Asəf Quliyev Milli Şuradan və AXCP-dən niyə istefa verdi?

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev Milli Şuradan və AXCP-dən istefa verməsinin səbəblərini açıqlayıb.

Trend-in məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında A.Quliyev bildirib ki, AXCP-nin 2011-ci ildən prosesləri təkbaşına idarə etməsini və heç bir bloka qoşulmamasını təklif etmişdi: "Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Həmçinin Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim".

O, qeyd edib ki, Milli Şura yaranan gündən haqqında müxtəlif fikirlər formalaşdı, qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdıra bilmədi və bu, inamsızlıq yaratdı.

A.Quliyev vurğulayıb ki, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar: "Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın özündə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf və komanda ilə seçkiyə getmək elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı".

A.Quliyev "Xalq arzusu" adlı yeni təşkilat yaradacağını deyib: "Burada əsas məqsəd milli ideologiyanın təbliği istiqamətində fəaliyyət göstərməkdir".