Azərbaycanın qürur mənbəyi - milli aviasiya

Day.Az представляет вниманию читателей статью на азербайджанском языке.

Bu gün Azərbaycanda Milli Aviasiya Günüdür.

Bu gün Azərbaycan milli aviasiyasının bayraqdarı olan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti özünün inkişaf səviyyəsi, maşın parkı və xidmət mədəniyyəti ilə ölkəmizin xaricdə formalaşmış imicinə hərarətli təəssürat və qiymətləri yazdırmaqdadır. Özü ilə sərhədlərimizdən min kilometrlərlə uzağa Azərbaycanın bir parçasını daşıyan təyyarələrimiz eyni zamanda ölkəmizdəki coşqun iqtisadi inkişafın, yüksək mədəniyyətin, bənzəri olmayan dəyərlər sisteminin, insanların rifah və firavanlığının kifayət qədər əyani təsbitidir.

"Bakıya xoş gəlmisiniz!"

"Eurovision" milyonlarla insanın qəlbindən silinməyəcək bir xatirəyə çevrilsə də, bu gün hələ də nəinki Avropanın, bütün dünyanın gözləri Azərbaycana zillənib. Həmin adamların içində Azərbaycanı və azərbaycanlıları sevən, onu qəlbən yaxın bilən, uğurlarına sevinən dostları, xeyirxahları da var, qoca Qərblə müdrik Şərqin qovuşuğunda qərar tutub öz nailiyyətləri ilə dünyanı heyran qoyan bu ölkəni sinirə bilməyən düşmənləri, ürəyi paxıllıqdan çatlayan qonşuları da.

Belə bir möhtəşəm tədbirin keçirilməsində başda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və iradəsi, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və "Eurovision" yarışmasını keçirən təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın gündəlik ilgi və qayğısı ilə yanaşı minlərlə insanın zəhməti olmuşdur. Nazirindən tutmuş xırda məmuruna, taksi sürücüsündən tutmuş polis nəfərinə, otel xidmətçisindən, mətbuat işçisindən tutmuş təyyarə pilotunadək...

Bakının "hava qapısı". Hər bir əcnəbi üçün Azərbaycan məhz bu məkandan başlayır. Və deyilənə görə, ilk təəssüratın sonrakı müsbət qənaət və təsəvvürlərin formalaşmasında böyük əhəmiyyət var. Elə həmin həqiqətdən çıxış edərək əminliklə söyləmək olar ki, ulu öndərin adını daşıyan Beynəlxalq Aeroport, mülki aviasiya heyəti "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçılarını və qonaqları yüksək səviyyədə qarşılayıb yola saldı. Həmin məqsədlə hava limanında kompleks tədbirlər planı hazırlanıb həyata keçirilmiş, böyük yenidənqurma və abadlıq işləri görülmüşdür. Bu sırada xüsusi reyslərin, eləcə də aerovağzal kompleksində, VİP salonlarda və biznes-terminalda xidmətin nümunəvi təşkilini, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətinin və təyyarə bələdçilərinin hazırlanmasını, aviasiya təhlükəsizliyinin, gömrük və viza xidmətinin təmin edilməsini, habelə müvafiq reklamların yerləşdirilməsi və s. işləri göstərmək mümkündür.

"Eurovision 2012"nin iştirakçı və qonaqlarını ayaqlarını Azərbaycan torpağına qoycaq qarşılayan da, musiqi yarışmasından sonra onları vətənlərinə uğurlayan, hələ bir desən yol yoldaşlığı edən də "Azərbaycan Hava Yolları"nın gülərüz və mehriban personalı oldu. Və bəlkə də ömründə bir də heç vaxt yolu Azərbaycana düşməyəcək bu adamların ölkəmiz, xalqımız haqqında ürəklərinin bir guşəsində bəsləyib yaşatdıqları xatirələrin içində, heç şübhəsiz, milli aviasiya işçilərimizin də yeri və payı var.

