Pirallahıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

Day.Az представляет новость на азербайджанском языке.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!
 

İyun ayının 13-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında təşkil edimiş və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli yığıncağı açıq elan edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışına bu sözlərlə başladı. V.İmanov bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın ağır günündə, şübhəsiz ki kənarda dayanıb baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəlməklə daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük İnsan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.
 

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
 

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir!
 

İndi Milli Qurtuluş Günündən 21 il keçir. "Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti" - deyir Prezident İlham Əliyev. Son 10 ildə Azərbaycan Ümumi Daxili Məhsulun 3 dəfə artmasına nail olmuşdur - bu dünya birliyində analoqu olmayan göstəricidir. Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 85%-nə sahib olan Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu 4,2 dəfə çoxalmış, strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 50 milyard dollara çatmışdır. Dünya ölkələrinin iqtisadi böhran məngənəsindən çıxmaq cəhdləri heç bir bəhrə vermədiyi bir zamanda Avropa Komissiyası Azərbaycanda 2013-cü ildə ÜDM-in artım tempini 3,1%, 2014-cü ildə isə 3,5% proqnozlaşdırmışdır. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bu dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir.
 

Son bir ildə Pirallahı rayonunda görülən işlərdən danışan Vasif İmanov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində son aylar ərzində 5000-dən çox müxtəlif ağac tingləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.

Pirallahı rayonunda abadlıq-quruculuq işləri Dövlət Proqramı çərçivəsində aparılır. Rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilərdə, qəsəbədəki yaşayış məhəllələrində, dəniz sahili boyunca intensiv iş gedir, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələrdə antisanitar vəziyyət tədricən aradan qaldırılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq müvafiq işlərə başlanılıb.
 

Yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
 

Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq, Dövlət Proqramı çərçivəsində, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi aparılır. Qeyd olundu ki, bu vaxta qədər qəsəbədə Çörək Kombinatı olmayıb. "Çörək və un məmulatları kombinatı"nın 30 min əhalini çörəklə təmin etməyə malik istehsal gücü olacaqdır. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılacaq, müxtəlif çeşidli çörək və un məmulatları istehsal ediləcək kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
 

Pirallahı rayonunda inşaat işləri davam edən obyektlər sırasında V.İmanov Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin, YAP Pirallahı Rayon Təşkilatının binasının, Rayon Polis Şöbəsinin inzibati binasının, Günəş enerjisinə əsaslanan elektrik stansiyasının, Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 və 100 yerlik iki Körpələr evi - uşaq bağçasının, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün, Pirallahı "Yanalma körpüləri kompleksi"nin, Qala-Pirallahı magistral yolunun tikintisini, 168 N-li tam orta məktəbdə Dövlət Proqramına əsasən davam edən əsaslı təmir işlərini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaranan "Yüksək Texnologiyalar Parkı"nın tikintisinə yaxın müddətdə başlanması üçün hazırlıqlar getdiyini bildirmişdir.
 

Qeyd olunmuşdur ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət, istehsal və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də sahibkarlığın və turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
 

Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayon ictimaiyyəti adından söz deyən 168 N-li tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova öz çıxışlarında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin qorunduğunu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını vurğulamışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin bir dahi siyasətçi kimi Vətənimiz üçün gördüyü işlər Ona belə bir məşhur kəlamı söyləmək haqqı verdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Sonra tədbir iştirakçıları üçün 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olundu. Bayram tədbirinə Milli Qurtuluş Günü münasibətilə hazırlanmış konsert proqramı ilə yekun vuruldu.