Qripdən qorunmağın effektiv yolları

Day.Az представляет новость на азербайджанском языке.

Soyuq havalardan nə qədər qorunsan da, qrip, müxtəlif viruslardan və soyudəymədən sığortalanmaq çətindir. Belə ki, ən gözlənilməz anda xəstələnir, özünü əzgin hiss edir, heç olmasa 4-5 gün əziyyət çəkirsən. Mütəxəssislər bildirir ki, epidemiya zamanı müəyyən qaydalara riayət etməklə sağlamlığı qorumaq olar.

Terapevt Sərmayə Hüseynovanın sözlərinə görə, qripdən qorunmaq üçün C vitamini bol olan meyvə-tərəvəz yemək lazımdır: "Şəxsi gigiyena qaydalarına əməl etmək də insanı infeksiyalardan müəyyən qədər qoruya bilər. Xüsusilə də, müxtəlif epidemiyalar zamanı gigiyena qaydalarının gözlənilməsi vacibdir. Bunun üçün evdən kənarda olanda yemək yeməzdən əvvəl əlləri yumaq lazımdır. Eləcə də işdən, həyətdən evə qayıdanda da əlləri yumaq vacibdir. Xəstə insanla təmasda olanda da bunu etmək məsləhətdir. Əgər əl yumaq üçün münasib şərait yoxdursa, spirt və ya bakteriyalara qarşı olan nəm salfetlərlə əllərinizi silə bilərsiz. Spirtlə burunun delikləri olan nahiyənin silinməsi də yaxşı nəticə verir. Belə ki, bu cür sizə burnunuza daxil ola bilən infeksiyaların qarşısını alacaqsız. Doğranmış soğanın otağa qoyulması da mikrobları məhv edir. Qripə yoluxmaq ehtimalı olduqda, soğan suyundan bir-iki damcı burnunuza tökərək qripin qarşısını almaq olar. Əgər artıq xəstələnmisinizsə, tez-tez əl-üz dəsmalını qaynar suda yumaq lazımdır. Bununla xəstəliyi yenidən qıcıqlandıran bakteriyaların qarşısını almaq olar. Tam sağalandan sonra isə diş fırçasını dəyişmək məsləhətdir".

Epidemiya zamanı evin təzmizliyinə də fikir vermək lazımdır. S.Hüseynova bildirib ki, bunun üçün tez-tez toxunulan əşyalar - televizior və ya kondisioner pultu, qapının tutacaqları, mebellər, telefonlar, elektrik açarları təmizlənməlidir. İş yerində də mümkün qədər təmizliyə riayət olunmalıdır. İstifadədən əvvəl kompüterin klaviaturasını, stolun üstünü və s. xüsusi salfetlərlə silmək lazımdır:

"Evdə kimsə qripə yoluxubsa, ailə üzvlərinin sağlamlığını qorumaq üçün otağın havasını tez-tez dəyişmək lazımdır. Yaxşı olar ki, xəstə asqıranda ağız-burnunu əli ilə deyil, salfetlə tutsun. Belə ki, əllə üzünü tutanda mikroblar ətrafa yayılır. Xəstə belə etdikdə onun əllərində də mikrob yığılır ki, o ətrafdakı əşyalara və insanlara toxunduqda infeksiyanı yayır".

Həmsöhbətimizin dediyinə görə, xəstəyə baxan adamın geyimi pambıqdan olmalı və tez-tez dəyişdirilməlidir. Geyim 95 dərəcədə yuyulmalıdır.

Terapevt qeyd edib ki, qripə yoluxmamaq üçün ağız üçün xüsusi maskadan və göz üçün eynəkdən istifadə etmək lazımdır: "Nəzərə almaq lazımdır ki, qrip göz, ağız və burundan keçir. Bu səbəbdən də kimsə asqıranda kənara çəkilmək, üzünü başqa istiqamətə çevirmək lazımdır" deyən müsahibimiz əlavə edib ki, qrip olan şəxs ətrafdakıları yoluxdurmaq istəmirsə, burun dəsmalını və ya salfetini 4 dəfədən az olmayaraq bükməlidir. Əks halda onun əlləri batacaq və o, ətrafa infeksiya yayacaq. "Əgər dəsmal əlinizdə yoxdursa, əlinizə deyil, dirsəyinizi büküb içərisinə asqırın. Nəticədə əliniz təmiz qalacaq və əl ilə nəyəsə toxunanda infeksiyanı yaymayacaqsız".

Qrip və soyuqdəyməyə yoluxan şəxs, qripə tutulduğu gündən 3-4 günə qədər daha təhlükəlidir. Belə ki, bu günlər ərzində o, ətrafdakıları da yoluxdura bilər. Güclü öskürək, pnevmoniya, bronxit zamanı isə insan 7 günə qədər ətrafdakılara infeksiya keçirə bilər. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xəstənin istifadə etdiyi dəsmalı, qabı ayrı olmalıdır.

S.Hüseynovanın dediyinə görə, çox vaxt insan qəfil qrip olur və bununla heç cür mübarizə apara bilmir: "Hər nə etsə də, xəstəliyin gedişatına təsir edə bilmir. Əgər qripə yoluxduğunuz gün qızdırmanız qalxıbsa, zoğal və ya moruq mürəbbəsi ilə çay içib yatağa uzanın. Yuxuya gedə bilsəniz, lap yaxşı olar. Xəstəlik zamanı C vitamininin qəbulu da önəmlidir. Ona görə də limomlu çay, itburnu dəmləməsi içmək, kivi, portağal və naringi yemək lazımdır. Soğan və sarımsaq yemək də immun sistemini gücləndirir. Boğaz ağrıları zamanı çoxlu dərman içməyə tələsməyin. Əvəzinə soda, çobanyastığı ilə qarqara etmək məsləhətdir. Zökəmə qarşı isə duz əlavə olunmuş ilıq suyu burunun dəliklərinə çəkib sonra isə dəliklərdən xaric etmək lazımdır. Qrip olduğunuz zaman çox maye qəbul etmək səhhətinizə müsbət təsir edəcək. Hər gün insan 8 stəkan (2 litr) maye içməlidir. Maye içərkən fikir verin ki, soyuq olmasın. Təbii şirələrə, mürəbbəli çaylara, adi suya üstünlük verin".

Onun dediyinə görə, qripə yoluxmamaq üçün düzgün həyat tərzi sürmək və düzgün qidalanmaq da tələb olunur: "Siqaret çəkmək, kofe və həddindən çox spirtli içki içmək isə immun sistemini zəiflədir. İmmun sistemini yorğunluq, ruh düşkünlüyü və depressiya da zəiflədir. Odur ki, vaxtlı vaxtında istirahət etmək, şənlənmək, neqativ fikirlərdən və stressdən uzaqlaşmaq da vacibdir".
 

Ekspress.az