Bakıdakı qızlar yataqxanasından reportaj

Day.Az представляет новость на азербайджанском языке.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əksər ali təhsil müəssisələrinin tələbə yataqxanaları var. Elə təhsil müəssisələri də var ki, bir yox, bir neçə yataqxanası mövcuddur. Yataqxanalar vəziyyəti və şəraitinə görə, bu və ya başqa nüanslar baxımından bir-birindən fərqlənir. Əfsuslar olsun ki, müsbət hallarla yanaşı, modern tələblərə cavab verməyən yataqxanalar da var. Qeyd edək ki, beynəlxalq aləmdə hər bir ali məktəbin reytinqi müəyyənləşdirilərkən yataqxanaların da vəziyyəti nəzərə alınır.

Universitet yataqxanaları ilə bağlı məqalə yazmaq barədə tapşırıq alanda belə qərara gəldim ki, təhsil aldığım Bakı Slavyan Universitetinin (BSU) "3 saylı qızlar yataqxanası"ndan yazım. Odur ki, üz tutdum Ceyhun Hacıbəyli küçəsi, 152 ünvanında yerləşən bu yataqxanaya.

Əvvəlcə ondan başlayım ki, yataqxanaya heç bir maneə olmadan daxil ola bildim. İlk olaraq məni özünü yataqxananın komendantının müavini kimi təqdim edən Elza Əliyeva və Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi, "Tələbə dünyası" qəzetinin baş redaktoru Məltəm Talıbzadə qarşıladı. Elə onların müşahidəçiliyi ilə tələbələrin və otaqların vəziyyəti ilə maraqlanmaq üçün 5-mərtəbəli yataqxananın ilk mərtəbəsinə qalxdıq. Burada təmir işləri gedirdi. Bu mərtəbə, demək olar, ancaq qaçqın ailələrinin ixtiyarına verilib.

İkinci mərtəbədə əsasən, türkiyəli, rusiyalı, pakistanlı tələbələr yerləşdiriliblər. Bu mərtəbədə gördüyümüz şərait özünün lüks vəziyyəti ilə seçilirdi. Hamam otağı, mətbəx və tələbələrin qaldıqları otaqlar təmirli, səliqəli idi. Bu gördüklərim məndə müsbət fikirlər oyatsa da, tələbələrlə söhbətləşmək istədim.

Türkiyəli tələbə: "Şəraitdən razıyam"

BSU-da rus və ərəb dilləri üzrə təhsil alan, eyni zamanda 3 ildir bu yataqxanada qalan türkiyəli tələbə Eren Güneş buradakı şəraitdən razı olduğunu bildirdi: "Şəraitdən razıyam. Aylıq ödəniş 100 manat da olsa, qaneedicidir. Amma əskiklik də var. Məsələn, 3 gün idi ki, suyun verilişində problem yaranmışdı. Demək olar ki, bu problem hər ayda 3 dəfə təkrarlanır".

O, bir təklif də verdi: "Burada namaz otağı da olsa, əla olar. Hər sahədə tolerantlıq var. Eləcə də yataqxanalarda da bu qorunmalıdır. Bizim yataqxanamızda da namaz otağı olsa, pis olmazdı".

Eren Güneş dedi ki, yataqxanada problem yaşandıqda və onun həlli universitet rəhbərliyinin imkanı və səlahiyyətində olduqda tez bir zamanda həllini tapır. O: "İnternetin olmaması bizi narahat edirdi. Amma rektor Kamal Abdullaya müraciətdən sonra bu problem həll edildi", - dedi. Sonda türkiyəli tələbə çatışmazlıqların həllində göstərdiyi həssaslığa görə rektor Kamal Abdullaya təşəkkür etdi: "O, hər zaman biz tələbələrə həmkarı kimi yanaşıb. Bizim nə problemimiz olubsa, heç bir maneəsiz şəxsən müraciət edə bilmişik. Bu fürsəti yaratdığı üçün ona təşəkkürümüzü bildirirəm''.

