AXCP sədri İsa Qəmbərə qarşı hücuma keçdi
Day.Az представляет новость на азербайджанском языке.
Əli Kərimli İsa Qəmbəri ittiham etdi, qarşı tərəfdən sərt cavab gəldi
Milli Şuranın daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı problem getdikcə aktuallaşmaqdadır. Rüstəm İbrahimbəyovun pasport probleminin həllinin uzanması şuradakıları çətin durumda qoyub. Artıq "ya Rüstəm İbrahimbyov, ya da Rüstəm İbrahimbəyov" prinspi ilə irəliyə getmək qeyri-mümkün görünür. Seçkiyə çox qısa müddət qalsa da, vətəndaşlığa xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi barədə açıqlamalar verilsə də, fakt faktlığında qalır. Əlahəzrət fakt isə indiki statusla Rüstəm İbrahimbəyovun prezident seçkilərində namizəd olmasının mümkün olmadığını deyir. Belə olan şəraitdə Milli Şura özü üçün yol xəritəsi hazırlamalı, alternativ namizədlərini müəyyənləşdirməlidir. Milli Şuranın əsas dayaqlarından olan Müsavat Partiyası lap əvvəldən müttəfiqlərini bu barədə düşünməyə dəvət etsə də, hər dəfə rədd cavabı alır, müxalifəti parçalamaqda ittiham edirdilər. Amma iyulun 31-də Rüstəm İbrahimbəyovun Bakıya gəlmək istəmədiyi dəqiqləşəndən sonra Müsavatın təklifinə münasibət dəyişdi. Tiflisdə Rüstəm İbrahimbəyovla təkbətək görüşən Müsavat başqanı Bakıya gələndən sonra Milli Şuranın növbəti toplantısında alternativ namizədin müəyyənləşdirilməsi ilə bağlı təkliflə çıxış edəcəyini açıq şəkildə ifadə etdi.
Tiflisdən Rüstəm İbrahimbəyovla birgə Moskvaya yollanan Eldar Namazov avqustun 4-də Bakıya qayıtdıqdan sonra Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüş keçirərək müzakirələr aparıb. Təbii ki, görüşdə Rüstəm İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun gedişi, atılacaq addımlar, yaranmış vəziyyətdən çıxış yolları müzakirə edilib, Moskvadan gətirilmiş reseptlər müzakirə edilib.
Müzakirələrin yekunu olaraq Milli Şuranın avqustun 10-na təyin edilən sessiyasının tarixi 3 gün irəli çəkilib. Milli Şuranın növbəti sessiyasının avqustun 7-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilməsi qərara alınıb. İclasda Milli Şuranın vahid namizədi ilə bağlı qərarın qəbul edilməsi, elektoratda yaranan ruh düşkünlüyünün aradan qaldırılması planlaşdırılır. Amma bunun reallaşmasının asan olmayacağını indidən iddia etmək olar. Məsələ burasındadır ki, Milli Şuradakı iki əsas qüvvə olan İsa Qəmbərlə Əli Kərimlinin mövqeləri bir-birindən tamamilə fərqlənir. Müsavatın mövqeyi "Yeni Müsavat" qəzetinin dünənki sayında yer alan ssenaridə əksini tapıb. Həmin ssenariyə əsasən Rüstəm İbrahimbəyovun problemlərini həll etməsi üçün ona bir neçə gün də vaxt veriləcək. Müsavat başqanı deyib ki, o, seçkilərin heç bir halda boykot olunmasını istəmir, buna da imkan verməyəcək. İbrahimbəyov seçkiyə qatıla bilməsə, Müsavatın və Milli Şuranın seçkidən kənarda qalmaması üçün təkliflərinə əsasən R.İbrahimbəyov seçkilərə qatıla bilməsə də, müxalifətin əsas lideri və Milli Şuranın rəhbəri statusunu saxlayacaq. Milli Şuranın qorunması və müxalifətin birləşmə mərkəzi statusunu qoruyub saxlaya bilməsi naminə, bu qurumu təsis edən digər siyasi partiyaların da iddiaçılarına tolerant yanaşılır. Buna görə də Eldar Namazovun namizədliyinin irəli sürülməsinə razılıq veriləcək. Yəni Milli Şuranın vahid namizədi olmayacağı təqdirdə Müsavat başqanı İsa Qəmbər və EL Hərəkatının lideri Eldar Namazov seçkilərdə iştirak üçün prosedurlara baş vururlar. Bu cür qərar verən digər Milli Şura üzvünə də maneçilik törədilmir. Prosedurlardan sonra seçkiyə kimlər qatılacaqsa, daha sonra seçkinin gedişatında onların göstərdikləri performansa və şanslara uyğun qərarlar veriləcək. Əgər hər hansı bir anlaşmaya varılarsa, bundan sonra şansı daha çox olan vahid namizəd kimi qalacaq; az şansı olan(lar) isə namizədliklərini öndə olanın xeyrinə geri götürəcək(lər). Göründüyü kimi, Müsavatın ssenarisində AXCP sədri Əli Kərimliyə heç yer saxlanılmayıb. Bu ssenari həm də faktiki olaraq Milli Şuranın seçkiyə vahid namizədlə gedə bilməyəcəyi anlamına gəlir.
