Baytarlıq xidməti növbəti xəbərdarlığını etdi

Day.Az представляет новость на азербайджанском языке.

Ölkədə aparılan baytarlıq tədbirlərinə baxmayaraq, son vaxtlar vətəndaşlar və heyvan sahibləri tərəfindən mal-qara arasında dərman maddələrindən zəhərlənmələr, hətta ölüm hallarının da baş verməsi faktları qeydə alınıb. Bu barədə Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə çoxsaylı şikayət və müraciətlər daxil olub. Məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən, Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova ölkədə baytarlıq təbabəti fəaliyyətini gücləndirmək məqsədi ilə əmr imzalayıb.

Sənədə əsasən, rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə xidmət etdikləri inzibati ərazilərdə dövlət orqanlarında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxta, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və dərman maddələrinin satışının qarşısını almaq məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirmələri vurğulanır.

Eyni zamanda əmrdə bu sahədə qanunvericiliyin pozulmasında təqsirli bilinən hüquqi və fiziki şəxslərin qanuna uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini təmin etmələri, ərazidə qanunsuz fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətinin dayandırılması istiqamətində tədbir görmələri tapşırılıb.

Məlumata görə, Dövlət Baytarlıq Xidməti Aparatının müfəttişlik sektoruna mülkiyyət formasından asılı olmayaraq, ölkə ərazisində dərman maddələrinin alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin obyektlərində vaxtaşırı dövlət baytarlıq nəzarətini həyata keçirmələri, obyektlərdə aşkar olunan dövlət qeydiyyatından keçməyən, yararlıq müddəti bitmiş, tərkibi şübhəli, mənşəyi məlum olmayan baytarlıq preparatlarını götürülərək məhv olunmasını təmin etmələri, o cümlədən belə hallar baş verən ərazi baytarlıq idarələrinin rəisləri haqqında tədbir görülməsi üçün Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə təklif verilməsi həvalə olunub.
 

/Kaspi.az/