AXCP Müsavatı parçalayacaq

Day.Az представляет новость на азербайджанском языке.

AXCP sədrinin vahid namizəd məsələsində təmkinli və səbrli siyasəti artıq başa çatdı. Partiya funksionerlərinin açıqlamaları göstərir ki, Cəbhənin güzəşt limiti artıq bitib, bundan sonra Müsavatın kaprizlərinə dözməyəcəklər. Partiyanın ikinci şəxsi, Ali Məclisin sədri Həsən Kərimov mətbuata müsahibəsində partiyasının iddialarını açıq-aşkar ortaya qoyub. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ səfərindən sonra daha da ürəklənmiş AXCP yetkililəri Müsavatın üstünə yeriyirlər. Bir müddət öncə Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Müsavatı ittiham etmiş, bildirmişdi ki, Müsavat icazəsiz aksiyalardan sonra müxalifətçi gənclərə kəsilən cərimələrə ortaq olmur. Qurbanlı əslində bu fikri başqa cür ifadə etmişdi. Belə çıxırdı ki, əslində Müsavat aksiyalara önəm vermir, tutulan elə cəbhəçilərdir, cərimə də təbii ki onlara gəlir. Onun ardınca Fuad Qəhrəmanlı AXCP-nin müxalifətdə güc olduğunu bildirmişdi. Partiyanın ikinci şəxsi məsələni daha açıq qoyur: Müxalifətin vahid namizədi olmaq AXCP sədrinin təbii haqqıdır və Müsavat da bunu qəbul etməlidir.

"Müxalifətin böyük koalisiyada birləşərək, vahid komanda şəklində vahid namizədi irəli sürməsi artıq bir sosial sifarişdir" fikrinin ardınca Həsən Kərimov bildirir ki, bir reallıqla da razılaşmaq lazımdır ki, hazırda sosial şəbəkələrdə keçirilən sorğular, ictimaiyyətdən gələn istəklər onu göstərir ki, Əli Kərimli hazırda müxalifət daxilində ən real şansı olan namizəddir: "Əli Kərimli bitərəflər arasında da böyük nüfuza sahibdir və görüşlərdə tez-tez soruşulan suallardan biri də AXCP sədrinin nə zaman namizədliyini irəli sürəcəyi ilə bağlıdır. Amma Əli Kərimli dəfələrlə bəyan edib ki, müxalifətin daha geniş inteqrasiyasına nail olunmalıdır. AXCP sədri müxalifətin geniş birliyinin onun namizədliyini irəli sürəcəyi təqdirdə bu yükü üzərinə götürməyə hazır olduğunu bəyan edib. Əli Kərimli onu da bildirib ki, əgər ondan daha şanslı namizəd meydanda olarsa, o iddialarından geri çəkilməyə hazırdır. Ümumiyyətlə, bütün müxalifət liderləri öz iddialarından milli maraqlar naminə geri çəkilməyi bacarmalıdır". Həsən Kərimov yaxşı bilir ki, müxalifətin başqa namizədi olmayacaq. Rüstəm İbrahimbəyov namizəd olmayacağını bildirib, Eldar Namazovu irəli çıxarıb. Eldar Namazov nəinki AXCP sədrinə, heç Müsavat başqanına da alternativ ola bilməz. Namazovun müxalifətin şanslı namizədinə güzəşt edəcəyi gün kimi aydındır. Meydanda iki namizəd qalır: AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər.
 

AXCP yetkililərinin başladığı piar kampaniyası onu deməyə əsas verir ki, Əli Kərimli Ziyalılar Forumundan xeyir-dua alıb. Böyük ehtimalla, Ziyalılar Forumunun, El hərəkatının və nəhayət, Rüstəm İbrahimbəyovun namizədi elə Əli Kərimli olacaq. Eldar Namazovun, Rüstəm İbrahimbəyovun vahid namizədlə bağlı müxalifətə səslənişindən və Əli Kərimlinin fəalliyyətini təqdir etmələrindən sonra bu, gözlənilən idi. Ancaq bu günə qədər siyasi qüvvələr öz niyyətini açıq bildirməmişdilər. Görünür, indi açıq danışmağın, namizədi göstərməyin zamanı çatıb. Yəqin ki, yaxın vaxtlarda Əli Kərimlinin vahid namizədliyi yolunda daha konkret addımlar atılacaq. Milli Şura da elə bu məqsədlə yaradılır. Müsavat funksionerlərinin narahatlıq dolu açıqlamaları bunu deməyə əsas verir ki, onlar nə baş verdiyinin fərqindədirlər. Müsavat Milli Şura adlanan tələnin bir addımlığındadır. Bu oyun baş tutsa, AXCP prosesdən qalib çıxacaq. Müsavatda parçalanma prosesləri başlanacaq.

/Olaylar.az/