"Vəziyyətimiz o qədər də yaxşı deyil"

Yataqxandakı şəraitlə tanışlığımız davam edir. Odur ki, "səyahətimiz" bununla məhdudlaşmır. BSU-nun 3-cü kurs tələbəsi, yataqxananın 4-cü mərtəbəsində yaşayan Səma Qasımova ilə də söhbətləşdim. Qəribədir ki, onun fikirləri əcnəbi tələbələrin dedikləri ilə paradoks təşkil edirdi: "Vəziyyətimiz o qədər də yaxşı deyil". İstilik sistemlərinin işlək vəziyyətdə olmamasına diqqət çəkən Səma Qasımova bunun bir sıra problemlərə səbəb olduğunu söylədi. Həmsöhbətimiz su problemi ilə də üzləşdiklərini qeyd etdi. Onun fikirlərinə universitetin 1-ci kurs tələbəsi Gülər Məmmədova da şərik çıxdı. O, yataqxananın 4-cü mərtəbəsinə internetin çəkilmədiyini bildirdi: "İnternetin olmaması bizi çox narahat edir. Bilirsiniz ki, dərs materialını daha geniş və dünyada baş vermiş hadisələri daha təfərrüatlı öyrənmək üçün internet lazımdır. Ancaq bizim qaldığımız mərtəbədə yoxdur".

İnternet və televizorun yoxluğu...

BSU-nun tələbəsi Məltəm Talıbzadə də bu problemi qabartdı. "Kiçikdən-böyüyə hər kəs bilir ki, bu və ya digər materialı tapma və məlumat çeşidliliyi baxımından internetin olması vacibdir. Problem bununla bitmir. Yeməkxananın televizorunun olmaması da əngəl yaradır. İxtisasımız jurnalistika olduğuna görə məlumatlardan xəbərdar olmaq vəzifəmizdir. İnternet və televizorun yoxluğu bu imkanı sıxışdırır. Ümumi televizor otağı olsaydı, daha yaxşı olardı", - deyə Məltəm Talıbzadə qeyd etdi.

"Bu barədə universitet rəhbərliyinə müraciət etmisinizmi?" sualımıza Məltəm xanım belə cavab verdi: "Mən müraciət etdim. Rektorluqdan bildirdilər ki, təmir-bərpa işləri başa çatandan sonra bu problem də həll ediləcək. Hələ ki, təmir prosesi bitməyib''.

"Əcnəbilər 100 manat, öz tələbələrimiz isə 15 manat ödəyirlər"

Tələbələrin fikirlərini öyrəndikdən sonra yataqxanaya, eyni zamanda burada tələbələrin davamiyyətinə, təlim-tərbiyəsinə, davranış qaydalarına nəzarət edən, məsuliyyət daşıyan komendantın mövqeyini də öyrənməyi lazım bildik. Komendant Nuriyeva Tərlan Mehdi qızı ilk olaraq tələbələrin su ilə bağlı qaldırdıqları problemə aydınlıq gətirdi:

"Bu bizim problem deyil. Bu məsələ aidiyyatı qurumların tabeliyindədir. Biz də vətəndaşlıq borcu olaraq bu sahədə problem yaşananda, həmin qurumları məlumatlandırırıq".

"Əcnəbi tələbələrlə azərbaycanlı tələbələrin şərait baxımından fərqli durumda olmalarını necə izah edərdiniz?" - deyə müraciət etdikdə Tərlan xanım: "Əvvəlcə nəzərinizə çatdırım ki, bu yataqxananın büdcəyə uyğun otaq şəraitləri var. Əcnəbilər aylıq olaraq 100 manat, öz tələbələrimiz isə 15 manat ödəyirlər. Və bilirsiniz ki, əcnəbi tələbələri öz dövlətləri hər bir cəhətdən təmin edirlər. Bu bizdə də belədir. Əgər Azərbaycanlı tələbə dövlət hesabına xaricdə təhsil almağa gedirsə, dövlət onu təmin edir".

Komendantın vədi

"Tərlan xanım, azərbaycanlı tələbələr daha çox internetin olmamasından gileyləndilər. Bunun üçün 2-ci mərtəbəyə çəkilmiş şəbəkədən istifadə etdiklərini bildirdilər. Bəs siz necə, yataqxananın rəhbəri olaraq bu problem barədə rektora müraciət etmisinizmi", - sualımıza isə o: "Xeyr. Ancaq orada, bu işlə əlaqəsi olan Rafiq müəllim var. Təmirdən sonra ona müraciət etmək fikrindəyik", - deyə bildirdi.

Hazırda yataqxanada təmir-bərpa işlərinin olduğunu vurğulayan Tərlan xanım bu proses bitdikdən sonra yaranan problemlərin həlli istiqamətində addım atılacağını da bildirdi.

"Zaman Azərbaycan"