Milli aviasiya: dünəndən bu günə

Azərbaycan Respublikası 1992-ci il oktyabrın 9-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), 2002-ci ilin noyabr ayından isə Avropa Mülki Aviasiya Konfransının üzvüdür. Hazırda 29 dövlətlə hava əlaqəsi barədə hökumətlərarası razılaşma imzalanıb, 22-si ilə razılaşma ekspertlər səviyyəsindədir. 12 ölkə ilə belə razılaşmanın əldə edilməsi barədə 2008-ci ildə yaradılmış Dövlət Mülki Aviasiya Administrasiyası işgüzar danışıqlar aparır. Bütövlükdə, Azərbaycan mülki aviasiya üzrə 22 beynəlxalq konvensiyaya qoşulub. Bu ilin aprel ayında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclasında Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanmışdır. Əlamətdardır ki, elə həmin ərəfədə - aprelin 24-də AZAL-a məxsus "Boeinq-767" tipli avialayner Heydər Əliyev Beynəlxalq Aeroportundan Vaşinqton istiqamətində havaya qalxıb və 10 saatdan sonra Vaşinqtonun Dalles hava limanında yerə enib.

"Azal" müstəqil Azərbaycanın mülki aviasiyasının öncülü olmaqla fəaliyyət göstərdiyi ötən illər ərzində əldə etdiyi zəngin təcrübə və peşəkarlıq sayəsində daxili və xarici aviadaşımaların həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu məqam "Azərbaycan Hava yolları" QSC-nin öz fəaliyyətində qarşıya qoyduğu başlıca prioritetlərdəndir və bu gün ortada olan konkret nəticələr həmin konsepsiyanın müvəffəqiyyətlə həyata keçirildiyindən xəbər verir.

Azərbaycan iqtisadiyyatının son doqquz ildəki dinamik inkişafı, ölkəmizin Qafqaz regionunun lider dövlətinə, böyük bir siyasi-iqtisadi coğrafiyada əsas söz və şəriksiz nüfuz sahibinə çevrilməsi nəqliyyat infrastrukturunun da diversifikasiyası və inkişafını şərtləndirmişdir. Aviasiya bütün dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. O güc, qüvvət və nüfuz deməkdir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarı ilə yeni bir mərhələsinə qədəm qoydu. Əgər 1991-2003-cü illərdə dörd təyyarə alınmışdısa, 2003-2011-ci illərdə Azərbaycana 47 təyyarə və helikopter gətirilmişdir. Bu gün Mülki Aviasiyanın büsbütün modernləşmiş parkında 4 ədəd "Boeinq-757", 5 ədəd "İL-76", 4 ədəd "A-319", 3 ədəd "Qolfstrim", 7 ədəd "ATR", yenə də bir o qədər "A-320", 1 ədəd "Boeinq-767", 2 ədəd "Boeinq-747", 3 ədəd "Cessna", 6 ədəd "Evrokopter", 3 ədəd "Sikorski" və 7 ədəd "Mi-8" təyyarə və helikopterləri istismar olunur. İyun ayında daha 1 ədəd "Boeinq-767" sərnişin və 2 ədəd "Boeinq-767" yük təyyarəsi alınacaqdır.

"Azal"ın həm professional-texniki baxımdan həm də imic olaraq qarşısında duran ən böyük məqsədlərdən biri uzaq məsafələrə, məsələn, ABŞ-a uçuşları həyata keçirməkdir. Bunun üçün müəyyən audit prosedurlarından keçmək lazım gəlir. Hazırda bu prosesə planauyğun hazırlıq işləri gedir. Azərbaycanlı şahinlər ümid edirlər ki, 2014-cü ildə Amerikanın hava məkanını fəth edə biləcəklər.

Nə üçün məhz iki ildən sonra? Belə ki, Azərbaycan tərəfi məhz həmin tarixdə iki ədəd "Boeing-787" drimlaynerini almaq barədə fəal danışıqlar aparır. Qürurverici faktdır ki, MDB məkanında ilk dəfə məhz Azərbaycan "arzuların layneri" adlandırılan bu cür supermüasir, dünyanın ən inkişaf etmiş ölkələrinin malik olduğu hava gəmilərini öz aviaparkına daxil edəcəkdir. Qeyd etmək yerinə düşərdi ki, Avrasiya regionu üzrə təqdimat turuna ilk dəfə Azərbaycandan başlayan "Boeing-787" aprelin 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enmişdir. Ölkənin hava məkanına daxil olacaq yeni təyyarələr, heç şübhəsiz, Yer kürəsinin ən müxtəlif ünvanlarına yeni uçuşlar, yeni əlaqələr, Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində növbəti addım olacaqdır.

