Bakı Londonu "offsayd"a saldı

2015-ci il, Bakıda keçirilən 1-ci Avropa Oyunları. Ermənistan rəhbərliyi bu dünyaca nüfuzlu turnirə erməni idmançıların yollanmayacağını bəyan etmişdi. "Ermənistan vətəndaşlarının Azərbaycanda təhlükəsizliyinin təmin olunacağını düşünmürük", - rəsmi İrəvanın mövqeyi belə idi.

Lakin iyunun 3-də, Avropa Oyunlarının başlanmasına 9 gün qalmış İrəvan mövqeyini diametral şəkildə dəyişdi.

İyunun 10-da Bakıda artıq Ermənistanın 25 idmançısı vardı. Ermənistan Milli Olimpiya Komitəsinin qərarı ilə ölkə 1-ci Avropa Oyunlarında 6 idman növündə təmsil olunmuşdu. 23 kişi və 2 qadın erməni atlet Bakıda yarışlara qatıldılar.

İyunun 12-də, Bakıdakı Olimpiya Stadionunda, 1-ci Avropa Oyunlarının təntənəli açılış mərasimində Qraçya Rostomyan Ermənistan yığmasının bayraqdarı kimi öndə addımladı və bunu bütün dünya gördü.

Norayr Arakelyan, Hratçik Babayan, Artyom Aleksanyan, David Alaverdian, Narek Abqaryan, Aram Avaqyan, Samvel Barseqyan, Ovanes Batçkov, Nikol Harutyunov, Ovanes Davtyan, David Nikohosyan, Sanna Stankeviç, Roman Amoyan, Stepan Maryanyan, Miqran Arutyunyan, Karapet Tçalyan, Maksim Manukyan, Qarik Barsekyan, Volodya Franqulyan və David Safaryan - bu erməni idmançılar Bakıda təhlükəsizliklərinin tam təmin olunduğunu dedilər.

Ermənistan Azərbaycana qarşı düşmən mövqe tutub, ərazilərimizin 20 faizini işğal edib, xalqımıza qarşı erməni terrorçuları olmazın vəhşiliklər və cəlladlıqlar törədiblər.

Amma...

Erməni idmançılar Bakıya məhz idmançı kimi gəlmişdilər. İdman isə siyasətdən kənardır: arenalarda siyasətə yer olmamalıdır və yoxdur.

Bundan başqa, erməni idmançılar Azərbaycanın qonağa humanist, şəfqətli və müdrik münasibətinə sığınaraq, ümid edərək gəlmişdilər.

Bizdə isə qonağa zaval yoxdur. İllah da ki, o qonaq ölkəmizdə keçirilən idman yarışına qatılıbsa.

Bakıda I Avropa Oyunlarının gümüş mükafatçısı erməni idmançı Qevorq Manukyan hələ də Azərbaycanı unutmayıb və unutmayacağını deyir.

Boks üzrə kişilərdə 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı Avropa Oyunlarında qazandığı gümüş medalın ona təqdimatı zamanı Azərbaycanın dövlət başçısının etdiyi jestdən təsirləndiyini, hətta kövrəldiyini vurğulamışdı.

"Birinci döyüşdə məni Manunyak kimi elan etdilər. İkinci dəfə isə Manukiv deyə anons etdilər. Prezidentin məni şəxsən mükafatlandırması və tamaşaçını bir az sakitləşdirməsi mənim çox xoşuma gəldi.  Paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdi. Orada daha çox gəzib, gözəlliyinə heyran olmaq istəyirdim. Lakin mən bura ilk növbədə Avropa Oyunlarında iştirak üçün gəlmişdim. Vaxtımın çoxunu Atletlər kəndində keçirdim. Bu səbəbdən şəhərə çıxmağa çox vaxtım da olmadı. Bakıda məni yaxşı qəbul etdilər və heç kimdən narazılığım yoxdu. Dənizkənarı park göz oxşayır. Bakı qeyri-adi şəhərdi ki, burada müasir tikililərlə qədimi binalar vəhdət təşkil edir.  Hər şey yaxşı oldu. Buna fikir vermədim. Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandı. Əlimi sıxıb, mənə "afərin" dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti təqdim edib", - Gevorq Manukyan söyləmişdi.

