Milli Şurada parçalanma gözlənilən idi

Day.Az представляет новость на азербайджанском языке.

Belə olacağı gözlənilirdi. Müsavatın Milli Şura formatına, ənənəvi müxalifət partiyalarına qarşı aşağı münasibətə sona qədər dözməyəcəyi, etiraz edəcəyi gözlənilirdi. Söhbət Milli Şura daxilində baş verən son hadisələrdən gedir. Şuranın son sessiyasında Müsavatın iradəsinə zidd addımlar atılıb. Həmsədr institutu yaradılmayıb (Sülhəddin Əkbər bildirir ki, Müsavat başqanı Milli Şuraya həmsədr seçilmək istəyirmiş. Bu iddianı təsdiq edən faktlar da var. Bir müddət öncə Müsavat yetkililərindən biri "Milli Şuraya təkcə ziyalı rəhbərlik etməməlidir" demişdi-müəll.), Rüstəm İbrahimbəyov fəxri sədr seçilib. Azadlıq radiosunun AXCP-yə meyli açıq-aşkar hiss olunan müxbiri Xədicə İsmayılla söhbətində Müsavat başqanı Milli Şurada yaşananlara sanki üsyan püskürürdü. Nə baş verir? Hansı tərəf haqlıdır? Müsavatın Milli Şuradan çıxması və ya qalıb hansısa iddia qoyması suçdurmu?
 

Milli Şura başından bəri Müsavatın marağına zidd bir qurum idi. Son 20 ildə Azərbaycan siyasətində sözün həqiqi mənasında meydan sulamış, Rauf Arifoğlunun təbirincə desək "yeni yaranan partiyalara siyasi pasport vermiş" Müsavat könülsüz olaraq, sırf ictimai rəyin təpkisi ilə seçkidən kənarda qaldı, başqa bir şəxsin Milli Şuranın rəhbəri olmasına, AXCP-yə yaxın bir ziyalının prezidentliyə vahid namizəd olmasına razılıq verdi. Milli Şurada təmsil olunan partiyaların demək olar ki, hamısı Müsavatın əleyhinə idi.

Müsavatın hansı təklifi olurdusa, sırf İsa Qəmbərə inad qəbul olunmurdu. Milli Şurada ənənəvi müxalifət partiyalarının aşağılanması, proseslərdən kənarlaşdırılması açıq hiss olunurdu. Ciddi sosial bazaya malik olmayan El hərəkatının sədri Eldar Namazovun MŞ-ın icra aparatının sədri təyin olunması Müsavatı tamamilə hövsələdən çıxarmışdı. Rauf Arifoğlu, Arif Hacılı buna kəskin etiraz edirdilər. Amma təcrübəli İsa Qəmbər ictimai qınaqdan ehtiyat edərək susmağa üstünlük verdi. Müsavatın bu duruma düşməsinə AXCP də rəvac verirdi. AXCP-nin təbliğat maşını bütün gücü ilə işləyir, ziyalıları qəhrəman, xilaskar kimi təqdim edir, sosial şəbəkələrdə Milli Şura və İbrahimbəyov əleyhdarlarına qarşı qara piar aparırdılar. AXCP-nin konkret məqsədi vardı. Partiya Milyarderlər İttifaqının, ziyalıların dəstəyi ilə Milli Şuranı gücləndirmək, bu qurumda möhkəmlənmək və sonradan Şuraya özünə yaxın adamı rəhbər gətirmək istəyirdi.

Müsavatın isə Milli Şurada heç bir marağı yox idi. Partiya mehriban düşmənlərinin əhatəsində qalmışdı. Partiya seçkiyə getmək, bu kampaniyadan qazancla çıxmaq istəyirdi. Lakin buna imkan vermirdilər. Müsavatın Milli Şura qarşısında şərt qoymasının, qurumun elan olunmasına mane olmasının əsas məqsədi də öz maraqları idi.

"Avrointeqrasiya" şərti, "Vahid namizəd ölkəyə gəlsin" şərti də yalnız Müsavatın etiraz hissinin ifadəsi idi. Hər iki tələb ona görə əsassız idi ki, Müsavat 90-cı illərdə Rusiyada yaşayan sabiq prezident Ayaz Mütəllibov, ABŞ-da yaşayan Rəsul Quliyevlə də sıx müttəfqilik etmişdi. O zaman "liderin xaricdə yaşaması", "Rusiya meylli olması" heç yada düşmürdü. Siyasətdə məqsəd naminə hər kəslə müttəfiqlik qəbul olunan normadır.

