Nadir Qafarzadə:"Mən çimərlik paltarında da ona şəkil göndərmişəm"

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Müğənni Nadir Qafarzadə "Azadinform"un suallarını cavablandırıb.

- Siz bu yaxınlarda ürəyinizdən cərrahiyyə əməliyyatı keçirdiniz. Sizi heç vaxt ürəyinizdən şikayət edən eşitməmişdik. Bu necə baş verdi?

- Bu hadisə çoxlarını sarsıdıb, çoxlarını narahat edib. Ən çox da sənət adamlarından söhbət getmir, çünki onların arasında çox az narahat olanı oldu. Amma xalq, camaat, məni sevənlər və hətta sevməyənlər belə narahat oldu. Çünki bu, elə bir dərddir ki, deyir bilmirsən burdan çıxacaqsan, başına hansı iş gələcək. Yəni mən bunu gələndən sonra hiss etdim, küçədə avtomobildə gedərkən. Mən iyunun 20-də həyat yoldaşımla Moskvaya uçdum. Sadəcə dostlarla görüşməyə. Bir hava dəyişmək üçün. Bilirsiniz ki, mən meqapolisləri, böyük şəhərləri çox sevirıəm. Və onlardan biri də Moskvadır. 21-i mənim bir az halım xarab oldu. Fikirləşdim ki, ötüb keçər. Orda dostumun bağında dincəlirdik. Gördüm ki, yox, keçmir. Sonra təcili yardım gəldi və tez məsləhət verdi ki, burda ev şəraitində mümkün deyil, bunu biz xəstəxanaya yatırmalıyıq. Məni yerləşdirdilər Moskva şəhər mərkəzi xəstəxanasına və məlum oldu ki, mənim ürək-damar sistemimdə genişlənmə baş verib. Nə xoş ki, bu, böyük fəsadlarla olmadı. Elə kiçik başlanğıcdır, amma böyük bir fəsadlar ola bilərdi ki, mən ondan həyatımı da dəyişə bilərdim. Şükür ki, hər şey artıq arxadadır, geridədir. Mən həkimlərə, bütün kollektivə çox təşəkkür edirəm. Baxmayaraq ki, mən orda populyar deyiləm, məni tanımırlar, amma onlar biləndə ki, mən sənət adamıyam, Azərbaycanda sevilən insanlardan biriyəm, onlar da dedilər ki, biz Azərbaycan mədəniyyətini qorumalıyıq. Dedilər ki, Azərbaycanı çox sevirlər, Azərbaycan inkişaf edir, onlar "Avroviziya"nı nümunə gətirdilər ki, Azərbaycanın musiqisi gözəldir və onun bir nümayəndəsi əziyyət çəkirsə, biz onu qorumalıyıq. Onların məsləhəti oldu ki, mən əsəbiləşməyim. Ümumiyyətlə, məndə bu xəstəlik yalnız gərginlik, həyəcan, əsəbiləşmədən irəli gəlib. Bunlar da ki, həmişə məndə olur. Həkim məsləhət gördü ki, əgər yaşamaq istəmirsənsə, bundan sonra get əsəbiləş. Amma inanın ki, mən ölümlə üz-üzə dayanan halda ilk olaraq gözümün qarşısına övladlarım gəldi, çünki onlar hələ balacadırlar və mənsiz qalmışdılar. Yəni qərib ölkə, bu, məni sıxırdı. Baxırdım həyat yoldaşımın gözlərinə, o da mənə baxırdı. O da heç nə deyə bilmirdi, mən də. Çox böyük faciədir. Allahın işidir, bir gün gələn, bir gün gedəcək. Amma ki, baxır nə zaman gedəcək. Mənim hələ indi arzularım, oxumadığım əsərlər, mahnılar, yarımçıq qalan işlərim var. Məsələn, övladlarımı hələ mən indi-indi böyüdürəm. Özüm hələ palçıqdan yavaş-yavaş çıxmışam.

- Ürəyinizdə ağrılar nə vaxtdan başlamışdı?