Ermənistan yığmasının üzvü Samvel Barseqyan isə demişdi: "Bakıya təşvişlə gəlmişdik. Məlum məsələlərə görə. Lakin buradakı humanizm məni valeh etdi. Bakı, sanki, bizə insanlıq dərsi keçdi. Hətta utandım"

Fikir verin - erməni idmançı Bakıda "insanlıq dərsi" aldığını etiraf edir. Halbuki həmin S.Barseqyanın iki qardaşı Dağlıq Qarabağda səngərlərdə olub, Ermənistan ordusunun hərbçiləri sırasında Azərbaycan əsgərlərinə atəş açıb.

Barseqyanın etirafı, utandığını deməsi kiçik məsələ deyil - sosial şəbəkələrdəki yerli və əcnəbi trolların sərsəm iddialarına rəğmən.

Belədirsə, "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlişində hansısa problemlərin yaşana biləcəyi barədə deyilənlər və yazılanlar boş iddia, absurd ittihamlar təsiri bağışlamırmı?! Sadəcə, Ermənistan yığmasının heyətindəki 25 erməni idmançını qəbul edən və yola salan Bakı indi, sadəcə, Mxitaryana problemlər yaşadacaq?!

Bu iddianı şərh etmək belə, o qədər mənasızdır ki...

Final və "Formula-1"

Mayın 29-da Bakıda Avropa Liqasının finalı olacaq, "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar. Bəlli ki, belə möhtəşəm matça on minlərlə əcnəbi fanat stadionda tamaşa edəcək.

Britaniya mediasında başlanan, sonra Avropa ölkələrinin kütləvi informasiya vasitələrinə sıçradılan, oradan da sosial şəbəkələrdə çoxsaylı trol "ordu"sunun səs-səs verməsi ilə nəticələnən "Bakıda problemlər yaşanacaq" tipli iddialar da tam bir marazm, absurdun ən primitiv səviyyəsidir.

Bakı indiyədək yüzlərlə (!) beynəlxalq tədbirə ev sahibliyi edib.

"Eurovision" və "Formula-1"in keçirildiyi ölkə, dünyanın 141 ölkəsinin vətəndaşlarının çox böyük şövqlə baş çəkdikləri Bakı indi qəflətən, spontan olaraq, heç bir vəsilə və dəstəvüzsuz "təhlükəli şəhər"ə, "bacarıqsız təşkilatçılar məkanı"na döndü?!

Belə iddiaları səsləndirənlər öz şüurlarının tullantısı olan ittihamlarına inanmırlar - bunu yəqin bilirəm.

Onu da anlayıram ki, Avropa Liqasının finalı ilə bağlı isteriya idmanın siyasətə qarışdırılması, siyasətdə də idmandan faydalanmaq istəyidir.

Çünki məntiqsizlikdi.

Britaniya mediasında "təşviş"ə qapılanlara, "narahat" olanlara sualım var. Sadə sualdır: sizcə, "Arsenal"ın azarkeşləri ilə "Çelsi"nin fanatları maddi baxımdan daha zəngin, daha tələbkar və daha ciddidir, yoxsa beynəlxalq "Formula-1" avtoçempionatının pərəstişkarları?!

"Formula-1"in Bakıda keçirilən Azərbaycan Qran-Pri mərhələsinə "Baku City Circuit F1"in kənarındakı tribunalardan tamaşa etmək üçün Bakıya gələn əcnəbilər arasındakı milyonçular, hətta milyarderlər və şou-biznes ulduzlarını sadalamağa ehtiyac yoxdur, məncə.

Yenə də sadəcə, faktlar: bu ilin aprelin 26-da başlayıb 28-də başa çatan Azərbaycan Qran-Prisinə bilet alanlar arasında Avropa Birliyi ölkələrinin vətəndaşları olan 83 siyasətçi, 74 millət vəkili, 45 milyonçu iş adamı, 12 dünyaca məşhur şou-biznes ulduzu, 53 idmançı (o cümlədən 9 futbolçu) vardı.

Onların heç biri (!) yarışın Bakıdakı təşkilat səviyyəsindən narazı qalmadılar.

Əksinə, amerikalı reper Kardi Bi demişkən, "Bakının möhtəşəmliyinə və təşkilatçılığın super səviyyəsinə vuruldular".

"Formula-1" və "Eurovision" kimi tədbirləri ən üstün səviyyədə təşkil edib keçirən Bakı indi "Arsenal"-"Çelsi" matçında problemlər yaşaya bilməz.

Ən azı ona görə ki, həmin "Çelsi" bir müddət əvvəl "Qarabağ"la meydana çıxmaq üçün Bakıya gəlmişdi. Dünyanın məşhur futbol yığmaları, klubları və idmançıları təki.