Bu gün qanadlarında Azərbaycanın üçrəngli bayrağını gəzdirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 28 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan London, Paris, Aberdin, İstanbul, Təl-Əviv, Milan, Ankara, Dubay, Roma, Moskva, Kiyev, Sankt-Peterburq, Vyana, Frankfurt və dünyanın digər şəhərlərinə uçuşlar təşkil olunur. Bu hava limanı hər gün 2500-3000 sərnişinə xidmət göstərir.

Azərbaycan bu gün regionun lider ölkəsidir. Bu həqiqəti ən müxtəlif beynəlxalq sorğu mərkəzləri, sosial-iqtisadi təhlillə məşğul olan mərkəzlər də təsbit edirlər. Sevindiricidir ki, həmin birincilik statusunu respublikanın mülki aviasiya təsərrüfatı da qoruyub saxlayır. Sərnişin daşınması nöqteyi-nəzərindən hələlik tranzit ölkə səviyyəsinə çatmasaq da, yük daşınmasında Bakı prioritetlərini qoruyub saxlayır. Mülki aviasiya üçün əsas göstəricilərdən olan sərnişin daşınması 1991-ci illə müqayisədə 35 dəfə, sərnişin dövriyyəsi isə 33 dəfə artmışdır. Analoji dövrdə yükdaşıma sahəsində artım 57 dəfəni keçmişdir. Mövcud olduğu illər ərzində qazandığı zəngin təcrübə və peşəkarlıq səviyyəsi Azərbaycan mülki aviasiyasını daxili və xarici aviadaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanıtmışdır.

AZAL bu il daha bir innovativ yeniliyə imza atacaqdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya uyğun olaraq Azərbaycan Hava Yolları şirkəti MDB məkanında ilk dəfə olaraq "Azərfon" telekommunikasiya şirkəti və İsveçrənin "OnAir" şirkəti ilə imzalanmış birgə layihəyə əsasən səmada öz sərnişinlərinə rabitə xidmətinin tam çeşidini təklif edə biləcəkdir.

Ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq bölgələrin xarici iqtisadi əlaqələrdə, eləcə də beynəlxalq daşımalarda iştirakının həcmi əhəmiyyətli dərəcədə artır. Məsələn, Naxçıvan, Lənkəran, Gəncə, Zaqatala və Qəbələdə müasir aeroportların tikilib istifadəyə verilməsi respublikanın bütün bölgələrinin proporsional inkişafı ilə yanaşı, həmin regionların xarici tərəfdaşlarla iqtisadi "ünsiyyətini" təmin edir. Bu, nəyi göstərir? Deməli, Azərbaycan Prezidenti tərəfindən düzgün yönəldilmiş iqtisadi siyasət bölgələrin sosial mənzərəsini, əhalinin rifah halını yaxşılaşdırmaqla yanaşı, nəqliyyat infrastrukturunun inkişafına da müsbət impuls verir.

Aviasiya sahəsində özəl bölmələr də fəaliyyət göstərir və onlar 2001-ci ildə təsis edilmiş "Silk Way Holding" Aviasiya Şirkətinin struktur bölmələri kimi fəaliyyət göstərirlər. Şirkətin Əzimbala Əzimov, Anatoli Yediyarov, Mübariz Cəfərov, Rasim Əsgərov, Rafael Əliyev kimi mahir gəmi kapitanlarının idarə etdikləri "İl-76", "An-12", "Boeing-747" kimi yük təyyarələri üç qitənin - Avropa, Asiya və Afrikanın şəhərlərinə müntəzəm yük reyslərini həyata keçirirlər.

Azərbaycanın qürur mənbəyi

Hər gün Azərbaycanın hava məkanından 200-dən artıq təyyarə uçur.

Bakıda beynəlxalq standartlara cavab verən ilk aerovağzal kompleksi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib 1999-cu ildə istifadəyə verilmişdir.

Bu gün böyük fəxrlə ulu öndərin adını daşıyan aeroport binası memarlıq həlli, texniki təchizatı ilə MDB məkanındakı analoqlarını bir boy qabaqlasa da, ölkənin müasir inkişaf tempi ilə, Prezident İlham Əliyevin milli aviasiyanın inkişafına ayırdığı prioritet mövqe ilə ayaqlaşa bilmirdi. Və ötən ilin mart ayında yeni aerovağzal kompleksinin tikintisinə başlanması ilə bağlı ali Prezident iradəsi məhz belə bir ehtiyacdan doğan zərurət kimi dəyərləndirilə bilər.

