İlkin Həsəni: ““Mənəm-mənəmlik” ideyası xoşuma gəlmir”

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az məşhur teleaparıcı İlkin Həsəninin oxu.az-a müsahibəsini təqdim edir:

- İlkin Həsənini daha yaxından tanıyaq...

- 1983-cü ildə tərəzi bürcü, qaban ilində dünyaya gəlmişəm. Orta məktəbdə səkkiz il rus, üç il isə azərbaycan bölməsində təhsil almışam. ADMİU-nun televiziya rejissoru ixtisası üzrə magistratura pilləsini bitirmişəm. Daha sonra hərbi xidmətə getmişəm. Ailəli deyiləm, subayam.

- Televiziyaya gəlişinizdən danışmağınızı istərdim...

- Televiziyaya gəlişim 2001-ci ilə təsadüf edir. O vaxt mən tələbə idim. Dekanımızdan təklif gəldi ki, 106 FM radiosuna aparıcı-dj tələb olunur. Mən və tələbə dostlarım, sadəcə, maraq xatirinə həmin radioya gəldik. Bizi yoxladılar və telefon nömrələrimizi götürüb, bildirdilər ki, sizinlə əlaqə saxlayacayıq. Biz fikirləşdik ki, xətrimizə dəyməmək üçün belə söylədilər. İnanmadıq ki, bizi işə götürərlər. Lakin 10 gün sonra zəng edib ikinci sınağa dəvət etdilər. Səs tembrim, mətni sərbəst oxumağım xoşlarına gəldi.Təxminən bir ay işə gələndən sonra mən xəbər aparıcısı kimi radioefirə çıxdım.

- İlk iş gününüzü necə xatırlayırsınız?

- 2001-ci ilin noyabr ayı idi. Yadımdadır, həmin gün anam mənim üçün buterbrod hazırlamışdı: "Gec gələcəksən, səhərdən axşama kimi ac qalma"(gülür). Birinci növbə dərsə gedir, dərsdən sonra işə gəlirdim. Əlbəttə, heç kimi tanımırdım, orada hamı mənə yad idi. Zamanla həm işimə, həm də iş yoldaşlarıma öyrəşdim. İlk maaşım isə 100 dollar idi.

- İxtisasca televiziya rejissoru, peşəkar fotoqraf İlkin Həsəni. Amma tamaşaçı sizi, sadəcə, aparıcı kimi tanıyır. Niyə bu tərəflərinizi gizlədirsiniz?

- Birinci kursda kinooperator təhsili aldım, sonra "Rejissorluq sənəti" fakültəsinə keçdim. Onda bizə foto dərsi də keçirdilər. O zaman foto ilə bağlı incə məqamları öyrənmişdim. Elə o vaxtdan fotoya marağım var. Sizə bir sirr açım. Fikrim var ki, gələn il 2000-2001-ci ildə fotolentlə çəkdiyim şəkilləridən ibarət sərgi təşkil edim.

- Bir az "Evolution" jurnalı haqqında məlumat verin. İdeya kim tərəfindən gəldi?

- Hazırda istər incəsənət, istərsə də şou sahəsinə xidmət edən çox sayda jurnallar var. Fikirləşdim ki, bu gün texnologiyaya, oyunlara tələbat daha çoxdur. Ona görə də belə bir jurnal yaratmaq qərarına gəldim. İndi jurnalla bağlı hazırlıqlar gedir, gələn ilin fevral ayında işıq üzü görəcək.

- Hələ də ürəyinizdə qalan, reallaşdıra bilmədiyiniz layihə var?

- Bəli, neçə illərdir bir layihəni reallaşdırmaq istəyirəm. Nəhayət ki, yeni ildə yanvar ayından etibarən həmin layihə ekranlarda olacaq. Bu həm ciddi, həm də yumor dolu bir layihədir. Adı isə belədir: "Danışır, Bakı". Verilişin 4 aparıcısı olacaq.

- Aparıcılıqla yanaşı, bizneslə də məşğulsunuz. Bu barədə bir az məlumat verin.

- 2009-2011- ci illərdə restoran və klub biznesi ilə məşğul olurdum. Hazırda "İlk Media" adlı yeni şirkət yaratmışam. Bu şirkət reklam çarxları, hansısa şirkətin tanıdılması və promoaksiyalarla bağlı fəaliyyət göstərir.

- Teleaparıcılarda bəyənmədiyiniz xüsusiyyətlər nədir?