Klopp nəyi və niyə dedi?

Ötən il UEFA prezidenti Aleksandr Çeverin Avropa Liqasının finalının simvolik biletini Azərbaycanın nümayəndə heyətinə təqdim edəndə demişdi: "Bakıdakı stadionla tanışam. Zərrə qədər şübhələnmirəm ki, Avropa Liqasının finalı əla təşkil olunacaq".

Lakin İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp narahatdır. Onun sözlərinə görə,  "Arsenal" və "Çelsi" klublarının azarkeşlərinin nə edəcəklərini düşünür.

Klopp söyləyib ki, Avropa Liqasının finalını Bakıda keçirmək gülüncdür: "Bilmirəm bu qərarı qəbul edənlər səhər yeməyinə nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, çox gözəl şəhər idi, lakin çətin ki, finalda Rusiya və ya ora yaxın bir yerdən hansısa komanda oynasın. Bakıya qaldıqda isə, mən heç ora necə getmək lazım olduğunu bilmirəm. Mütəmadi reyslər varmı? Qərarı daha əsaslı fikirləşərək qəbul etmək olardı".

Yurgen Klopp sıradan bir adam yox, çağdaşlığın ən peşəkar və tanınmış futbol məşqçilərindən biridir. Di gəl, alman çalışdırıcı, deyəsən, hələ də bilmir ki, Bakıda Avropa Oyunları, İslam Həmrəylik Oyunları, eləcə də gimnastika, güləş, cüdo, boks, şahmat və s. yarışları keçirilib.

Klopp deyir ki, AL-nın finalının futbolun zəif inkişaf etmiş ölkələrdə keçirilməsi düzgün deyil. Yəni, sən demə, alman məşqçi "Bakını tanımır".

"Arsenal", "Çelsi", "Atletiko Madrid", "Roma", "Sportinq" klubları, əcəba, Bakıda oynamayıblar? Klopp, heç olmasa, həmin Avropa futbolunun nəhənglərinin menecerlərindən Bakının necə şəhər olduğunu soruşa bilərdi.

Klopp onu da "unudur" ki, FİFA-nın yeni strategiyası futbol coğrafiyasının maksimum genişləndirilməsini ehtiva edir.

Belə ki, gələn ildən etibarən Avropa çempionatında 16 yox, 24 yığma mübarizə aparacaq. Hazırda dünya çempionatına 32 komanda qatılırsa, 2026-cı ildə onların sayı 48 olacaq.

FİFA futbol coğrafiyasının genişlənməsi, daha çox milli komandanın məşhur və nüfuzlu turnirlərə cəlb olunması üçün Millətlər Liqasını da keçirir.

Klopp bu məqamı da "unudub". Necə ki, son beş ildə "Qarabağ"ın Avropa arenalarında döyüşkən və məzmunlu futbol göstərməsini, ən məşhur klublarla az qala bərabər səviyyədə mübarizə aparmasını da "bilmir".

Gələn il EURL-2020 keçiriləcək. Avropa çempionatının 4 matçı Bakıda olacaq. Onların üçü qrup mərhələsinin, birisə 1/4 final mərhələsinin oyunlarıdır.

1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

"Arsenal"-"Çelsi" matçının baş tutacağı 70 min yerlik Bakı Olimpiya Stadionu isə "Dünyanın ən yaxşı yeni stadionu" nominasiyasında dəfələrlə mükafatlara layiq görülüb.

2010-cu ildə "Borussiya" (Dortmund) klubunun baş məşqçisi kimi Bakıya gələn Yurgen Kloppun komandası Tofiq Bəhramov adına stadionda "Qarabağ"la qarşılaşmışdı. Almanlar matçda çox inadlı və qətiyyətli müqavimətlə qarşılaşmış, 1:0 şesablı qələbəyə nail olmuşdular.

Biletlər və AZAL

İddiaların bir qismi də London-Bakı və Bakı-London istiqamətində aviareyslərin az olması, bilet qıtlığı və bunların da ingilis azarkeşlər üçün problemlər yaratması ilə bağlıdır.

Halbuki AZAL Avropa Liqasının finalı üçün 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarını həyata keçirəcək.

Əcnəbi azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq.

AZAL-la klublar arasında əldə olunan razılığa əsasən, əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Təbii, Azərbaycan Britaniyadan uzaqdır, britaniyalı fanatlar avtobuslarla və qatarla Bakıya gələ bilməyəcəklər.

Fəqət, elə həmin fanatlar Avstraliyaya, Yaponiyaya, Malayziyaya, Sinqapura, Çinə rahatlıqla, şikayətlənmədən, donquldanmadan gedirlər.

Və sonda: Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanını dünyaca nüfuzlu "SkyTrax" təşkilatı "2019-cu ildə dünyanın ən yaxşı hava limanlarından biri" adına layiq görüb. Hava limanı ildə 4,4 milyon sərnişinə xidmət göstərə bilir ki, bu da gündə 12 min sərnişin deməkdir. "Arsenal"-"Çelsi" matçı ilə əlaqədarsa Bakı gündə 20 min aviasərnişin qəbul edə bilər.

Kim kimdən ehtiyatlanmalıdır?

Britaniyanın XİN-i Bakıda keçiriləcək "Arsenal"-"Çelsi" matçı ilə bağlı narahatlığını bəyan edib. Sən demə, Forin-Offis mülayim, sakit ingilis azarkeşlərin Bakıda aqressiv, dalaşqan və ilaxır yerli sakinlərlə, "aborigen"lərlə qarşılaşmasının fəsadlarından qorxurmuş.

Rəsmi Londonun açıqlaması əsl tragikomediya, absurdun üst həddidir.

Futbol zorakılığı, radikal fanatlıq cərəyanı 1960-1970-ci illərdə məhz Britaniyada yaranıb. Azarkeşlik etdikləri klub üçün ingilis fanatların nələr etdiklərini də düınya bilir. Dumanlı Albionda yaşayan fanatlar meydandan kənarda davanı "komandanın idman mübarizəsinin davamı" saydıqlarından xuliqanlıqları (bu sözün də "vətən"i Britaniyadır) və aqressivliyi ilə ad çıxarıblar.

14-cü əsrin sonlarından bəri İngiltərədə futbol oyunlarından əvvəl və sonra "dava"lar adi hal sayılır.

Hazırda iş oyerə çatıb ki, İngiltərə premyer-liqasında və Çempionşipdə matçların əksəriyyətində oyunun keçirildiyi şəhərdə az qala fövqəladə vəziyyət elan olunur.

Məşhur klubların matçlarından əvvəl və sonra 400 nəfərdən tutmuş 7 min nəfərədək azarkeş arasında dava "adi hal" sayılır.

Britaniya dünyanın yeganə ölkəsidir ki, təxminən 24 min vətəndaşa stadiona giriş qəti qadağandır. Bu fanatlar ifrat aqressivliyə görə "qara siyahı"dadır.

1985-ci ildə Belçikadakı "Eyzel" stadionunda, Avropa Çempionları Kubokunun finalında İtaliyanın "Yuventus" və İngiltərənin "Liverpul" klubları arasındakı matçda fanatlar arasındakı davada 39 nəfər həlak oldu.

UEFA-nın qərarına əsasən, İngiltərənin bütün klubları Avropa kuboklarından 3 il müddətinə kənarlaşdırıldı. "Liverpul"a isə 5 illik yasaq qoyuldu.

4 il sonra,  1989-cu ilin aprelin 14-də İngiltərənin "Şeffild" stadionundakı iğtişaşlarda "Liverpul"un 96 azarkeşi həlak oldu.

1993-cü ildə 1100 ingilis azarkeş Hollandiyadan deportasiya olunmuşdu.

2009-cu ildə Londonda "Hall Siti" və "Milliuol" klubları arasındakı matçdakı davada 24 fanat bıçaqlanmışdı. Həmin ilin avqustunda isə "Vest Hem" və "Milluol" klublarının fanatları arasındakı davada "Apton Park" stadionu viran günə qalmışdı.

2014-cü ildə, Çempionlar Liqasının 1/8 finalında oynanılacaq "Qalatasaray"-"Çelsi" matçından əvvəl ingilis azarkeşlər İstanbulda dava salmış, bıçaqlanmaya səbəb olmuşdular.

Bu ilin əvvəlindən bəri İngiltərədə fanatlar arasındakı davalarda 124 nəfər döyülüb, 11 nəfər bıçaqlanıb, 2 nəfər həlak olub.

Belədirsə, Bakı ingilis fanatlara görə narahat olmalıdır, yoxsa onlarla nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etmiş şəhərimizə gələn aqressiv ingilis fanatlar "təlaş"a düşməlidir?

Özünüz cavab verin...

Elçin Alıoğlu
Milli.Az