Aprelin 20-də Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına yeni uçuş-enmə zolağının texniki xarakteristikası, aparılmış yenidənqurma işləri barədə məlumat vermiş, inşaat işləri dünyadakı ən son yeniliklərə əsaslanan yeni aerovağzal kompleksinin istər layihəsinin orijinallığına, istərsə də son elmi-texniki yeniliklərə əsaslanmasına görə dünyada nadir hava limanlarından biri olacağını bildirmişdir.

Hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olarkən demişdi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Belə bir layiqli, möhtəşəm hava limanını tikib adını tarixə həkk etmək şərəfi Azərbaycan Prezidenti İlham Əliyevə qismət oldu.

"Biz sizin üçün yaranmışıq!" Bu, gəlişigözəl kəlmələr deyil, sıralarında bir neçə min nəfərlik zəhmətkeş və mehriban kollektivi birləşdirən "Azərbaycan Hava Yolları"nın hər bir potensial sərnişinə ünvanlanmış devizidir. QSC rəhbərliyinin həyata keçirdiyi cəsarətli təşkilati və idarəetmə tədbirləri "AZAL"ı aviadaşımalarla məşğul olan xarici şirkətlər üçün də etibarlı və perspektivli tərəfdaşa çevirmişdir.

Diqqətəlayiqdir ki, vaxtilə Azərbaycana ilk xarici sərmayələr də məhz spesifik fəaliyyət sahəsi olan aviasiya vasitəsilə gəlmişdi. Ölkənin mülki aviasiya təsərrüfatının kifayət qədər möhkəm təməllər üzərində durduğuna işarət verən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Mən hesab edirəm ki, bizim aviaşirkətimiz "AZAL" xarici bazarlara çıxmalıdır, baxmalıdır, bəlkə hansısa başqa aviaşirkəti almaq olar. Hansısa başqa ölkələrdə iş qurmaq olar, yəni bu da dövlət dəstəyi hesabına mümkün olacaqdır."

Bəli, bu gün Azərbaycanın mülki aviasiyası ölkənin ümumi inkişafının, qüdrətli iqtisadi potensialının güzgüsüdür. Elə bir spesifik sahədir ki, Azərbaycanı xaricdə layiqincə təmsil və təbliğ edə bilir.

"Uçuşa icazə verirəm!"

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əldə etdiyi uğurların fəlsəfəsi çox sadədir: dövlət başçısının bu vacib sahəyə mütəmadi qayğısı, ağıllı və praqmatik idarəetmə və bir də insan kapitalı. Bəli, bu təşkilatda ölkənin sənaye infrastrukturunun çox spesifik, unikal kadr ehtiyatı cəmlənib. Burada hələ sovet aviasiya məktəbinin sonuncu "mogikanları" ilə çiyin-çiyinə milli təyyarəçilik məktəbinin nümayəndələri də çalışır. Azərbaycanda milli aviasiya kadrları hazırlayan elm-təhsil ocağının açılması müstəsna hadisədir. Hələ ulu öndər Heydər Əliyev deyirdi ki: "Mən xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının öz milli kadrları - təyyarəçiləri, mühəndis və mütəxəssisləri var və onlar bizim aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".

Milli Aviasiya Akademiyası (MAA) həqiqətən, Azərbaycanın müstəqilliyinin nailiyyətlərindən biridir. 1992-ci ildə MAA bir fakültə, iki ixtisas və 80 tələbə ilə fəaliyyətə başlamış, sonrakı illər altı ixtisas üzrə mütəxəssis hazırlığı aparılmışdır.

Düz deyiblər ki, böyük işlərin öhdəsindən yalnız böyük insanlar gəlməyə qadirdirlər. Milli Aviasiya Akademiyasına 1996-cı ildən etibarən dünya şöhrətli alim, görkəmli elm təşkilatçısı, akademik Arif Paşayevin rəhbərlik etməsi bu gün həmin ali məktəbdəki təhsilin, elmi potensialın və maddi bazanın vəziyyəti barədə ən dürüst məlumatı verir. Bu gün Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülmüş akademiyada 2300-ə yaxın tələbə 17 ixtisas üzrə aviasiyanın sirlərinə yiyələnir.

