Şəkidə avtoxuliqan 15 sutkalıq həbslə cəzalandırılıb

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki polisi şəhər ərazisində avtoxuliqanlıq edən şəxsi saxlamağa müvəffəq olub. Həmin şəxs 15 sutkalıq həbs cəzası alıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları bir müddətdir ki, şəhər ərazisində ictimai asayişi pozan və şəhər sakinlərini narahat edən avtoxuliqanı saxlamağa müvəffəq olub.

Onun etibarnamə ilə idarə etdiyi "VAZ-21074" markalı avtomobildə bir sıra qanunazidd dəyişikliklərin edilməsi də məlum olub. Eləcə də, avtomobildə dövlət qeydiyyat nişanı olmamaqla yanaşı, qanunsuz şəkildə Gürcüstan Respublikasına məxsus kağız nömrədən istifadə edilib. Bundan başqa, avtomobilin qabaq buferini açılıb, arxa yaylar qısaldılıb və dövlət standartlarına zidd bir sıra qeyr-qanuni dəyişikliklər edilib. Həmçinin, saxlanılan zaman avtomobilin yan və arxa şüşələrində görüntünü məhdudlaşdıran kustar üsulla hazırlanmış pərdə sökülərək götürülüb.

Heydər Əliyev prospektində avtomobillə təhlükəli manevrlər edən şəxsi təqib edən Şəki DYPB əməkdaşları onu İzzət Həmidov küçəsində saxlamağa müvəffəq olub. Şəki DYPB-nin əməkdaşları isə bir daha yol hərəkəti qaydalarına məhəl qoymayan və avtomobilin konstruksiyasında qanuna zidd dəyişikliklər edən sürücülərə xəbərdarlıq edir.

Qeyd edək ki, Milli Məclis avtoxuliqanlığa qarşı cərimələri sərtləşdirməyi qərara alıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırılıb. Habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.

Qeyd edək ki, indiyə qədər bu cəzalar 80 manatdan 100 manata qədər olub. Bundan başqa mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək. Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq.

Milli.Az