Azərbaycanın şimalına və qərbinə qar düşdü - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
 

Şimal bölgəsində ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Tempratur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə mənfi 5-6 dərəcəyə enib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən RTV-yə verilən məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burada yağıntının miqdarı 23 sm-ə çatıb. Xızı rayonun Altıağac qəsəbəsinə 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm hündürlüyündə qar yağıb. Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.

X X X

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonuna güclü qar yağıb. Aramsız yağan qar rayon mərkəzi ilə kəndlərin əlaqəsini çətinləşdirib. Yolları qardan və buzdan təmizləmək üçün bir sıra tədbirlər görülür.

Gədəbəy rayonunda dağlar ağ örpəyə bürünüb. Ötən gün axşam saatlarından başlayaraq dağ rayonuna güclü qar yağıb. Qarın qalınlığı rayon mərkəzində və ətraf kəndlərdə 5, nisbətən dağlıq ərazilərdə 10-15 santimetrə çatıb. Qarlı-şaxtalı hava yollarda sürücülərin işini xeyli çətinləşdirib.

Rizvan Şükürov - sürücü: "Bu yolda avtomobil idarə etmək üçün təcrübən olmalıdır. Yəni hansı sürətlə necə idarə etməyi bilməlisən. Artıq elə bir çətinlik yoxdur".

Etibar Səftarov - sürücü: "Biz bu yola alışmışıq. Bizim üçün fərqi yoxdur. İstənilən hava şəraitində avtomobili idarə edə bilərik. Başqa rayonlardan gələnlər bir az əziyyət çəkirlər".

Həmişə olduğu kimi, dekabr ayının ilk günləri Gədəbəy rayonunda qarlı hava müşahidə olunur.

Qar dağ kəndlərində daha ciddi fəsadlar yaradıb.

Yolları qardan və buzdan təmizləmək üçün 24 saylı Gədəbəy Yol İstismar İdarəsinin işçi qüvvəsi və texnikası bütün güclərini səfərbər edib. "Azəryolservis"in işçiləri hazırda yollara duz qarışıq qum səpirlər.

Vidadi Ələkbərov - Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul işçisi: "Rayonun strukturları əvvəlcədən qışa hazır olduğu üçün demək olar ki, bütün problemlərimiz həll olunub. Kəndlərlə rayon mərkəzinin əlaqəsi intensivdir. Heç bir problemimiz yoxdur".

Qeyd edək ki, hava şəraiti ilə əlaqədər olaraq Gədəbəy Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Böyütmək üçün şəkillərə klikləyin.