Bakı şəhəri piyadalara həsrət qala bilər

Day.Az представляет новость на азербайджанском языке.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri: "Ölkəmizdə piyada gəzmək təbliğ edilməlidir. Cəmiyyət nədənsə, bir növ bundan qaçır. İnsanlara sağlam həyat tərzinin əsası olan piyada gəzməyə meylli olmağı aşılamalıyıq".

Qocaları, orta yaşlıları başa düşmək olar, amma elə bir zəmanəyə gəlib çıxmışıq ki, cavanlar da piyada gəzməyə tənbəllik edirlər. Hətta çörək almaq üçün küçənin bu biri başındakı mağazaya da maşınla gedənlər var. İnsanlar özlərinə əziyyət vermək istəmirlər. Avtomobillə gəzmək rahatlıq baxımından əlverişli olsa da, piyada gəzmək sağlamlıq yönündən ondan qat-qat faydalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, dünyanın bir çox dövlətlərindən fərqli olaraq, ölkəmizdə piyada gəzmək o qədər də geniş yayılmayıb: "Piyada gəzmək insanların sağlamlığı üçün faydalıdır. Hər bir insan ilk növbədə özünə, sonra ailə üzvlərinə - övladlarına, digər qohum-əqrabasına bunu aşılamalıdır. Bir müddət əvvəl istədim velosiped alım və sürüm. Cəmiyyətə nümunə olmaq istəyirdim. Bütün ətraf düşdü mənim üstüməki, ay kişi, sən nə danışırsan, adama nə deyərlər. Bu, onu göstərir ki, bizdə insanların, cəmiyyətin düşüncəsi dəyişməlidir".

"Piyada gəzmək təbliğ edilməlidir"

"Ölkəmizdə insanların sağlam həyat tərzinə öyrədilməsi, təbliği istiqamətində hələ çox iş görülməlidir. İnsanlara sağlam həyat tərzinin bir növü olan piyada gəzməyə meylli olmağı aşılamalıyıq".

Bakıdakı səs-küy, nəqliyyatın sıxlığı, siqnallardan yersiz istifadə hər kəsin yaralı yeridir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, bu problemlərin həlli üçün biz həm də cəmiyyətdə istismar mədəniyyətinin, istifadə mədəniyyətinin yüksəlməsinə nail olmalıyıq. Cahangir Qocayevin fikrincə, istismar mədəniyyəti isə iki istiqamətdə təmin olunmalıdır: "Birincisi, nəqliyyat vasitəsinin özündən istismar mədəniyyətinin yüksəldilməsi, ikincisi, ərazidən, şəhərsalma mühitindən istismar mühitinin belə deyək, yaxşılaşdırılması, münasibləşdirilməsi. Yəni bu istiqamətdə mədəni olmaq qarşıda bir vəzifə kimi durmalıdır. Bu istiqamətdə təbliğat işlərinin genişləndirilməsinə ehtiyac var. Məsələn, hər sürücü bilməlidir ki, piyadanın getdiyi yerdə maşın saxlamaq olmaz".

C.Qocayev deyir ki, ölkəmizdə piyada gəzmək də təbliğ edilməlidir: "Amma cəmiyyət nədənsə, bir növ bundan qaçır. Hamı istəyir ki, ictimai nəqliyyat vasitəsi fərdi avtomobil kimi düz onun qapısına gəlsin. Mənə sual verirlər ki, maşınımı Heydər Əliyev sarayının arxasında saxlasam, metronun "Sahil" stansiyası istiqamətinə piyada necə gedərəm. Halbuki, bu, həmin insanın sağlamlığı üçün də faydalıdır. Bu o deməkdir ki, ölkəmizdə insanların sağlam həyat tərzinə öyrədilməsi, təbliği istiqamətində hələ çox iş görülməlidir. İnsanlara sağlam həyat tərzinin bir növü olan piyada gəzməyə meylli olmağı aşılamalıyıq".

"Bir səbət alış-veriş üçün şəhərin mərkəzində "Hammer" maşını ilə gəzir"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri ölkəmizdə bir çox insanların avtomobillərdən təyinatı üzrə istifadə etməməsindən də narazıdır: "Bəzi insanlar ya nəqliyyat vasitəsinin təyinatını dəqiq bilmirlər və ya bundan kənara çıxırlar. Məsələn, dağlıq ərazilər üçün nəzərdə tutulmuş avtomobilləri şəhərdə sürmək özü bir qəribəlikdir. Nəticədə, bu, avtomobil yollarında daha böyük sıxlığa səbəb olur. Deyək ki, bir insan bir səbət alış-veriş etməkdən ötrü şəhərin mərkəzində "Hammer" maşını ilə gəzir. Mən səmimi deyirəm, həmin adamların heç birinin mədəni səviyyəsini yüksək hesab eləyə bilmərəm. Nəqliyyat vasitəsi insanın vacib ehtiyaclarını ödəməyə yönəldilməlidir. Yoxsa ay mənim maşınım böyükdür, ay mənim maşınım bahadır, nə bilim nömrəsi 007-dir və s. bundan cəmiyyət özünü təbliğ kimi istifadə etməməlidir. Bir daha deyirəm, cəmiyyət nəqliyyatdan öz ehtiyacını ödəmək üçün istifadə eləməlidir. Mən hesab edirəm ki, jurnalistlər də bu mövzuya diqqət ayırmalıdırlar və bu sahədə maarifləndirici yazılar yazmalıdırlar".