AXCP-nin İsa Qəmbərin təklifini bəyənməyəcəyi də artıq qəti şəkildə bildirilə bilər. Çünki "Azadlıq" qəzetinin dünənki sayında "İsa Qəmbərin təklifinə "yox" deyilir" başlıqlı bir yazı verilib. Burada Müsavat başqanının ehtiyat namizəd təklifinin müxalifəti parçalayacağı və iqtidarın xeyrinə işləyəcəyi açıq şəkildə ifadə olunub. Yazıda El Hərəkatının təmsilçisi Zəfər Quliyevin dili ilə Müsavat Partiyası müxalifətin ümumi işinə zərər vurmaqda günahlandırılıb. Bu yazı ilə Əli Kərimli İsa Qəmbərə mesajını ünvanlayıb. Sonra da ürəyi soyumayıb, özünün sosial şəbəkələrdəki səhifəsində faktiki olaraq Müsavatın hakimiyyət tərəfindən himayə olunmasını ifadə edən status yazıb.
Bütün bunlar onu göstərir ki, AXCP sədri İsa Qəmbərin seçkidə müxalifətin vahid namizədi kimi iştirak etmək planlarının reallaşmasına imkan verməyəcəyini nümayiş etdirir. Onun cavabı da çox gecikməyib. İsa Qəmbərin ən yaxın adamı olan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün facebook səhifəsində AXCP sədrini yıxıb-sürüyüb. O qeyd edib ki, bundan öncə də Əli Kərimlinin miskin bir durumda olduğunu, hətta Milli Şura və vahid namizəd ətrafında yaranmış şəraitə də şərh vermək iqtidarında olmadığını bildirib: "Ətrafındakı bəzi "ağıllılar" anonim imzalarla cavab verdilər ki, Əli bəy müxalifətə yaxşı torba tikib, tərpənə bilmirlər. Nəhayət, onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj (onu tənqid edənlər pulla ələ alınıblar) demoqoqiya və hikkə (indidən sonra da mən deyən olacaq). Nə olsun? Nədir qazancın? Müsavat pis - yaxşı təbliğatını aparırdı, onları iflic etdiniz. Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var? İş o yerə çatıb ki, Rəsul Quliyev demokratik düşərgənin vahid namizədi olmaq iddiasına düşüb. Budurmu uğur? Üzərinə məsuliyyəti götürüb xalqı irticaya qarşı aparmaq iqtidarında olanları vaxtında hədəfə götürüb şantaj etdiniz, onlara arxadan zərbə vurdunuz, ətrafınızdakılar demişkən "torba tikdiniz". Məsuliyyəti üzərinizə götürüb xalqı arxanızca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz, indi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək ona bu gün dediyi fikri sabah dəyişməyə vadar edərək müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiz. Bəs deyilmi bu oyunlar? Milli Şuranın antimusavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi?"
Artıq əminliklə demək olar ki, bu tipli ittihamlar qarşıdakı günlərdə daha da çoxalacaq və AXCP-Müsavat savaşı daha da alovlanacaq. Milli Şura bir növ İctimai Palataya çevriləcək. İctimai Palata necə vahid namizəd müəyyənləşdirə bilməmişdisə, Milli Şura da o aqibəti yaşayacaq.
Əgər Eldar Namazovla Rüstəm İbrahimbəyovun alternativ namizədlə bağlı hansısa "B" planları da varsa, o da Əli Kərimli ilə İsa Qəmbər arasındakı çəkişmənin odunda yanıb külə dönəcək. Yaddan çıxarmaq lazım deyil ki, bu müzakirələri başa vurmaq, seçki prosesində iştirakla bağlı qərar vermək üçün Milli Şuranın çox az cəmi 10-15 gün vaxtı qalıb.
/Kaspi.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре