Kiş çayı körpüsündə hər an faciə baş verə bilər

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki-Qax magistral yolunun üstündəki körpüdə bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Əgər əlaqədar təşkilatlar vaxtında müdaxilə etməzsə.

Şəkinin Aşağı Göynük-Baqqal avtomobil yolunun Kiş çayı körpüsündə təhlükə yaşanır. Körpüdə aşırımların birləşdiyi hissələrdə iri həcmli çatlar əmələ gəlib. Bu səbəbdən də körpüdə silkələnmələr müşahidə olunur. Bunu ağır tonajlı yük avtomobillərinin hərəkəti zamanı daha aydın müşahidə etmək olur.

Bu vəziyyət isə bir neçə müddət öncə yaranıb. Görünən odur ki, bu vaxt ərzində əlaqədar təşkilatlar tərəfindən heç bir addım atılmayıb. Vaxtında təmir-bərpa işlərinin görülməməsi isə problemin daha da böyüməsinə səbəb olur. Nəticədə aşırımda yaranan çat böyüyərək təhlükəli hal alıb. Dərhal lazımi tədbir görülməyəcəyi təqdirdə isə bunun acı nəticələri qaçılmazdır.
Kanal S-in vəziyyətlə bağlı sorğusunu cavablandıran Şəki Yol İstismar Sahəsindən verilən məlumata görə, artıq sabahdan etirbarən adıçəkilən ərazidə cari təmir işlərinə başlanılacaq. 1990-cü ildə istifadəyə verilən körpünün əsaslı təmirinin isə 2014-cü ildən tez həyata keçiriləcəyi gözlənilmir.

Ümumi uzunluğu 420 metr olan körpü 16 aşırımdan ibarətdir. 50 tona qədər yükgötürmə qabiliyyəti olan körpüdə tikildiyi vaxtdan bu yana təmir-bərpa işləri aparılmayıb.