Bakıda avtobusu nəzərdə tutulan yerlərdə saxlamaq olmur – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərinin ictimai nəqliyyatında acınacaqlı mənzərə var. Avtobusları dayanacaqda, taksiləri isə taksilər üçün nəzərdə tutulan xüsusi yerlərdə saxlamaq olmur. Milli.Az-a məktub yazan Cəmilə adlı oxucu qeyd edir ki, avtobuslar hər yerdə saxlayır, insanları yol boyu toplayır, dayanacaqda saxlamaq isə əhəmiyyətini itirir. Bunun da məntiqi nəticəsi olaraq avtobus dayanacaqlarını taksi fəaliyyəti ilə məşğul olan sürücülər zəbt edirlər. Oxucu belə qanunsuzluğa nə vaxt son qoyulacağını bilmək istəyir.

Nəqliyyat Nazirliyindən Milli.Az-a bildirildi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən zəbt edilməsinin qarşısını almaq üçün reydlər keçirilir. Xeyli sürücü barəsində müvafiq inzibati tədbirlər görülüb və bu işlər davam etdiriləcək.

Bakı Şəhər Yol Polisi İdarəsindən Milli.Az-a bildirildi ki, avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən zəbt edilməsi üzündən avtobuslar yollarda bir neçə cərgəli növbələr yaradırlar. Bu da nəqliyyat vasitələrinin hərəkətinə ciddi mane olur və yollarda süni tıxacların əmələ gəlməsinə səbəb olur. Bəzən isə avtobuslar tıxacı dəf etmək üçün yolun əks istiqamətli hərəkət zolağına çıxırlar ki, bu da qəza şəraiti yaradır.

İdarədən deyildi ki, mütəmadi aparılan reydlər çərçivəsində avtobus dayanacaqlarının zəbt edilməsi ilə bağlı avtomobillər evakuasiya edilməklə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin nəzərinə çatdırır ki, avtobus dayanacaqları yol polisləri tərəfindən nəzarətə götürülməklə yanaşı, paytaxtda quraşdırılan videokameralar vasitəsilə həmin ərazilərdə müşahidələr və nəzarət gücləndiriləcək və avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edənlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.