək ərazi bütövlüyünü tam bərpa edəcək. Zəfər hər zaman yaxındadır, yetər ki, bu qələbəyə inam azalmasın!

Bəxtiyar Hacıyev, Trend

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!