"Mənim maşınım bahadır, nə bilim nömrəsi 007-dir"

"Bir müddət əvvəl istədim velosiped alım və sürüm. Cəmiyyətə nümunə olmaq istəyirdim. Bütün ətraf düşdü mənim üstüməki ay kişi, sən nə danışırsan, adama nə deyərlər. Mən bunu sizin qəzetdə bir dəfə də demişdim. Bu onu göstərir ki, bizdə insanların, cəmiyyətin düşüncəsi dəyişməlidir. Bunu isə biz etməliyik, özümüz nümunə olmalıyıq. Mən həmişə ictimai nəqliyyatdan istifadə edirəm, şəxsi maşınım yoxdur. Çox adama deyəndə inanmır. Deyirlər ki, o boyda komitədə şöbə müdirisən, necə maşının yoxdur. Mən ictimai nəqliyyatdan istifadə etməklə həm də buradakı vəziyyəti öyrənmək istəyirəm. Açığı, bu sahədədə görüləsi hələ çox iş var".

"Şəhərin mərkəzi ailənin qonaq evi deməkdir"

Cahangir müəllim deyir ki, gələcəkdə nəqliyyatın sıxlığının aradan qaldırılması üçün qadağaların, məhdudiyyətlərin tətbiq edilməsi də qaçılmaz olacaq: "Gələcəkdə ictimai nəqliyyatın mövcudluğu tam təmin olunandan sonra, bunu əsas götürüb şəhərə fərdi nəqliyyatın buraxılmasında məhdudiyyətlərdən istifadə oluna bilər. Belə şeylərə mən inanıram ki, vaxt gələcək biz gedəcəyik. Amma bundan əvvəl isə biz şəhərin girişlərində terminalların yaradılması haqqında düşünməliyik. Kütləvi surətdə Bakıya gələn maşınlar həmin yerlərdə saxlanılacaq və sahibləri oradan sonra ictimai nəqliyyatdan istifadə etməklə şəhərə gələcəklər.

Məsələn, Moskvadada belədir. Yeri gəlmişkən, bir məqamı da qeyd edim. Mən Koreyaya - Seul şəhərinə getmişdim. Seulda bütün metro stansiyalarının çölündə xüsusi sürahi var. Həmin sürahilərə yüzlərlə velosiped kilidlənmişdi. Yəni bir koreyalı öz velosipedi ilə gəlir metronun yaxınlığına, oradan düşür metroya və lazım olan ünvana gedir. Yəqin ki, bir gün gələcək bizdə də belə olacaq. Bu istiqamətdə biz çox iş görməliyik. O işlərdən biri ondan ibarət olmalıdır ki, biz insanlarımızı ictimai qınağın təsirinə məruz qoymalıyıq. Şəhərin mərkəzində traktorla gəzmək olar? Təbii ki, yox.

Eləcədə dağlıq ərazilər üçün nəzərdə tutulmuş maşınlarla şəhərin mərkəzində sürülməməlidir. Söhbət daimi sürməkdən gedir. Bir də görürsən elə maşın sürürlər ki, qalırsan mat-məəttəl. Maraqlanırsan kimdir bu maşını sürən? Məlum olur ki, tələbə. Heç yerdə işləmir, heç yerdən gəliri yox, amma 100 minlik maşın sürür. Tək fərdi maraqlar gözlənilməməlidir. Hər kəs ictimai marağı da nəzərə almalıdır. Şəhərin mərkəzi elitar mühit olmalıdır. Şəhərin mərkəzi ailənin qonaq evi deməkdir. Unutmamalıyıq ki, mühit şəxsiyyəti formalaşdırır, şəxsiyyət də mühiti".

Cahangir Qocayev son illər şəhərdə sadalanan problemlərin həlli istiqamətində çoxlu işlərin görüldüyünü və bunların davamlı olacağını söylədi: "Hər şey zaman tələb edir. Maarifləndirmə işləri nə qədər çox aparılsa, bir o qədər fayda verəcək. Bu mənada siz jurnalistlərə də işlərində uğurlar arzulayıram".

"Zaman Azərbaycan"