Bakının mərkəzində yol nişanı sürücülərə problem yaradır - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərinin mərkəzində yeni qoyulmuş yol nişanı sürücülərə problem yaradırmış.

Onlar Milli.Az-a etdikləri müraciətdə Beşmərtəbə adlanan ərazidə, Azərbaycan Milli Dram Teatrı və yeni salınan "Qış bulvarı"nın yanındakı dairəvi tənzimlənən yol olduğunu göstərən nişandan şikayətlənirlər.

Azərbaycan küçəsindən (keçmiş Hüsü Hacıyev) dairəyə girən zaman hərəkət üstünlüyünün hansı tərəfdə olduğunu göstərən yol nişanı qoyulub. Həmin nişan isə elə vəziyyətdə qoyulub ki, sürücülər üçün görmə məhdudiyyəti var. Sürücünün qarşısında başqa hündür maşın olan zaman isə dairəvi tənzimlənən yol olduğunu göstərən nişan görünməz olur.

Əvvəllər "Qış bulvarı"nın yaxınlığındakı dairəvi yolda avtomobillər üçün hərəkət başqa cür olub. Dəyişiklikdən sonra "Nizami" metrostansiyasının qarşısından "Beşmərtəbə dairəsi"nə, həmçinin Azərbaycan küçəsindən (Mərkəzi Univermaq tərəfdən) dairəvi yola tərəf gələn avtomobillər bundan sonra dairədəki avtomobillərə yol verməlidirlər.

Bakı Siqnal İdarəsindən Milli.Az-a verilən məlumata görə, həmin yolda qoyulmuş nişan ən uyğun yerdədir. Həmin yol elədir ki, dairəvi tənzimlənən yol olduğunu göstərən nişan mütləq sağda qoyulmalıdır, hətta təkraredici nişan da qoymaq olmur.

İdarədən nişanın daha münasib yerə qoyulması üçün təkliflərin mümkünlüyü deyildi: "Yol enli yoldur. Hansı vətəndaşın təklifi varsa, irəli sürə bilər. Yol hərəkəti təhlükəsizlik komissiyası var. Təkliflər araşdırılacaq, uyğun olarsa, nəzərə alınacaq".

Böyütmək üçün şəkillərə klikləyin.