Ötən illər ərzində akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının infrastrukturu və maddi-texniki bazası sürətlə inkişaf etmiş, yeni tədris korpusları və inzibati binalar inşa edilmiş, tədris prosesi müasir tələblərə uyğun təkmilləşdirilmiş, yeni ixtisaslar, kafedra və fakültələr açılmış, "Uçuş mühəndisliyi" ixtisası üzrə ingilis dilində tədris təşkil edilmişdir.

Mülki aviasiyanın inkişafı, nəqliyyatın bu vacib seqmentinin nüfuzunun artması gənclərdə Aviasiya Akademiyasına maraq və axını artırmışdır. Əgər 1992-97-ci illərdə bu təhsil ocağına qəbul 50-97 nəfər təşkil edirdisə, 2011-12-ci illərdə həmin göstərici 507 nəfərə çatmışdır.

Akademiya 2012-ci ilin yanvar ayında Avropa Mülki Aviasiya Konfransının (ECAC), mayın 30-da isə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) təlim mərkəzi şəbəkələrinə qəbul edilmişdir. Bir neçə gün öncə isə MAA "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu təsdiq edən sertifikat almışdır.

MAA-da ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriya və kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, Elmi-tədqiqat nəqliyyat və aviakosmik problemləri institutu, trenajor mərkəzi, təcrübə-sınaq istehsalatı, konstruktor bürosu, idman-otel kompleksi, Aviasiya tarixi muzeyi, habelə lokal hesablama mərkəzi və digər struktur bölmələri fəaliyyət göstərir. Tədris prosesində 350 nəfərdən çox elmi-pedaqoji heyət iştirak edir ki, onlardan üç nəfəri AMEA-nın akademiki, üçü müxbir üzv, 30-a yaxını elmlər doktoru və 100-ə yaxını elmlər namizədidir.

Böyük zəhmət və keyfiyyətli təhsil öz bəhrəsini verir. Hazırda Akademiyanın məzunları ölkənin mülki aviasiya sistemində istismar olunan bütün modifikasiyalardan olan təyyarə və helikopterlərdə gəmi kapitanı, ikinci pilot, aviasiya nəqliyyat sisteminin bütün struktur bölmələrində mühəndis, mütəxəssis və bir sıra rəhbər vəzifələrdə əzmlə çalışaraq MAA-nı ləyaqətlə təmsil edirlər. Və bu müvəffəqiyyətlərin hamısının mənəvi rəhbəri təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevdir. Müxtəlif vaxtlarda Arif müəllim Dövlətlərarası Aviasiya Komitəsinin "Qızıl medal"ına və Beynəlxalq Mühəndislik Akademiyasının "Yubiley Qızıl medal"ına layiq görülmüş, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

* * *

Dövlət başçısı Azərbaycanın mülki aviasiya mütəxəssislərinin əməyini həmişə yüksək qiymətləndirmişdir. Bu qayğının daha bir bariz təcəssümü kimi iyun ayının 2-nin Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı günü kimi təsis edilməsini göstərmək olar. Mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov və pilot Əzimbala Əzimov "Şöhrət" ordeni, Cəfər Nəzərov, Adil Quliyev, Cahangir Əsgərov, Şəmsəddin Mirsalayev, İlham Əmirov, Vladimir Andropov, Xeyrulla Aslanov və Tahir Ağaquliyev "Əməkdar pilot" fəxri adına layiq görülmüşlər.

* * *

"Diqqət! Diqqət! Bir neçə dəqiqədən sonra təyyarəmiz Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəcək!.."

Səmanın ənginliyindən ildırımtək şığıyan hava gəmisi zümrüd Xəzərin üzərində dövrə vuraraq uçuş-enmə zolağına enir. İllüminatorlardan açılan, sonra isə şəhərin qonaqlarının gözləri qarşısında canlanan mənzərə, sözün əsl mənasında, adamı heyrətə gətirir - hava limanı, aerovağzalın yeni binası, Heydər Əliyev prospekti və bir də füsunkar Bakı...

"Azərbaycan" qəzeti