Aşkar görünürdü ki, Müsavatın iradları, iddiaları yersiz görünür. Amma Müsavatın haqlı göründüyü nüanslar da vardı. Arif Hacılının "kütləvi aksiyanı biz keçiririk, Milli Şuraya Eldar Namazov rəhbərlik edir" iradı da doğru idi. Siyasətdə yeri kimdənsə almırlar-qazanırlar. Müsavat 20 ildir müxalifətdə lider statusunu özü qazanıb. Liderlərinin, fəallarının fədakarlığı sayəsində. Amma iş burasındadır ki, siyasi proseslər dinamikdir, dünən lider olan bu gün sıravı olur. Sosial şəbəkələr faktoru ənənəvi mətbuatı sıxışdırdığı kimi, virtual qruplar, liderlər də ənənəvi siyasi partiyaları, müxalifəti sıxışdırır. Müsavat liderləri bir məsələdə haqsızdırlar. Müsavatın əvvəlki gücü (məsələn, 10 il öncəki) olsaydı, partiya Milli Şuraya heç daxil olmazdı. İndi cəmiyyətdə narazı elektoratın çoxu sosial şəbəkədədi və partiyasızdır. AXCP sədri ənənəvi müxalifətin sıradan çıxdığını dərk edir. Ancaq dağıdıcı zərbənin öncə Müsavata dəyəcəyini bildiyindən bu prosesə özü də dəstək verir. AXCP-nin Milli Şuranın yaranmasında rolu, İbrahimbəyov piarının arxasında elə bu məqsəd dayanırdı: Müsavatı sıradan çıxarmaq. AXCP 2005-ci il parlament seçkilərindən öncə və sonra "Azadlıq" bloku çərçivəsində eyni ssenarini icra etmiş, Müsavatı xeyli dərəcədə küncə sıxa bilmişdi. O zaman Müsavat cəld tərpəndi, bloku vaxtında tərk etdi. İsa Qəmbər indi də eyni addımı atmaq istəyir. Amma şərtlər dəyişib. Müsavatçı yazarlardan birinin ifadə etdiyi kimi "Psixoloji terrorun hökm sürdüyü sosial şəbəkələr" var. Müsavat başqanı Milli Şuradan narazıdır, Rüstəm İbrahimbəyovdan, Cəmil Həsənlidən narazıdır, amma onu açıq dilə gətirə bilmir. Müsavat sədri "İbrahimbəyov fəxri sədr ola bilməz, çünki Rusiya vətəndaşıdır" deyir. Haqlı sual yaranır, bəs şəklini asıb mitinq keçirəndə yada düşmürdü ki, adam Rusiya vətəndaşıdır? "Cəmil Həsənli ümidləri doğrultmadı" deyir. Ondan ayrı hansı nəticə gözlənməli idi ki?

İsa Qəmbəri ürəkləndirən cəbhəçilərin buraxdığı xətadır. İmişli cəbhəçisinin Rauf Arifoğluna yönəlik təhqirləri baş yazarın "əzabkeş" imicini yaratdı, Müsavata avantaj verdi. Müsavat məhz indi qərar verməli, Milli Şuradan çıxmalıdır. Onsuz da Müsavat Milli Şura üçün işləməyəcək. Müsavat Milli Şuranın işinə könülsüz yanaşması, mitinqə adam çıxarmaması digər partiyalarda da ümidsizlik, həvəssizlik yaradır. Müsavatla AXCP bir-birinə zidd iki qüvvələrdir. Bu partiyaların ayrılması ümumilikdə müxalifətin xeyrinədir. Müsavat Milli Şuradan getsə, həm Milli Şura işlək quruma çevriləcək, həm də Müsavat ətrafında yeni qurum yanacaq. Ola bilər ki, İctimai Palata dirçəlsin. İki partiyanın rəqabəti siyasi prosesləri də canlandıra bilər.
 

Maraqlıdır ki, Müsavat elitasına daxil olan şəxslərdə Milli Şuraya münasibətdə ağız birliyi var. Hətta kənarda qalmış Vurğun Əyyub belə Müsavatın Milli Şuradan çıxmasından yanadır. Müsavatın Milli Şuradan qalması həm də partiyanın öz zərərinədir. Müsavatı yenə də ziyalıların kölgəsində saxlayacaqlar. Amma bir iş var ki, müstəqil fəalliyyətlə, lap İP-i bərpa etsə də, Müsavat siyasi səhnədə əvvəlki mövqeyini, nüfuzunu bərpa edə bilməyəcək. Milli Şuranın yaranması ənənəvi müxalifətin, 1993-cü ildə yaranmış sistemin böhranının nəticəsi idi. Bu böhran davam edəcək və nəticədə siyasi səhnəyə yeni qüvvələr çıxacaq. Bu proses AXCP-nin də ziyanınadır. Əli Kərimli yalnız yeni qüvvələrə assisent ola biləcək.
 

/Olaylar.az/