Bakıda mənzillər aşağıdakı şərtlərlə kreditə verilir

Day.Az представляет новость на азербайджанском языке.

Orta statistik azərbaycanlı ev kreditinə ayda 200-300 manat ödəyə bildiyi halda, tələb olunan məbləğ bundan xeyli yuxarıdır

Digər ölkələrdən, xüsusilə də Amerika və Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda hər bir ailənin mütləq balaca da olsa bir evi, koması olmalıdır. İndiki zəmanədə bu, hər birimizə qismət olmasa da, bunun üçün var-gücümüzlə çalışırıq. Mənzil tikintisi ilə məşğul olan, xüsusilə də kiçik şəhərciklər inşa edən şirkətlər də mənzillərini satmağa cəhd edirlər. Bunun üçün hətta kreditlə mənzil təklif edənlər də var. Apardığımız kiçik araşdırma zamanı şirkətlərin kreditlə evi neçə ilə və neçə faizlə verdiyini öyrəndik.

Xırdalanda 2-otaqlı mənzilin qiyməti

Bakı-Sumqayit yolunda, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən AAAF City yaşayış kompleksində faizsiz, yalnız şəxsiyyət vəsiqəsi ilə 3 il müddətinə kreditə mənzillər verilir. Amma bir əmması var ki, kreditə verilən mənzillər hələ hazır deyil. Yaşayış kompleksində kreditə yalnız yarımçıq binalardan mənzillər verilir. Kompleksdən müştəri qismində əldə etdiyimiz məlumata görə, 5 mərtəbəli binaların bəzilərində 3, bəzilərində 4-cü mərtəbə hazırdır. Binanın tam hazır olması 6 ay-1.5 ilə çəkəcək. Mənzilin məbləğinin 40 faizi əvvəlcədən verilməlidir. Sözügedən yaşayış kompleksində ikiotaqlı mənzillər 73 kvadratdan 108 kvadrata qədərdir. Nağd ödənişlə bir kvadrat 450 manata düşürsə, kreditə 550 manatdan başlayan qiymətlərlə satılır.

Apardığımız kiçik hesablama nəticəsində məlum oldu ki, 73 kvadratlıq mənzili kvadratı 550 manatdan 3 ilə kreditə götürmək istəyirsənsə, aya təxminən 700 manat ödəməlisən. Bir şərtlə ki, mənzilin 40 faizni, yəni 16 min manatını əvvəlcədən ödəməlisən. Deməli, 73 kvadratlıq mənzil vətəndaşa 40-41 min manata başa gəlir. Amma bu, 1 kvadrat məhz 550 manatdan olduqda ortaya çıxan rəqəmdir. Şirkətdən isə bildirdilər ki, 1 kvadratın qiyməti 550 manatdan başlayır. Yəni 600-700 manat da ola bilər. Sözügedən kompleksdən birotaqlı mənzil almaq istəyənlər isə ilkin ödəniş kimi 12 min manat verməlidirlər.

Şəhərcikdə 12 hektar park, 3 futbol və tenis meydançası, idman zalları, uşaq əyləncə mərkəzi, məktəb, uşaq bağçası, tibb mərkəzi, aptek, turizm şirkəti, ticarət mərkəzləri və restoranlar şəbəkəsi fəaliyyət göstərir. Bina gələn ilin aprel ayında təhvil veriləcək.

Kreditlə villa da almaq olur

Villa Badamdan bildirdilər ki, villaları faizsiz verdiklərinə görə uzun müddətli kreditlə satış edə bilmirlıər: "Əvvəlcədən evin pulunun 30-40 min manatını ödədikdən sonra qalanını 1 ilə, 24 aya hissə-hissə ödəmək olar. Villa Badamda mənzilin 1 kvadratı 1300 manatdır. Ən kiçik sahəsi olan ev 338 kvadratdır ki, ümumilikdə 440 min manata veririk. Ev ikimərtəbəlidir, zirzəmisi, həyətində qarajı var. Ümumiyyətlə, bütün evlərin üstündə 8-20 sot torpaq da veririk. Torpaq və zirzəmi üçün pul almırıq".

