Polis qayda pozuntularının qarşısını necə alır – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Sürücülərin qayda pozuntularını aşkarlamaq üçün yol polisi müxtəlif üsullardan istifadə edir. Mülki maşınlarda, yol kənarında, heç kimin ağlına gəlməyən yerlərdə və formalarda radarlar qoyurlar. Bu isə sürücülərin hiddətinə, etirazına səbəb olur, əksər hallarda isə onlar yol polisinin əməlini qanunsuz hesab edirlər.

Sürücülərin Milli.Az-a ünvanladıqları məktub və fotonu narazılığın davamı hesab etmək olar. Onlardan biri Şamaxı yolunda, "At yalı" adlanan ərazidə yol polisinin sürücülərə qurduğu tələnin şahidi olub və fotosunu çəkib. Fotodan görünür ki, yol kənarında dayanmış "Niva" markalı avtomobildəki radarla sürücülərin hərəkəti izlənilir.

Sürücü fotonu Milli.Az-a göndərməklə yol polisinin qanunsuzluq etdiyini iddia edir və belə halların qarşısının alınmasını istəyir.

Qarşı tərəf isə sürücülərin ittihamlarını əsassız sayır. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında məsələyə münasibət birdirməzdən əvvəl yol polisinin hərəkətini qanunsuz hesab edən sürücülərə sual ünvanladı:

"Gəzən radarların olmamasını kim deyir? Onu kim və hansı qanun əsasında söyləyir? Yol polisinin xidməti maşınında radar quraşdırıla bilməz?"

Şöbə rəisinin sözlərinə görə, avtomobillərə gəzən radarların quraşdırılması qanunsuz deyil. Bu tip radarlar istənilən ərazidə yeri tez-tez dəyişdirilməklə istifadə oluna bilər. Maşın üçün xüsusi avtogörüntülü radarlar var. Həmin radarları əl ilə çəkmək olmur, xüsusi kamerası, yaddaş diski var. Bu radarların özü hərəkətdə ola-ola eyni istiqamətdə gedən və ya qarşıdan gələn nəqliyyat vasitəsinin sürətini təyin etmək funksiyası var.

Konkret Milli.Az-a ünvanlanan fotoya gəlincə K.Əliyev qeyd etdi ki, həmin "Niva" şəxsi yox, yol polisinin avtomobilidir: "Bu isə qeyri-qanuni deyil. Şəxsi maşında quraşdırılmayıb ki... Hansısa savadsız adam özündən uydurur ki, gəzən radarlar qanunsuzdur. Bir qanunu açıb oxumaq, sonra danışmaq lazımdır".

DYP rəsmisi yollarda gəzən radarlar tərəfindən qeydə alınmış sürücülərin cəriməsinin yerində "silinməsi"nə aydınlıq gətirdi: "Sürət həddini aşan sürücüyə yol polisi yerində sürücünün razılığı ilə qərar çıxara və o da POS-terminal vasitəsilə cəriməni ödəyə bilər. Burada söhbət yol polisinin sürücüdən pul alıb buraxmasından getmir. Yol polisinin radara düşən sürücüdən pul alıb buraxmaq ixtiyar yoxdur. Kimə qarşı belə hal olubsa, konkret olaraq bizə müraciət etsin. Araşdırma aparıb müvafiq tədbir görək".

Böyütmək üçün şəkillərə klikləyin.