Bakıda həkim pasiyentinin həyatına belə son qoydu

Day.Az представляет новость на азербайджанском языке.

Dünən səhər saatlarında paytaxtda stomatoloji klinikada ölüm hadisəsi baş verib. Belə ki, VİP Dental özəl stomatoloji klinikasında 1966-cı il təvəllüdlü Elçin Məmmədov yerli keyitmə ilə çənəaltı nahiyəsində irinin üzərində aparılan əməliyyat zamanı dünyasını dəyişib. Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədovun boğaz nahiyəsində kista diaqnozu ilə əməliyyatı aparmaq üçün həkim Baxış Hüseynova müraciət ediblər. Həkim əməliyyatı, məhz, stomatoloji mərkəzdə aparacağını deyib.

Anspress yazır ki, mərhumun həyat yoldaşının sözlərinə görə, o, həkimdən təhlükəli olacaq deyə, bu əməliyyatı stomatoloji klinikada deyil, başqa bir yerdə, daha dəqiq desək, xəstəxanada aparılmasını da təklif edib. Amma həkimin "15 dəqiqəlik əməliyyatdır" deməsi hər iki nəfəri əməliyyatın fəsadsız keçəcəyinə əmin edib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədov əməliyyata öz ayağı ilə gəlib. Əməliyyat stomatoloji kresloda aparılıb. Həyat yoldaşının sözlərinə görə, həkim əməliyyatda Elçinin boğaz nahiyəsində kəsik apardığı zaman mərhum başlayıb əsməyə. Planlaşdırılan 15 dəqiqəlik əməliyyat isə Elçinin həyatına ömürlük son qoyub. Təcili yardım stansiyasında sürücü işləyən Elçin Məmmədovun 5 yaşlı balaca qız övladı atasız qaldı.

Əməliyyatı aparan həkim isə hüquq mühafizə orqanları tərəfindən Nəsimi rayon Prokurorluğuna aparılıb. Daha sonra isə meyit adıçəkilən klinikadan çıxaralaraq tibbi ekspertizaya aparılıb. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən ANS-ə bildirdilər ki, xəstənin ağız nahiyəsində kiçik bir əməliyyat aparılması üçün iynə vurulduqdan sonra onda anafilaktik şok yaranıb və Elçin Məmmədov böyük ehtimalla elə yaranmış şokdan ölüb. Xəstənin ölümünün dəqiq səbəbləri isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən mərhumun meyitinin ekspertizası təyin edilib. Faktla bağlı aparılan istintaq araşdırmalarının sonunda məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az