Bakıda saxta endirimlərin sirri açılıb

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytında endirimlər barədə dərc olunan xəbərlər həddindən oxşardır, hətta ilk baxışdan onların hansısa bir şablon əsasında yazıldığını da düşünmək olur. Oxşarlıq ilk öncə məzmundadır. Xəbərlərdən belə görünür ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi araşdırmalar aparır və mağaza sahiblərinin endirim adı altında alıcıları aldatdığını ortaya çıxarır.

Məsələn, sentyabr ayında Bakı şəhərinin Xətai rayonunda yerləşən bir mağazada aparılan araşdırma zamanı məlum olub ki, giriş hissəsində "Mağazanın bağlanması ilə əlaqədar bütün mallara 50% endirim" reklamı yerləşdirilmiş dükanda yalnız satışda olan bir qisim malların qiyməti ucuzlaşdırılıb. Onların da qiymət kağızlarında endirim tətbiqi barədə heç bir məlumat qeyd olunmayıb. Yəni dükançı istənilən müştəriyə yalandan malın ucuzlaşdığını deyə bilər.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin oktyabr ayında Nəsimi rayonu apardığı başqa bir yoxlama zamanı isə mağazanın giriş hissəsində mallara 40% və 50% endirim təqbiq edilməsi barədə reklam yerləşdirilsə də, içəridə yalnız bir neçə malın ucuzlaşdırıldığı aydın olub. Adətən belə malların ölçüləri həddindən kiçik və ya böyük, rəngləri solmuş və keyfiyyəti aşağı düşmüş olur.

Təəssüf ki, Azərbaycan işbazlarının bu cür "endirim" praktikası bəzi tanınmış brendlərin Yeni il qabağı tətbiq etdikləri bayram ucuzlaşmasına da sirayət edib. Məsələn, tanınmış mebel brendlərindən biri artıq bir neçə gündür ki, Yeni illə bağlı 20 faiz endirim elan edib, amma dükanlara girdikdə məlum olur ki, bu, heç də malların hamısına aid deyil. Yəni müştərilərin çox maraq göstərdiyi məhsulların qiyməti dəyişməz olaraq qalıb. Bir çox tanınmış brendlər isə Bakıda nədənsə Yeni il endirimlərinə yanvarın 1-dən sonra başlayacaqlarını iddia edirlər. Və bu cür yanaşmanı məntiqli sayırlar: "Bayramqabağı malımız onsuz da satılır, sata bilmədiklərimizin qiymətini isə yanvrın 1-dən sonra endirəcəyik", - deyə Bakıda metronun "28 may" stansiyasının yaxınlığında yerləşən iri ticarət mərkəzindəki dükanların əksəriyyətindən Anspress-ə bildiriblər.

Amma bu yanaşma qərbdə hələ XVIII əsrdən tətbiq edilən endirim praktikasına heç uyğun gəlmir. Qərbin ticarət dövriyyəsində malların 50 faizi endirimli qiymətlərlə satılır. Və əhalinin, demək olar ki, əksəriyyəti bundan yararlanır. Məsələn, 320 milyon əhalisi olan ABŞ-da 2012-ci ilin sonunda tətbiq edilən milad endirimlərindən 147 milyon adam, yəni ölkə sakinlərinin təxminən yarısı və ya yetkin əhalinin, demək olar ki, hamısı yararlanıb.

ABŞ-da endirimlər noyabr ayının son cüməsində başlayır və küçələr insanla dolu olduğundan həmin günə ABŞ-da "qara cümə" deyirlər. Bu il də ABŞ-da Yeni il endirimləri başlayıb və 33 milyon adam artıq "qara cümə"dən bir gün öncə - noyabrın sonuncu cümə axşamında bəzi şirkətlər tərəfindən tətbiq edilən endirimlərdən yararlanıb. Bu endirimlər zamanı məhsulun qiyməti bəzən 70 faiz aşağı salınır. Məsələn, Londonun məşhur brend mağazalarında endirim zamanı 20 funta (təxminən 26 manata) çox keyfiyyətli pambıq plaş və ya gödəkcə, 15 funta keyfiyyətli qış çəkməsi, 4 funta pambıq köynək, 5 funta pambıq şalvar və s. almaq mümkündür.