Onu da deyək ki, Villa Badam Masazır gölünün yaxınlığında, 20 Yanvar metrostansiyasından marşrutla 15 dəqiqəlik məsafədə yerləşir. Villa Badamın vahid arxitekturası, magistral su kəməri və su təchizatı sistemi, magistral qaz və hər bir evin fərdi isitmə sistemi, hər villada elektrik şəbəkəsi, ehtiyat generatorlar sistemi, telefon rabitəsi və internet, hər bir villanın vitraj şüşələnməsi və geniş, bəzədilmiş eyvanları, hər evdə buxarı, ərazinin gecə-gündüz mühafizəsi və video-müşahidə, qəsəbənin perimetri üzrə hasar, nəzarət-buraxılış məntəqəsi, asfalt örtüklü geniş küçələr, piyada və velosiped yolları, qazonlar, park zonası və s. var.

Qəsəbənin ərazisində həmçinin mağaza, restoran, aptek, açıq və qapalı oyun meydançaları və s. fəaliyyət göstərir.

Faizsiz və faizli kreditlər

AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası mənzilləri 10 ilə qədər 13 faizlə bank vasitəsilə kreditə verir. Amma mənzilin pulunu 3 il ərzində ödəmək istəyənlər üçün faiz hesablanmır. Bu, şirkətin daxili imkanları hesabına edilir. Nəğd ödənişlə 2-otaqlı 99-104 kvadrat metrlik mənzilin 1 kvadratı 495 manatadır.

Akkorddan onu da bildirdilər ki, hazırda yalnız Razin və Xırdalanda ucaltdıqları binalarda kreditə vermək üçün boş mənzillər qalıb. Amma kreditə götürmək istəyəndə də əvvəlcədən mənzilin dəyərinin 30 faizini ödəmək lazımdır, bu da təxminən 15 min manat edir. Kreditlə Akkorddan ev almaq üçün iş yerindən arayışa ehtiyac olsa da, maaşın nə qədər olmasının fərqi yoxdur.

Aylıq gəliri 2 min manat olanlar üçün

Afiyəddin Cəlilov küçəsində yerləşən "Park Azure" yaşayış kompleksində də kreditə mənzil götürmək mümkündür. Amma bunun üçün xeyli pulun olmalıdır. "Marja"-nın məlumatına görə, "Bank Technique" ASC və "Yeni Hayat" Şirkətlər Qrupu birgə ipoteka layihəsinə start veriblər. Yeni ipoteka layihəsinin şərtlərinə əsasən, "Yeni Hayat" Şirkətlər Qrupuna aid "Park Azure" yaşayış kompleksindəki bütün mənzilləri 20 faiz ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 8 faiz dərəcəsi ilə əldə etmək mümkündür. Kredit götürmək istəyən şəxsin ailə üzvlərinin toplam gəlirləri təqribən 2 min manat olmalıdır. Maksimum 1 saat ərzində aparılan sadələşdirilmiş sənədləşmə isə rahat şəkildə ipoteka kreditini rəsmləşdirməyə imkan yaradır.

"Park Azure" yaşayış kompleksi 2, 3, 4 və 5 otaqlı 585 mənzildən ibarətdir. Geniş həyəti, 2000 yerlik avtomobil dayanacağı, hipermarketi, kinoteatrı, SPA və Fitness mərkəzi, uşaq bağçası və qapalı əyləncə mərkəzi olan "Megafun"a keçid var.

"Bank Technique" ASC-nin Müştəri Xidməti Departamentinin direktoru Kamran Axundov yeni layihəni şərh edərkən bildirib ki, birgə layihənin məqsədi geniş əhali kütləsinin mənzillərə olan tələbatını ödəməkdir.

Orta statistik azərbaycanlının gücü nəyə çatır?

İqtisadçı Samir Əliyev hesab edir ki, kreditə ev götürmək istəyən orta statistik azərbaycanlı bunun üçün aylıq cəmi 200-300 manat ödəyə bilər: "Hazırda dövlət xətti ilə yanaşı, kommersiya şirkətləri də kreditlə ev verirlər. Amma kommersiya şirkətlərinin verdiyi kreditlərin müddəti az olduğundan aylıq ödəniş vətəndaş üçün yüksək alınır. Bu zaman ən yaxşı halda aylıq ödəniş 800-1000 manat civarında olur. Bizim hesablamalarımıza görə, adambaşına düşən istehlak səbəti təxminən 200 manatdır. 4 nəfərdən ibarət olan ilə üçün bu, 800 manatdır. Bunun müqabilində orta statistik azərbaycanlı kreditə götürdüyü ev üçün ancaq aylıq 200-300 manat verə bilər".

/Kaspi.az/