- Mən uşaq olanda məndə belə fəsadlar olub. Böyüdükcə, deyim ki, özümü cilovlaya bilmirəm, haqsızlıq görəndə, ümumiyyətlə, dayana bilmirəm. Özümdən çıxıram və istəyirəm ki, həmişə özümü müdafiə edim. Və ya da ki, başqa insan haqsızlığa düçar olanda istəyirəm onu müdafiə edim. Bu da mümkün deyil. Həyatdır, həyatda haqsızlıqlar da olur, bununla barışmaq da lazımdır. Olub bir neçə dəfə ürəyim çox sıxılıb, yəni bunu heç açıqlamamışam, evdə də hətta. Mən ola bilər efirdə həyatım barədə danışmışam, insanlarla, tamaşaçılarla bölüşmüşəm. Amma son zamanlar istəyirəm ki, dərdim, problemim içimdə qalsın, özüm çəkim, başqalarını yükləməyim öz problemimlə. Amma nə qədər gizlətsəm də, o nə zamansa açılır. Bu da zamanı gəldi açıqlandı. Bu da bir imtahan idi.

- Siz sənətə bir az gec gəlmisiniz. Müğənni olmaq öz arzunuz idi, yoxsa kimsə sizə məsləhət gördü?


- Anam istəyib ki məni müğənni, yüksək zirvələrdə görsün. Baxmayaraq ki, o bizi çox əziyyətlə böyüdüb. Amma o məni böyük səhnələrdə görmək anlarında dünyasını dəyişdi. Bu gün onun ruhu bəlkə də hər şeyi görür. İnsanlar cismən köçür, amma ruhən bizimlədir.

- Ən çox ürəyinizə yatan mahnınız hansıdır?

- Xoşuma gəlməyən ifa olub ki, məsələn, demişəm gərək bunu başqa cürə oxuyardım. Çox mahnım ürəyimcədir. "Sən mənim qadınımsan" onu mən həyat yoldaşıma həsr etmişəm, sonra "Ömrün payızı", "Sənsiz ölərəm", bir sözlə, lirik mahnılar mənə daha çox yaxındır. Bəlkə də duyğusal insanam ona görə.

- Hansı yenilikləriniz var?

- Yeni mövsümə yeni bir konsert proqramı hazırladım, televiziya konserti. Saat yarımlıq. Gözəl bir səhnədə, gözəl bir çəkilişlə rəqs qrupları ilə birgə. Orda hətta iki-üç ansambl var. 1-ci kamera orkestri ilə simfonik estrada orkestri ilə, 2-ci instrumental, sonra isə estrada pop alətləri ilə. Gözəl bir konsertimiz oldu. Orda hər bir nəsil öz musiqisini tapa bilər. Biz hamısını nəzərə almışıq. Və bir klipimiz çəkilir inşallah. Mənə düzdür, demişdilər ki, klip çəkilməmiş deməyim, amma ki, sizdən heç nə gizlətmək olmur. Oktyabr ayında Riqaya yola düşürəm komandamızla. Orda böyük bir proyektimiz var. Klip çəkilişlərinə operator Amerikadan gəlir. Rejissor Pribaltika ölkələrindən, ən gözəl kino rejissorlarından biridir. Bütün klipin geyimindən tutmuş hər şeyinə kimi onların üzərindədir. Sırf peşəkar insanlardır. Və ilk azərbaycanlı olaraq mən Riqa və Yurmalada - iki şəhərdə klip çəkdirirəm.

Bundan başqa, müxtəlif bəstəkarlardan yeni, gözəl mahnılar var. Ola bilər ki, Türkiyədə bir klipimiz çəkilsin. Mən fikirləşmişəm ki, "Necə unudum səni" mahnısına Türkiyədə klip çəkdirim və ola bilər ki, klip Türkiyə kanallarında yayımlansın. Bizdə çox türk mahnısı təbliğ olunur, amma Türkiyədə biz az təbliğ olunuruq.

- Ağır əməliyyatdan sonra niyə bu qədər işin altına girmisiniz?

- Mən işləyərək yaşayıram. Hərdən son zamanlar gənclərə fikir verirəm, ələlxüsus da oğlanlar işləmək istəmirlər. Bəhanə də tapırlar ki, iş yoxdur. Vallah, işdən çox iş var, işləmək istəyən yoxdur. Hamı tənbəlləşib.

- Hansı xarici müğənnilərlə duet oxumaq istərdiniz?

- Azərbaycan müğənniləri çox istedadlıdır. Mən həmişə çalışıram öz müğənnilərimizə qulaq asım. Düzdür, xaricilərə də qulaq asmaq lazımdır, amma deyir əvvəlcə evin içi, sonra çölü. Ani Lorakla danışıqlar var. O, 50 faiz razılığını verib. Mən hətta şəkillərimi də göndərmişdim. Hətta mən çimərlik paltarında da ona şəkil göndərmişəm. İnşallah, onunla ola bilər. Müğənnilərimizlə duet oxumağı daha üstün tuturam. Mən millətpərəstəm. Mən hara gedirəm millət davası edirəm. Millətimi, xalqımı çox sevirəm.

