Gəncədə C kateqoriyalı lisenziya kursları bitdi

Day.Az представляет новость на азербайджанском языке.
  

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, məşqçilərin bilik və bacarığının artırılmasına yönələn seminar AFFA-nın instruktorları tərəfindən aparılıb. Bu işə Aslan Kərimov, Osman RəhimovArif Əsədov cəlb olunublar.

Gəncə şəhər stadionunun pansionatında təşkil olunan seminara 16 nəfər qatılıb. Onların üçü Tovuzdan, qalanı Gəncədən olub. Kurslarda gənclərlə yanaşı, orta nəslin məşqçiləri də iştirak ediblər. Diqqəti cəlb edən simalardan "Tərəqqi"nin baş məşqçisi Vasif Vəliyev, onun köməkçisi Xaliq Mərdanov, "Kəpəz"dən Mahmud Qurbanov, məşqçilər korpusunda yer almış İbrahim Hüseynov, komandanın qapıçısı Xəyal Zeynalov, "Şəmkir"in çalışdırıcısı Anar Kələntərov, "Neftçala"da işləmiş Kamal Ələkbərovun adını çəkmək olar. Karyerasını yaxınlarda başa vuran Azər Məmmədov isə sərbəst dinləyici kimi seminar iştirakçıları arasında olub.

Kateqoriya almaq niyyətində olanlar sırasında bir xanım məşqçi də olub. Samirə Popova qadın futbolunda çalışmaq üçün lisensiya kurslarına qatılıb. Ümumiyyətlə, yerli idman məktəblərindən yalnız Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi-müəllimləri kurslara maraq göstəriblər. Filialın 4 məşqçisi təlimlərdə iştirak edib.
Digər idman ocaqlarından olan mütəxəssislərin seminara meyl etməməsinin başlıca səbəblərindən biri, bəlkə də, kursların ödənişli olması ilə bağlı olub. Belə ki, iştirakçıların hər biri təlimlər üçün 500 manat ödəyib. Amma AFFA güzəşt edərək bu məbləğin qarşıdakı aylar ərzində hissə-hissə qurumun xəzinəsinə keçirilməsinə şərait yaradıb.

Nəzərinizə çatdıraq ki, 9 gün davam edən seminarın sonunda məşqçilər imtahan veriblər. Sınağı uğurla başa vuranlar müvafiq diplomla təltif olunacaqlar. Nəticələr iyulun əvvəllərində açıqlanacaq.