Rüstəm Usubov: "Seçki proseslərinə maneçilik törədənlər barəsində müvafiq qaydada tədbirlər görüləcək"

15 февраля 2018 13:42

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək.

Baş prokurorun müavini bildirib ki, xalqımızın iradəsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri var. O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir.

R.Usubov vurğulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: "Seçki qanunvericiliyinin pozulmasına yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılacaq".

Baş prokurorun müavininin sözlərinə görə, indiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır: "2008-ci ildə prezident seçkiləri ilə bağlı müraciət daxil olmayıb. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub ki, onların da araşdırılması zamanı qanun pozuntusuna yol verilməsi aşkar edilməyib. Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı da prokurorluq orqanlarına şikayət və müraciətlər daxil olmayıb. 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı bir sıra şikayətlər daxil olub və araşdırılaraq müvafiq tədbirlər görülüb".

R.Usubov qarşıdan gələn prezident seçkilərinin azad, demokratik və heç bir qanun pozuntusuna yol verilmədən keçiriləcəyinə inandığını bildirib: "Gəlin vicdanla, şəffaf şəkildə bu tədbiri həyata keçirək və heç bir qanun pozuntusuna yol verməyək".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!