- Azərbaycan müğənnilərindən kiminlə duet oxumaq istərdiniz?

- Flora xanımla 4 mahnı ifa etdik, birinə klip çəkdirdik. O birilər qaldı. Flora xanımın gözləri ilə bağlı problemləri oldu, sonra məhkəmə məsələləri çıxdı. İndi deyir ki, oğlum, artıq gözlərimi müalicə etmişəm, klip çəkdirə bilərik. Mən Flora xanımı gözləyirəm ki, artıq hərəkətə gələk.

- Nədən ilham alırsınız?

- Mən təbiəti, insanları çox sevirəm. İnsanın həm zahiri, həm də daxili gözəlliyi üst-üstə düşəndə mən bayılıram.

- Sizin repertuarınızda ritmik mahnılarla bərabər, klassik Azərbaycan əsərləri də var. Buna misal "Füzuli" kontatasını göstərmək olar. Başqa hansı klassik musiqilərə müraciət etmək fikriniz var?

- Mən ondan sonra "Oxu tar" əsərini oxudum. Və biz ona böyük planda klip də çəkdirdik. Orda tanınmış professor, Xalq artisti tarzən Ramiz Quliyev məni müşayiət etdi. "Oxu tar" əsərini gözəl sənətkarımız Gülağa Məmmədov ifa edib. Yəni belə əsərlərə sonradan müraciət edəndə adam məsuliyyətli olur. Adam fikirləşir ki, görəsən, necə qəbul olunacaq. "Oxu tar" mahnısının klipində tarın Qarabağ üçün inləməsini göstərdik. Şükür olsun yaxşı qarşılandı. "Füzuli" kontatasını artıq neçə ildir oxumuşam, amma bu gün də istənilir. Hətta el şənliyinə gedirəm mənə deyirlər ki, "Füzuli" kontatasını ifa edim. Deyirəm axı bu mahnının aurası çox ağırdır. Düşüncəli, duyğulu, amma istəyirlər. Bu yaxınlarda bir toydaydım, bir balaca ailəvi yığıncaq idi orda, məndən yaşlı insanların ayaq üstə durub bu kontatanı alqışlamasına mat qaldım. Utandığımdan məni tər apardı ki, mən neylədim ki, bunlar ayağa qalxdı. Mən belə şey görməmişdim. Bu gün Azərbaycan mədəniyyətində bir balaca da olsa rolum varsa, bu xoşbəxtlikdir. Bu, hər müğənniyə qismət olmur. Klassik əsərlər repertuarımda yenə də yer alacaq.

- Bu cür klassik mahnıları ifa etməzdən əvvəl kiminləsə məsləhətləşirsinizmi?


- Məsləhətləşirəm, rəyə fikir verirəm, rəyi biləndən sonra deyiləndə ki, yaxşıdır, artıq efirə çıxarmaq olar, çıxarıram. Amma deyəndə ki, zəifdir, bir az işlə, təbii ki, tənqidçi sözünə də qulaq asmaq lazımdır. Hər zaman insanı tərifləmək olmaz. Bizim də tənqidi işlərimiz olur. Tərifə tərif kimi, tənqidə tənqid kimi yaxınlaşan və qulaq asan insanam.

- Hər bir kəsin istənilən sahədə görüb gəldiyi insan olub. Siz kimə pərəstiş etmisiniz bu sənətdə? Kimi özünüzə ustad hesab edirsiniz?


- Mənim artıq 40 yaşım olub. Mənim ustadım olub Azərbaycan dövlət radiosu. Eləcə də Araz radiosu. O radiolar mənim həm laylam, həm müəllimim, həm də ustadım olub. Mən orda o vaxt Rübabə xanımı, Əbülfət Əliyevi və digər bizim görkəmli sənətkarlarımız Zeynəb Xanlarova, Gülağa Məmmədov, Akif İslamzadə və digərlərini dinləyə-dinləyə hərəsindən mədəni formada bir şey oğurlamışam, mənimsəmişəm özüm üçün. Və sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub. Məni 80-ci ildə Nazim Əliyev gətirib Azərbaycan dövlət televiziyasına. Sonra məni o vaxtı Akif İslamzadə, Şövkət xanım, Arif Babayev dinləyib. Nə yaxşı ki, belə insanların qarşısında mən imtahan vermişəm. İmtahandan uğurlu çıxmışam. Bu gün Azərbaycanın bütün görkəmli sənətkarları elə mənim ustadımdır. Bu gün mən onlardan öyrənirəm