Tehran münasibətlərimizdə norma və ədəb qaydalarını niyə pozur?
Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanın yürütdüyü xarici siyasət çox dövlətləri narahat edirsə, öz hüdudlarında əcnəbilərə qarşı münasibəti sadəcə bir ölkəni sürəkli "pəjmurdə" edir. Həmin məmləkət də ki İrandır.

İran rəsmiləri yorulmadan bildirirlər ki, rəsmi Bakı bu ölkədən gələn qonaqlara qarşı guya qərəzli mövqe tutur.

Halbuki qərəz yox, mövqe var.

Və bu mövqe sərgilənəndə Tehrandakı bir para dövlət ərkanı, məmurlar, qurumlar və şəxslər daha "ustacasına" tərpənərək hüquq pozmalarının qarşısının alınmasını özlərinə qarşı hüquq pozuntusu, diplomatik normaların qorunmasına yönələn səyləri isə diplomatlarının normadan kənar əməllərinin davam etdirilməsinə maneə kimi qəbul edirlər.

Yəni rəsmi Tehran Azərbaycanla bağlı istədiyini etmək istəyir, Azərbaycan isə nəyisə etmək istəyəndə narazı qalır, inciyir, xəbərdarlıqlara və sonda da sərt addımlara əl atır.

Son zamanlar İranın kütləvi informasiya vasitələrində gah İİR-in AR-dəki səfirliyinin, gah da bu ölkənin Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşı kimi qələmə verilən Əhməd Əhmədzadə adlı İran vətəndaşının Azərbaycandan arzuolunmaz şəxs kimi çıxarılması barədə bir sıra xoşagəlməz məqalələr dərc olunub. Bu məqalələrdə Azərbaycan iki ölkə arasında münasibətləri gərginləşdirən tərəf kimi təqdim olunur və sübut kimi Əhməd Əhmədzadənin viza rejimini pozduğuna görə bu ilin noyabr ayının 21-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından kənarlaşdırılması faktı təqdim edilir.

Bir vətəndaşının başqa ölkədən çıxarılmasını böyük "problem" sayan İran həmin şəxsin yaratdığı problemləri nədən görmür və ya görməzlikdən gələrək heç nə olmamış kimi davranır - cavabı maraqlı olası suallardır.

Milli.Az bildirir ki, məsələyə aydınlıq gətirmək üçün oxuculara qısa məlumat vermək istərdik. Əldə edilən məlumatlar göstərir ki, Ə.Əhmədzadə Azərbaycan tərəfinə məlumat vermədən 2012-ci ildə İİR-dən ölkəmizə gələrək, XİN-də akkreditasiyadan keçmədən 11 ay müddətində burada vizasız yaşayıb və İran Mədəniyyət Mərkəzində qeyri-qanuni fəaliyyət göstərib. Bununla əlaqədar AR XİN rəsmiləri qeyd edilən müddət ərzində İran səfirliyinin rəhbərliyinə xoş niyyətini və dostluq münasibətlərini nümayiş etdirərək, Ə.Əhmədzadənin ölkədə qeyri-qanuni yaşaması və fəaliyyət göstərməsi faktını dəfələrlə onların diqqətinə çatdırıb və onun AR qanunlarının tələblərinə uyğun olaraq ölkə ərazisini könüllü tərk etməsinin daha məqsədəuyğun olduğunu şifahi bildiriblər.

Lakin İran səfirliyinin rəsmiləri buna məhəl qoymayaraq Ə.Əhmədzadənin ölkəmizdə qalmasına, bununla da ölkəmizin müvafiq qanunlarının tələblərini kobud surətdə pozmasına şərait yaradıblar.

Bildiyimiz kimi, İran öz xarici siyasətində müstəqil kurs yürütməkdə daima israrlı olan bir ölkədir. Buna İranın nüvə proqramını, Fələstin problemi ilə bağlı tutduğu mövqeyini bariz misallar kimi gətirmək mümkündür. Öz müstəqilliyini daima uca tutan, istənilən sahədə ölkəsinin hüquqlarını fəal müdafiə edən bir ölkənin digər ölkələrin də suverenitetinə, həmçinin qanunlarına hörmətlə yanaşmasını gözləmək daha məntiqəuyğundur, nəinki İranın sözügedən məsələ ilə bağlı tutduğu mövqeyini.

Belə ki, Ə.Əhmədzadənin ölkədən çıxarılmasından sonra iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmaq istəyən müəyyən qüvvələr xırda bir məsələni şişirdərək, məsələyə siyasi don geyindirməklə, buna "adekvat" addım kimi AR-in Tehrandakı səfirliyinin işçilərindən birinin ölkə ərazisindən çıxarılacağı barədə Azərbaycan tərəfinə hədə-qorxu gəlməyə başlayıblar.

İran tərəfi AR-in İİR-dəki səfirliyində hesabdar vəzifəsində çalışan Şəmsi Bünyadov adlı işçiyə 5 gün müddətində İran ərazisini tərk etməsi barədə xəbərdarlıq edib. Halbuki, AR XİN-də akkreditasiyadan keçməmiş adi bir əcnəbi vətəndaşın səfirliyin rəsmi işçisi ilə müqayisə edilməsi heç bir məntiqə və diplomatik normalara sığmır.

Əsası olmadan tutduğu bu mövqeylə İran rəsmiləri yenidən Azərbaycanla münasibətləri gərginləşdirərək, iki ölkə arasında diplomatik müstəvidə qarşıdurmaya zəmin yaradırlar.

Azərbaycan tərəfi Tehrandakı səfirliyinin əməkdaşına qarşı tətbiq olunmuş sanksiyanı diplomatik normalar baxımından layiqincə dəyərləndirərək, öz növbəsində adekvat tədbirlər görmək məcburiyyətindədir.

Çünki suverenlik və müstəqilliyinə, xüsusilə də xarici ölkələrdəki vətəndaşlarının hüquqlarının təminatı məsələlərinə önəm verən ölkə olduğunu hər məqamda göstərməyə çalışan İran eyni davranışı başqa dövlətlərdən, habelə Azərbaycan kimi yaxın qonşudan gözləməlidir.

Tərəfimizdən deməliyik ki, İrandan fərqli olaraq, Azərbaycan üçün qonşuluq və səmimi tərəfdaşlıq əlaqələri sadəcə kağız üzərində bəyan edilən prinsiplər deyil.

Həmin məqamlara riayət olunmayanda və vətəndaşımızın hüquqları kobud şəkildə pozulanda isə gərəkli addımlar atmağa qadirik.

Kimlərin nə düşünməsindən asılı olmayaraq.

Milli.Az