Qərbin endirim mallarına Yeni il qabağı Bakı dükanlarında da rast gəlmək olur. Bizim işbazlar həmin mağazalardan aldıqları malları 2-3 dəfə bahasına Bakı dükanlarına yerləşdirirlər və istədikləri qədər də alıcı tuturlar. Məsələn, Londondan 20 funta aldıqları gödəkcəni Bakıda 60 manata dükana yerləşdirirlər və mal, ticarətçi dili ilə deyilərsə, "uçur". Yanvar qabağı Bakının belə dükanlarında müştəri əlindən tərpənmək olmur. Londonun hava limanında Bakı reysini asanlıqla tanımaq olur - hər sərnişin 2-3 iri bağlama geyim gətirir. Bəzi sərnişinlər hətta corabı da Londondan alırlar: 2 funta 6 ədəd pambıq corab almaq olur ki, həmin corabları rahat 2 il geyinmək mümkündür. Maraqlıdır ki, London hava limanında azərbaycanlılarla yanaşı, bəzi keçmiş SSRİ respublikalarının, bəzi Afrikanın və Cənubi-Şərqi Asiyanın bəzi nisbətən inkişaflı ölkələrinin sərnişinləri də endirim mallarını daşımaqla məşğuldurlar. Özü də Britaniya hökuməti bu cür malları ölkədən xaricə daşıyan sərnişinlərə 20 faizə qədər mükafat təyin etməklə bu ticarəti xeyli sürətləndirir.

Əcaba, hələ dünya iqtisadiyyatının əsas hissəsinə hökm edən qərb şikrətlərinin istehsal etdiyi məhsulları niyə belə su qiymətinə dünyaya dağıdır? Niyə bizim işbazlar kimi bayram qabağı müştəri çoxluğundan sui-istifadə edib malları daha baha sırımağa can atmırlar. Cavab sadədir: endirimlər qərbin iqtisadi inkişafına təkan verir. Birincisi, ilin sonunda bütün anbarlar və ticarət meydanları boşalır. İkincisi, korporasiyaların əlində diri pullar əmələ gəlir ki, həmin pullar iqtisadiyyatın yenidən təşkilinə yönəldilir. Yeni dəbli, daha keyfiyyətli mallar bazara girir. Endirimlərin sosial faydası da var ki, il boyu müəyyən əşyaları ala bilməyən sakinlər istədikləri çox şeyə nail olur ki, bu da cəmiyyətdə sosial sabitliyi təmin edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iqtisadi inkişafa təkan verən bu praktikanın Azərbaycanda tətbiq edilə bilməməsinin əsas günahını inhisarçılıqda görür. O, bildirib ki, ticarət dövriyyəsi xaricdən müəyyən inhisarçı qruplaşmalar tərəfindən nəzarətdə saxlanılır: "Bu qruplaşmalar illik gəlirlərini yüksək səviyyədə saxlamaq üçün heç bir endirimə yol vermirlər".

Azərbaycanda endirimlərin tətbiq edilməsinə mane olan digər səbəb geyim və məişət əşyaları istehsalında yerli şirkətlərin olmamasıdır. Hətta hər gün yerli telekanallara verdiyi reklamında yerli kostyum istehsalı ilə öyünən bir şirkətin təmsilçisi Anspress-ə bildirib ki, yalnız sifariş əsasında, özü də bahalı kostyumlar tikirlər: "Bizdə qiymətlər 400 manatdan başlayır və adətən bəy kostyumları tikirik". Təbii ki, belə şirkət endirimə getməyəcək, çünki anbarında malı yoxdur.

Bu məsələdə hökumətin fəaliyyətinin də müəyyən qədər genişlənməsinə ehtiyac var. Düzdür, İqtisadi İnkişaı Nazirliyi bununla bağlı müəyyən məlumatlar yayır və iş adamlarını endirimlərin təşkili ilə bağlı maarifləndirir. Amma bu, yetərli deyil, ölkədə real endirimləri əldə etmək üçün xalq istehlakı mallarının istehsalı üzrə real iqtisadiyyat təşkil edilməlidir və hökumətin fəaliyyəti də bu istiqamətə yönəlməlidir. Əksa halda, köhnə hamam və köhnə tasdan qurtula bilməyəcəyik.

Milli.Az