- İndiki aparıcıların əksəriyyətində "mənəm-mənəmlik" ideyası xoşuma gəlmir. Özünü ağıllı göstərməyə çalışan aparıcılar, sadəcə, gülüş obyektinə çevrilirlər. Tamaçaçı efirdə sadəlik və səmimiliyi sevir və həmişə onu axtarır, çünki indi buna daha çox ehtiyac var.

- Sizcə, bu gün yerli kanallarda nə çatışmır?

- Əslində çox şeylər çatışmır, yerli telekanallar günbəgün öz tamaşaçısını itirir. Mənim fikrimcə, Türkiyə və Rusiya telekanalları, artıq həmin o auditoriyanı zəbt edib.

- Şou proqramlarda, toylarda başınıza gələn maraqlı hadisə...

-Bir dəfə müğənni Zamiqlə toy aparırdıq. Ev yiyəsinin başı o qədər qarışıq idi ki, toyun sonunda mənə yaxınlaşıb: "Sağol Zamiq, yaxşı oxudun" dedi. Zamiqə yaxınlaşanda isə: "Ay bala, sən kimsən?" - deyə soruşdu (gülür).

- "Şəmi" obrazından sonra bəzi müğənnilər özlərinə düzəliş verdilər?

- "Şəmi"- 2004-ci ildə sırf təsadüf nəticəsində ortaya çıxan obrazdır. Biz "Şəmi" ilə "Şöşü"obrazlarını efir üçün deyil, ATV-nin kooperativ tədbiri üçün hazırlamışdıq. Həmin gün maraqlı hadisə də olmuşdu. Mən həmin geyimdə olanda iş yoldaşlarımdan biri məni tanımamışdı. Mənə yaxınlaşaraq: "İlkin haradadır?" -sualını verdi. Deyəndə ki, mənəm İlkindir, o inanmadı. Daha sonra bu obraz rəhbərliyin də rəğbətini qazandı və biz onu efirə çıxardıq.

- "Bozbash Pictures"də yeniliklər olacaq?

- Bəli, yeniliklər var. Artıq 15 rayonda çəkilişlərimiz olub. İndi də çəkilişləri ölkə hüdudlarından kənarda etmək istəyirik. Yaxın günlərdə "Bozbash Pictures" komandası ilə Dubay və Gürcüstanda olduq. Növbəti səfəri isə Dağıstana planlaşdırırıq.

- Sizi yerli və əcnəbi aparıcılardan daha çox kiminlə müqayisə edirlər?

- Fiziki görünüşcə deyil, sadəcə efir mədəniyyətinə görə daha çox türk teleaparıcı Acun Ilıcalıya bənzədirlər.

- Bəs ən çox sevdiyiniz məşhur kimdir? Hansı ki, onu həmişə izləməyə çalışırsınız?

- Rusiyalı teleaparıcı İvan Urqant. Çalışıram ki, onun heç bir efirini qaçırmayım.

- Siz sosial şəbəkələrədə çox aktivsiniz. Sizcə, bu gün azərbaycanlı "Facebook" istifadəçiləri kimdir?

- Onları müxtəlif kateqoriyalara bölmək olar. Məsələn: çoxluq təşkil edən bir qrup istifadəçilər var ki, ancaq mənfi şərhlər yazırlar, onları şərti olaraq "hater" adlandırmaq olar. Siz əgər gözəl bir gül şəklini də Facebook-da yerləşdirsəniz, onlar mütləq mənfi şərh yazacaqlar. Digər bir qrup 10-15 yaş arası istifadəçilərdir ki, nəsə yazmaq xatirinə yazırlar. Ancaq tanışlıq məqsədi ilə istifadə edənlər də var. Digər qrupa isə normal sosial şəbəkə kimi istifadə edənlər daxildir. Mən özümü axırıncı qrupa aid edirəm.

- Tanınmış teleaparıcı Aynur Talıbova bir müddət əvvəl bəyan etdi ki, bu gün Rusiyada erməni Qarik Martirosyan kimi ölkəsini güclü təmsil edən azərbaycanlı aparıcı yoxdur. Buna münasibətiniz necədir?

- Təbii ki bu siyasətdir, ruslar hansısa erməni aparıcını qoyub, azərbaycanlını belə yüksək səviyyədə təbliğ etməzlər. Məsələn, bizdə də eyni layihədə həm rus, həm də türk vətəndaşı olsa, sözsüz ki, biz, ilk növbədə, türkə dəstək olacağıq. Rusiyada ermənilərin irəli çəkilməsi elə bununla bağlıdır.

Milli.Az